Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

Adamsız və kasıb Qarabağ əlilləri

«Kimin adamı, imkanı var, onu növbədənkənar qabağa salırlar»

«Bir şəxsin bir neçə ev alması halı da olub, şəhid ailəsi və müharibə iştirakçısı olmadan ev alanlar da olub»


“Evim olmadığına görə ailəm dağıldı, indi Tərtərin mərkəzində 3 kvadratmetrlik otaqda yaşayıram, buna yaşamaq demək olarsa”,- dərindən ah çəkib bizi qaldığı otağa dəvət edir. Balaca, pəncərəsindən içəri gün düşməyən, təmirsiz və rütübətli darısqal otaqda yaşayır. Bura otaq demək də mümkün deyil. Ev əşyası yalnız bir çarpayıdan ibarətdir. Mətbəxi, hamamı, hətta tualeti belə olmayan bu otaqda sağlamlığını vətənin müdafiəsi üçün itirən Qarabağ müharibəsi əlili Ismayıl Ismayılov yaşayır...

Ismayıl Ismayılov 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanıb. 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Onun sözlərinə görə, vətənin ən ağır günlərində ön cəbhədə olub: “Milli Ordu hələ formalaşmamışdı. Mən Tərtər polisinin tərkibində ən ağır döyüşlərdə iştirak eləmişəm. 1992-ci ildə yaralandım, sağlamlığımı itirdim”.

Ismayıl bildirir ki, 2 övlad atasıdır: “Indi oğlum Naxçıvanda hərbi xidmətdədir. Evim yoxdur, kirayə ev tutmağasa imkan nə gəzir. Aldığım pensiya dərmanlarıma çatmır. Evsizlik üzündən yoldaşım uşağı da götürüb atası evinə gedib”.

I.Ismayılov deyir ki, 2006-cı ildən ev növbəsindədir: “Evlər tikiləndə ilk növbəyə duranlardan biriyəm. Lakin mənzillər paylananda məlum oldu ki, növbəmi arxaya salıblar. Icra Hakimiyyətinə etdiyim müraciətlər cavabsız qaldı. Evlərin paylanması üzrə komissiya isə hər dəfə bizi aldadır”.

I.Ismayılovun döyüş yoldaşı Inqilab Sultanov 7 nəfərlik ailə üzvü ilə birlikdə Bakıda Masazır qəsəbəsində kirayədə yaşadığını bildirir: “Heç kirayə pulunu ödəyə bilmirik. Ailəmizdə yalnız oğlum işləyir. Bu qədər adam bir tək onun qazancına baxır”.

I.Sultanov deyir ki, təqaüd kartlarını lombarda qoyub, nağd pul götürüb: “O pulu müalicəmə xərcləmişəm. Indi təqaüdümə borcumu silirlər. Üstəlik, qızımı köçürəndə də bankdan kredit götürmüşdüm. Ödəyə bilmədim. Indi məhkəməyə veriblər”.

I.Sultanov da uzun illərdir ev həsrətilə yaşayır, amma növbəsi çatmır ki, çatmır: “Ev paylananda növbəni və ədalətli bölgünü gözləmirlər. Kimin adamı varsa, onu qabağa salırlar. Necə ola bilər ki, məndən sonra növbəyə yazılanlara, evi olanlara ev verilir, mənə verilmir. 51 yaşımda küçələrdə qalmışam. Evə ərzaq almağa belə pul tapmıram. Mənim yaşayışımı görən hansı gənc indən belə vətənini qorumağa gedər?!”

Hafiz Ismayılov həm fərdi qaydada, həm də müharibə əlili kimi mənzil almaq üçün növbədə durduğunu söyləyir. Onun sözlərinə görə, 1994-cü ildə Səhlabad kəndinin kolxozunun qərarı ilə ona fərdi yaşayış sahəsi ayrılıb: “Kolxozun idarə heyətinin qərarı ilə mənə torpaq verilib. Qərar təsdiqlənib. Torpağın mənə verilməsi barədə sənədim var. Amma indi Icra Hakimiyyəti iddia edir ki, sənəd qanunsuzdur. 3 uşağım var. Ağır xəstəyəm. Hazırda Rusiyada olan qardaşımın evində yaşayıram. Onlar da artıq geri qayıdırlar. Harda yaşamalıyam? Səkkiz ildi müharibə əlili kimi də ev növbəsindəyəm. Amma ev paylananda növbəyə yox, başqa şeylərə fikir verirlər. Kimin adamı, imkanı var, ona verirlər evi. Bizim kimi adamsız və kasıb əlilər kənarda qalır”.

