Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2014

Qarabağ Azadlıq Təşkilatından müraciət: O deputat Milli Məclisə ləkədir

Qarabağ Azadlıq Təşkilatı (QAT) deputat Etibar Hüseynovun son hərəkəti ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib. Bu barədə QAT-ın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə müraciətdə Zillət Məclisin deputatı Etibar Hüseynovun növbəti xoşagəlməz hərəkəti ilə bağlı məsələyə toxunulub:

“Psixi durumu ciddi şübhə doğuran bu deputat yenə də Azərbaycan xalqına qarşı həqarətlə çıxış edib, özünün “qoyun sürüsü” səviyyəsini yenidən nümayiş etdirib. Onun sözləri yalnız bir qrup mitinq iştirakçısına deyil, bütün Azərbaycana təhqirdir. Etibar Hüseynov hələ də anlamaq istəmir ki, bir qrup insan sərbəst şəkildə mitinq keçirir, öz mövqeyini nümayiş etdirirsə, bu, demokratiyanın, azad cəmiyyətin, ölkənin müsbət imicinin göstəricisidir. Bu xəstə adama fikir verməmək də olardı. Aydındır ki, o, bu hərəkəti ilə gündəmə gəlməyə çalışır, bir də istəyir ki, hakimiyyətə xidmət göstərsin. Amma azacıq da ağlı olan adam bilir ki, bu, “ayı xidməti”ndən başqa bir şey deyil. Bu adamın hərəkəti, sözlərinin elə bir əhəmiyyəti olmasa da, hər halda ürək bulandırır, həm də Milli Məclisin adına ləkə gətirir, cəmiyyətdə narazılıq yaradır. Hesab edirik ki, bu adamın Milli Məclisdə qalması məqsədəuyğun deyil.

Xahiş edirik, Etibar Hüseynovun son hərəkətləri ilə bağlı Milli Məclisin rəhbərliyi, İntizam komitəsi tərəfindən ciddi ölçü götürülməsi, onun deputatlıqdan məhrum edilməsi mexanizminin işə salınması ilə bağlı təşəbbüs edəsiniz. Ümid edirik ki, müraciətimizə diqqətlə yanaşacaqsınız və bu başabəla deputata qarşı başqa metodlardan istifadə etməyə ehtiyac qalmayacaq”,-deyə müraciətdə bildirilir.

Qeyd edək ki, deputat Etibar Hüseynov müxalifətin 12 oktaybrda “Məhsul” stadionunda keçirilən mitinqinə gedən insanları qoyunla müqayisə etmişdi./modern/
908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber