Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Oktyabr 2014

12 oktyabrda bizi nə gözləyir?

Bu sual beynimdə o zaman canlandı ki, kriminal rejim Ilqar bəyi gizlədirdi, dünya aləm bir-birinə dəymişdi, amma REAL sədrinin harada olduğu deyilmirdi. Belə qeyri-müəyyən bir vaxtda Trotskinin gündəliklərini oxuyurdum. Memuarın bir yerində dayandım və bu məqaləni yazmağa qərar verdim.

REAL-ın sədri Ilqar bəy haqda qoyduğum sualın cavabı bəllidi: hakimiyyət onu xoşlamadığından, günahsız yerə və daha çox başqalarını qorxutmaq üçün həbs edib. Ilqar bəylə bağlı Avropa Məhkəməsinin bir müsbət qərarı da var. Göstərilir ki onun barəsində çıxarılan həbs qətimkan tədbiri qərəzlidir. Buna görə hökumət cəzalanıb da.

Yada salım, Ilqar bəy siyasi çevrəmizdə Qərbin mütərəqqi kəsimiylə ən sıx təması olanlardandı. Üstəgəl, adam neçə ildi Avropa Şurasının Yay Məktəbinə ölkəmizdə direktorluq edirdi.

Ilqar Məmmədovu tanıyanlar onun günahsızlığına əmindilər və buna görə də ona azadlıq tələb edirlər. Fəqət, azadlıq hələ yoxdu. Burda dayanıb Trotskinin kitabına keçək.

1936. Stalinin zirvədə olduğu zamanlar. Qılıncının qabağı da kəsir, dalı da.

Və bu adı unutmayın - Viktor Serj Kibalçiç. Gəncliyində anarxist olan Serj 20-ci ilin ortalarında həbs edilir, 28-də azad olunur.

1933-də yenə həbs edilir. Sol ziyalıların Fransada keçirdiyi etiraz kampaniyası nəticəsində o, 1936-da azad edilir və elə həmin il də ölkədən çıxmağına icazə verilir.

Mənzərə alınırmı gözünüz önündə? Belə çıxır, indi biz Stalindən də qəddar tirana ürcah olmuşuq, ya da o vaxt dünya ziyalıları indikindən ötkəm və sözü eşidilən olub!

Bəli, Azərbaycan hakimiyyəti haqq sözü eşitməyi, haqlı tələbə qarşı inadkarlıq eləməyi özünə adət seçib. Fəqət bu, bəşəriyyətin illərdir uğurla sınaqdan keçirdiyi kütləvi aksiyaları gözardı etməyə əsas ola bilməz. Odur ki, Milli Şuranın mitinqlərə start verməyi doğru addımdı. Sosial şəbəkədəki müzakirələr də göstərir ki, insanlar siyasi məhbusların azadlığı tələbi ilə aksiya keçirməyi təqdir edirlər.

Artıq bilirsiz, mitinq 12 oktyabr saat 3-də keçiriləcək. Mitinq razılaşdırılıb, yəni icazəlidir. Mitinqin məqsədi də bəllidir: zindanda saxlanan günahsız insanlar azad edilsin! Düşünürəm ki, ciddi sağlamlıq, fiziki problemi olmayan hər kəs bu aksiyaya qatılmalıdır.

Niyəsini, çalışacam ətraflı izah edim.

Birincisi, o insanlar ki biz azadlığını tələb edirik, onlar toyuq oğrusu-filan deyil. Azərbaycanda yalan və talana etiraz etdikləri üçün, ölkəmizin dinc və firavan olmasına çalışdıqlarından şərlənib həbsə salınıblar.

Belə insanların azadlığa çıxmasını nədən istəməyək ki. Bu bir nömrəli vəzifədi.

Ikincisi, düşünərsiniz ki, əşşi, mənim bir mitinqə çıxmağımla nə olandı?

Bu ağılınızdan keçdisə, qaranquşun dimdiyindəki su ilə alovu söndürməsini yada salın. Qaranquş nə demişdi: Mənim gətirdiyim su ilə alov sönməyəcək, amma mənim gücüm çatan budur, bunla da canım yandığını göstərirəm.

Üçüncüsü, həbsdə olan adam bir başqa adamdı. Onun mənəvi dəstəyə sonsuz ehtiyacı var. Adi bir misal deyim. 2003-cü ildə həbxsanadaydım. Bir gün baxdım ki, “Azadlıq” qəzetinə müsahibəsində AXCP sədri Əli Kərimli cəmi iki cümlə mənim günasız həbs olunduğumu deyib və azadlığımı tələb edib. Inanmayacaqsız, mənə elə gəldi ki, böyük, dünya böyda bir istinadgah tapmışam.

Indi bizim qardaşlarımız həbsxanada ağır ittihamlar və şərtlər altında günlərini keçirirlər. Uğurlu bir mitinqlə onlara dəstək verməyimiz çox böyük hadisə, ruhi akkumliyasiya olar.

Ən nəhayət. Siz bir monitorinq edin, heç zaman hakimiyyəti təmsil edən şəxslər, hökumət mirzələri mitinqlər keçirilən vaxtdakı qədər narahat olmur, adətən danışmayanlar, yazmayanlar bu zaman aktivləşir, öz içlərini çölə tökürlər. Çünki, onlar da bilir, divin canı şüşədədi - mitinqdə. Hə, deyəcəksinizsə ki, bəs bu vaxta qədər mitinqlər çox olub axı.

Çox olub, bəs onların hesabınadır ki, indi bizdə hər rayonda, hər kənddə, qəsəbədə heç nədən qorxmayıb haqq sözü deyən insanlarımız var. Bu kiçik təsəlli deyil, böyük hadisədir. Sadəcə zamanında qiyməti çətin verilə bilən bir olay.

Yuxarıdakı xırda nümunə ilə göstərdik, hazırda bizim ölkədə sovet dikaturasından idbar bir durum hakimdir. Amma buna rəğmən susmayan insanlar var, etiraz edən insanlar var, zalımın sifətinə səni yenəcəm deyən qəhrəmanlar var.

Onların cəm olduğu gün 12 oktyabrdı!

Natiq Güləhmədoğlu /azadlıq
1094 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:11