Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2014

Vəzifə, mandat, mükafat... üçün ƏYILƏNLƏR utansın!

Adətən, balaca uşaqlar tez-tez fikirlərini, arzularını, sevdiklərini dəyişməyi çox sevirlər. Bir də görürsən, “mən anamı daha çox istəyirəm” deyən balaca, beş dəqiqə sonra fikrini dəyişib, “mən atamı daha çox sevirəm” deyir.

Balacalar onlara alınan oyuncaqlara, şirniyyatlara, pal-paltara, ətrafdakıların isti, soyuq münasibətlərinə görə doğmalarına, əzizlərinə dəyər verirlər. Balacaların bu hərəkəti çox gülməli görünsə də, bığ-saqqalı, birçəyi ağarmış böyüklərin “şirniyyat, oyuncaq, pal-paltar” xətrinə qucaqdan-qucağa qaçması çox iyrəncdir.

Neçə gündür, internetdə “əyilən NIDAçılar” fotoları izlənilmə rekordu qırır. Cənablar, heykəl, məzar önündə bir anlıq əyilməni ancaq şəkillərdə ləyaqətsiz fotoqraflar sayəsində əbədiləşdirmək mümükündür. AZADLIQ yolunda əyilmək də olar, yeri gəlsə, lap sürünmək də olar! Bu, bir damcı da ayıb deyil. Qoy, yüksək vəzifə, mandat, mükafat... üçün ƏYILƏNLƏR utansın! Təəssüf ki, elə texniki imkan olmadığı üçün ən istedadlı fotoqraf da vəzifə, var-dövlət üçün min yerdən əyilənlərin, dizin-dizin sürünənlərin şəklini çəkib xalqa göstərə bilmir, yoxsa kimin kim olduğunu, nə uğrunda əyildiyini faktlarla bilərdik, dəlil-sübutla görərdik.

Misal üçün, yetmiş yeddi yaşlı Əkrəm Əylislinin əyilməsi ancaq yaşla bağlı ola bilər. O isə son zamanlar fikir və təklifləri ilə o qədər əyilib ki, az qalır burnu yerə dəysin: Əkrəm Əylisli keçən il yazqabağı “Daş yuxular”ı ilə başımızı qatdı, heç bilmədik, ağaclar necə tumurcuqladı, nə vaxt çiçək açdı, qaranquşlar nə zaman gəldi. Bu il də bağ-bostandan məhsul yığımı ərəfəsində Nobel mükafatı “kimə verilməlidir” təklifi ilə əl-qolumuzu iş-gücdən soyudub. Necə deyərlər, sanki, düzəlib hər yarağımız, qalmışdı Nobel darağımız: Əkrəm Əylisli deyir ki, əslində, Nobeli Heydər Əliyevə verməli idilər, münsiflər heç olmasa qələtlərini bundan sonra düzəldib, məşhur mükafatı Ilham Əliyevə versinlər, yoxsa onlar haqqında “Daş münsiflər” adlı roman yazaram.

Mehriban Əliyevanın saç-saqqalı ağarmış pərəstişkarları Əkrəm Əylisinin təklifindən qəzəblənib deyirlər ki, xeyr, mükafat Heydər Əliyevin oğluna yox, gəlininə verilməlidir, AILƏnin sülh və barışıq içində yaşamasına görə gəlinə minnətdar olmalıyıq. Bəs nəvə Leyla Əliyevaya yaltaqlanmaq üçün yetişdirilən kadrlar harda ölüblər? Haram olsun onlara nəvə Əliyevanın yazdığı şeirlər, düzəltdiyi heykəllər, nəşr etdiyi jurnallar. Onları görüm ki, Leyla Əliyevanın yeni açdığı kafedə kofe içəndə dil-dodaqları yansın. Eh, əgər bu ölkədə “Nobel Leyla Əliyevaya verilsin” deməyə bir gənc yaltaq tapılmırsa, demək, yaltaqların varisləri yoxdur. Varis yetişdirmədikləri üçün ayıb olsun ağsaqqal, ağbirçək yaltaqlara!

Əksər xanımların sevimli ətri olan “Şanel”in yaradıcısı Koko Şanel fransız qadınları üçün gözəl ətirlər, rahat geyim kolleksiyaları ilə yanaşı, qızıl kimi sözlər də yadigar qoyub. Məsələn, onun “ətir vurmayan qadının gələcəyi yoxdur” sözü çox müdrikdir. Bəxtəvər fransızlar, təkcə yazıçıları, şairləri yox, hətta modelyerləri millətinə doğru-düzgün yol göstərməyi bacarırlar. Bizim xalq yazıçıları, şairləri, xalq artistləri, millət vəkilləri isə xalqa televiziyadan müraciət edib deyirlər: “Yaltaq olmayan vətəndaşın gələcəyi yoxdur”. Allahım, Azərbaycanda “Yaltaq” ətrini yaradanın, ondan istifadə edənlərin bəlasını özün ver, iyrənc qoxudan ömrümüz çürüdü getdi...

Məlahət Ağacan/azadlıq
1410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:39