Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2014

Əfv yazmamağın cəzası

Yaxud Əliyevin siyasi məhbus etirafı

Yaşadığımız ölkədə absurd hallar, demək olar, həyat şərtinə çevrilib. Artıq insanlar hakimiyyətin xarakterini o qədər dəqiq bilirlər ki, baş verənlərdən təəccüblənmirlər. Çünki, hakimiyyətin mahiyyəti yalanlardan və məntiqsizliklərdən ibarətdir. Daha dəqiq ifadə etsək, bu ölkədə həbs edilən və əfv olunan siyasi fəalların tarixçəsi hamıya tanışdır. Artıq heç kim inkar etmir ki, bu ölkədə hüquq dəfn olunub, qanunun boğazına kəndir keçirilib. YAP hakimiyyəti sevmədiyi adamları şərləyib həbs edir və bu adamları həbsdən azad etmək üçün “sevgi məktub”u tələb edir.

Bir sözlə, Əliyev hakimiyyətinin “bağışlamaq” siyasəti, ölkənin inkişafı kimi analoqsuzdur. Nə hikmətdirsə, dələduz, narkoman, xuliqan, vətən xaini və digər “cinayətkar”lar ulu öndərə rəğbətlərini ifadə edən kimi pak vətəndaşa çevrilir. Bəli, bu hakimiyyət narkoman, xuliqan adlandırdığı adamların əfvinə möhtacdı. Halbuki bütün dünya həbsdə olan 100-dən artıq siyasi məhbusun günahsız olduğunu bilir. Indi Azərbaycan, günahsızların günahkarlardan əfv dilədiyi ölkəyə çevilib.

Bu yazını yazmaqda məqsədimiz, Əliyevin sonuncu əfvinə diqqət yönəltməkdir. Bu əfv fərmanı nəticəsində 3 gənc siyasi məhbus da azadlığa çıxdı. Və bu adamlar siyasi fəaliyyətlə məşğul olmayacaqlarını bildirdilər, Heydər Əliyevin məzarını ziyarət etdilər və prezidentdən əfv dilədilər. Bu gənclərin günahsız olduğu, hakimiyyətə müxalif olduqları üçün həbs olunduqları heç kimə sirr deyil. Amma gəlin elə düşünək ki, bu gənclərin həqiqətən də cinayətləri olub. Əgər dövlət çevriliş etmək istəyənləri, “molotov kokteyli” ilə partlayış törədənləri azadlığa buraxmaq olursa, digər gəncləri niyə azad etmilər? Axı bu gənclər hamısı aşağı-yuxarı eyni əməldə təqsirli bilinirlər. Necə olur ki, cinayətkar qrupun bir üzvü azadlığa çıxır, digər üzvü cəzasını çəkir? Görünür, Azərbaycanda cinayət məcəlləsinin də “ayağı sürüşkəndi” və hakimiyyət istədiyi vaxt bu məcəlləni yoldan çıxarda bilir.

Reallıq isə ondan ibarətdir ki, bugün həbsdə qalanlar, əfv yazmamağın cəzasını çəkirlər. YAP hakimiyyəti etiraf edir ki, istənilən siyasi məhbusu əfv qarşılığında azad edə bilər. Sadəcə olaraq qələmə sarılmaq və “ulu öndərin” məzarını ziyarət etmək lazımdır. Hakimiyyət növbəti dəfə etiraf etdi ki, uzun sürən məhkəmə prosesləri də, irəli sürülən ittihamlar da cılız fantaziyanın məhsuludur və rəqiblərə qarşı istifadə olunan “mübarizə” metodudur. Eyni zamanda mesaj verirlər ki, bugün həbsdə qalanlar əfv yazmamağın cəzasını çəkirlər. Bu zəhrimara qalmış əfv fərmanı, “narkoman”ı, “dələduz”u dərhal siyasətçiyə çevirə bilir.

Bu hakimiyyət rüsvay olmağa o qədər öyrəşib ki, siyasi məhbus kimi qəbul etmədiyi adamlara siyasi əfv ərizəsi yazdıra bilir. Birdə ki, insan siyasi fəaliyyətlə məşğul olmağa niyə tövbə etməlidir? “Söz verirəm ki, bir də siyasi fəaliyyətlə məşğul olmayacam” ifadəsini tirajlamaq bu hakimiyyəti utandırmır. Siyasi fəaliyyət pisdirsə, siz azadlıqda niyə gəzirsiniz?

Həmişəki kimi son əfv fərmanı da Əliyev hakimiyyətinin ifşa olunmaqda israrlı olduğunu göstərdi. Bu dəfə Leyla Yunus, Intiqam Əliyev, Milli Şura yox, Ilham Əliyev dünyaya dedi ki, bu adamlar həqiqətən də siyasi məhbusdur.

Əks halda, əfv etdiklərini Heydər Əliyevin məzarına deyil, Şəhidlər xiyabanına aparardılar.

Görəsən, cənab Əliyevə əfv ərizəsi yazsaq, bizi öz hakimiyyətindən azad edər? Edərsə, qələmimiz əlimizdədir./azadlıq/
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35