Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2014

Berti Foqtsun pulu və oyunu

Düz 6 il Azərbaycan futbol komandasının baş məşqçisi olan Berti Foqtsun ötən gün istefa verdiyi xəbəri gəldi.
Özü də o, bu qərarı elə-belə qəbul etməyib. AFFA prezidenti Rövnəq Abdullayevlə Sürixdə görüşdükdən sonra verib.

Əslində isə Foqts 0:6 hesablı utandırıcı Xorvatiya oyunundan sonra Bakıya komandası ilə birlikdə dönməməklə bu addımı atacağına işarət etmişdi. Görünür, papağını qarşısına qoyub, aldığı vəsaiti və göstərdiyi oyunu tərəziyə qoyub.
Ötən gün Berti Foqts yığmadan gedib. 2008-ci ildən millimizi çalışdıran baş məşqçi, almaniyalı mütəxəssis Xorvatiya ilə qarşılaşmada komandamızın 0:6 hesabı ilə məğlub olmasını və bu səbəbdən ona qarşı ittihamları həzm edə bilmədi. Hər halda İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayevlə görüşundə o, artıq Azərbaycan yığması ilə çalışmaq istəmədiyini və istefa verdiyini bildirib.

AFFA prezidenti Rövnəq Abdullayev Berti Foqtsa işini davam etdirməyi təklif etsə də 67 yaşlı çalışdırıcı fikrində qəti olduğunu deyib. Foqts bildirib ki, millidə əsas problem futbolçuların fiziki hazırlıq durumudur və onlar bu problemi aradan qaldırmaq üçün heç bir cəhd göstərmirlər.

Sən demə, futbolçularımızla baş məşqçinin biri-biri ilə dil tapa bilməməsinin əsas səbəbi də müxtəlif dildə danışmaları olmayıb. Oyunçularımızın oynamamaq mərəzini o, ayrı-ayrı vaxtlarda üstüörtülü şəkildə gündəmə gətirmişdi.
Millinin keçmiş baş məşqçisi Berti Foqts deyir ki, məşq prosesində çox hirslənirmiş: “O zaman Azərbaycan dilində bildiyim ən sərt sözlərdən istifadə edirəm. Futbolçu ilə məşqçi arasında belə şeylər olur. Ona görə imkan olduqca Azərbaycan dilini öyrənməyə çalışıram”.
Bəli, etiraf edək ki, o, bizimlə bacarmadı. Əksinə, biz onu daha çox özümüzə oxşatmağı bacardıq.
“İstəməzdim ki, azərbaycanlı alman kimi olsun. Çünki Azərbaycanda hər şey yavaş-yavaş, səbrlə, həvəslə həyata keçirilir” – deyə millinin keçmiş baş məşqçisi Berti Foqts bildirib.
Hə, bu da azərbaycanlı səbrinin sonu...

Foqtsu yola saldıq. Daha doğrusu, o, bizi bizimlə baş-başa buraxıb getdi. El arasında buna "malım halal, canım azad" deyirlər.

Düzdür, burada qazandığı milyonları nə qədər halallıqla yeyəcəyini Foqts bilər, Allahı bilər. Amma bizim də bildiyimiz bəzi şeylər var. Hansı ki, bahalı maşınlarda sağa-sola şütüyən, top qovmaqdansa başqa şeylər qovan futbolçu qardaşlarımızla bağlıdır. Onlar da gərək etiraf etsinlər ki, 0:6 məğlubiyyəti tək Foqtsun altını çəkəcəyi cəza deyil.../virtualaz/
931 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber