Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2014

Baş əymək qaydaları

Dövlət başçısının keçən həftə imzaladığı əfv fərmanı ilə cəmi 4 siyasi məhbus da azadlığa çıxdı, Azərbaycanın ən böyük problemlərindən biri yenə həll edilməmiş qaldı. Hakimiyyətin bu məsələdə bu qədər dirənməsinin mənası anlaşılmazdır, çünki hətta örnək götürdükləri avtoritar Putin Rusiyasında da bu qədər siyasi məhbus yoxdur. Guya həmin 100 nəfərə yaxın şəxs azadlığa çıxsa alukobonid və fəvvarə sabitliyinə xələl gələcəkdir? Xalq dərhal ayağa qalxacaqdır və ofşor hesabların açılmasını istəyəcəkdir? Yox. Sadəcə, cəmiyyəti kəskin sıxmaq rejimin kəskin qorxularının əlamətidir. Amma bu da çıxış yolu deyil, sıxdıqca cəmiyyətin yivləri aşınacaq, bir gün qaykalar boltun üzərində durmayacaqdır. Proqnoza ehtiyac yoxdur, təbiətin və cəmiyyətin qanunu belədir.

Eyni zamanda, avtoritar dirəniş özündən absurd mənzərələr doğurur. İki gənc əfv ediləndən sonra təcridxanadan birbaşa Fəxri Xiyabana, Heydər Əliyevin heykəlinin önünə aparılmışdılar. Bu hadisənin videosunda maraqlı bir detal var idi: kimsə qıraqdan göstəriş verib deyirdi ki, gülü qoyun, indi də geri çəkilib baş əyin. Hadisə yerindəki jurnalist dostlardan öyrəndim, bu səsin yiyəsi Şüvəlan təcridxanasının rəisi Elnur İsmayılov adlı tip imiş.

Ədliyyə Nazirliyi, onun Penitensiar Xidməti buna nə cür izahat verə bilər? Bu nə biabırçılıqdır? Bəyəm təcridxana rəisi əfvə düşüb azadlığa çıxan dustaqların arxasıyca dolaşmalıdır? Bəlkə hazırda evlərində onları çarpayıya qandallayıb işgəncə verir? Bu nə gestapo rejimidir?

Əlbəttə, mən rejimin hansı rejim olduğunu bilirəm, Fikrət Məmmədov və Mədət Quliyevdən izahat gözləyəcək qədər avam da deyiləm. Boş bir sual idi, yazdım getdi tarixin arxivinə, yəqin bu romantikaya görə oxucular məni bağışlayarlar. Hər halda, avtoritar olanda nə olar, istərdik rejim özünə bir az hörmət qoysun, təcridxana rəisini hər əl-ayaq işinə buyurub bihörmət etməsinlər. Ən düzgünü bu olardı ki, xiyabanda baş əyməyin qaydaları haqda maarifçilik tədbirləri aparılsın, orta məktəblərdə dərslər keçilsin, Bilik Fondunun (BF) mütəxəssis və alimləri bu müqəddəs işə qoşulsun. Məktəbləri qardaş-bacı eləməkdənsə BF belə vacib işlər görməlidir. Yoxsa uca millət, sevgili xalq 90 ildir əsarətdə yaşayır, hələ baş əyməyin qaydalarını, dombalaq aşmağın üsullarını bilmir.

Söz proyektlərdən düşmüşkən, bir vacib məsələyə də münasibətimi bildirmək istərdim.

Düz bir ay qabaq - sentyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda neft müqaviləsinin 20 illiyinə həsr edilən “Ədəbiyyatda və sənətdə neft” mövzusunda elmi-praktiki konfrans qayırılmışdı. Konfransda institutun direktoru İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatının neft dünyası”, Elnarə Akimova “Poeziyamızda neft”, Bədirxan Əhmədov “Neft borusuna minən yazıçılarımız”, Qədimxan Yolçuyev “Barrel və qəzəl” kimi mövzularda maraqlı çıxışlar etmişlər. Tədbirdə AYB üzvü olan 1657 baş yazıçı və şairin üzərinə də vəzifə qoyuldu ki, onlar neft mövzusunda əsərlər yazsınlar.

İndi gəlin görək belə əsərlər varmı? Yoxdur. Son bir ayda nə Anar Rzayevin “82 dollarlıq neftin 90 dollarlıq büdcəsi” romanını, nə Fikrət Qocanın “Yaşa, Şahdənizim, yaşa” poemasını oxuduq. Demək bu yazıçılar işləmirlər, xalqa və iqtidara xidmət etmək istəmirlər.

Ümumiyyətlə, neft mövzusunda mən cəmi bir şeir örnəyimizi tanıyıram, onu da Fikrət Sadıq yazıbdır. Buyurun, birgə oxuyaq:

“Harda türk var,
Orda neft var,
Harda neft var,
orda bəla var.
Nefti olan ölkələrin
Hamısında Kərbəla var".

Siyasi baxımdan bir az yanlışlar var, amma yaxşı şeirdir.

Zamin Hacı/müsavat
1325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20
Əha