Qarabağ müharibəsi əlili Nurəddin Kərimov da səkkiz ildir ki, ev növbəsindədir: “1992-ci ildə 2 dəfə yaralanmışam. 2-ci dəfə yaralandıqdan sonra sağlamlığımı itirdim. Müharibədən sonra evləndim. Ailəmiz böyük olduğu üçün ata evindən çıxıb, əkin sahəsində balaca bir daxma tikdim. Uzun müddət orada ailəmlə birlikdə qaldım. Uşaqlar böyüyüb məktəbə gedəndə atamgil mənim ailəmi öz evlərinə köçürdülər. Indi də ata evində qalıram. Yaşlı valideynlərim isə əkin sahəsindəki daxmada yaşayır”.

N.Kərimovun sözlərinə görə, onun ev növbəsini uzatmaq üçün sənədlərini qəsdən it-bata salıblar: “2006-cı ilin dekabrında ev növbəsinə yazıldım. 2007-ci ilin yanvarında lazımi sənədlərin hamısını komissiyaya təqdim etdim. Lakin evlər paylananda məlum oldu ki, sənədlərim yoxdur. Ev paylama komissiyasının sədri Tofiq Kərimov sənədlərimin olmadığını bildirdi. Təkidlərimdən sonra sənədlərin bir qismini tapdılar”.

N.Kərimov sənədlərinin itirildiyi üçün məhkəməyə müraciət edib: “Amma məhkəmələr Icra Hakimiyyətinin xeyrinə qərar çıxardılar. Mənsə evsiz qaldım”.

Evsiz qalan Qarabağ müharibəsi əlillərindən bir neçəsinin sözlərinə görə, Tərtərdə əlillər və şəhid ailələri üçün tikilən 16 mənzili binada 2 Qarabağ əlili və 1 şəhid ailəsi yaşayır, qalan 13 mənzili kirayəyə veriblər. “Deməli, həmin 13 nəfərin evə ehtiyacı olmayıb. Halbuki evlər ilk növbədə ehtiyacı olanlara verilməlidir”,- Hafiz Ismayılov deyir.

Tərtər rayonunun baş memarı, ev növbəsi komissiyasının sədri Tofiq Kərimov isə Qarabağ müharibəsi əlillərinin iddialarını qəbul etmir: “Evlər növbəlik prinsipi ilə verilir. Növbəni icra hakimiyyəti tutur. Heç kimin də növbəsi pozulmur”. T.Kərimov qeyd edir ki, Nurəddin Kərimovun iddiası doğru deyil: “O məhkəmələrə müraciət etmişdi. Lakin iddiası təmin edilmədi”. T. Kərimov bildirdi ki, Ismayıl Ismayılovun yaşayış şəraiti ilə tanışdır: “Bu yaxınlarda Tərtərdə 54 mənzilli ev paylanacaq. Ismayıl Ismayılova oradan ev verilməlidir. Digər əlillərə də növbəsi çatanda ev veriləcək. Fərdi yaşayış evləri üçün bu il vəsait ayrılmayıb. Ümid edirəm 2015-ci ildə vəsait ayrılacaq və növbədə olan əlillərin problemi həll ediləcək”.

Qarabağ Qaziləri Birliyinin sədr müavini Rey Kərimoğlu bildirir ki, ev bölgüsündə neqativ hallar mövcuddur: “Növbələri icra hakimiyyətləri tərtib edir, Əhalinin Sosial Müdafiəsi Nazirliyisə ev verir. Təəssüf ki, rayon icra hakimiyyətlərində ev növbələri tutularkən qanunsuzluqlara yol verilir. Bir şəxsin bir neçə ev alması halı olub. Növbədən silinənlər olub. Bir çox hallarda şəhid ailəsi və müharibə iştirakçısı olmadan ev alanlar olub. Ev verilməzdən əvvəl geniş araşdırma aparılmalıdır. Ilk növbədə imkansız, evə ehtiyacı olanlara ev verilməlidir. Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan sonra bir sıra məsələlərdə müsbət addımlar atılıb. Lakin ev növbəsi problemi qalmaqdadır. Problem də daha çox icra hakimiyyətlərinin günahı üzündən baş verir”.
818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:41