Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2014

Bu, Lənkəranda kənd məktəbinin sinif otağıdır... - (Fotolar)

"Dinamik" inkişaf edən vətənimizin tövlə məktəbi

Lənkəran rayonunun Zövlə kənd sakini Firudin Əsədov virtualaz.org saytına müraciət edərək onları narahat edən əsas məsələdən danışıb.

Şikayətçinin sözlərinə görə, kənddə yerləşən orta məktəb bərbad gündədir. Bununla bağlı əlaqədar təşkilatlara ünvanladıqları müraciət isə bu günə kimi cavabsız qalıb.

“Biz Lənkəranın ən ucqar kəndində yaşayırıq. Kəndimizdəki ikimərtəbəli, üç korpusdan ibarət olan məktəb 1990-cı ildə inşa edilib. Həmin vaxt məktəb ciddi texniki qüsurla tikilib natamam təhvil verilmişdi. O vaxtdan bəri burada təmir-tikinti işləri aparılmayıb. Tikilən dövrdən sanitar qovşaqları ümumiyyətlə işləməyib, kanalizasiya xətləri yoxdur. Dam örtüyü demək olar ki, yoxdur, çürüyüb.

Məktəbin pəncərələrinin şüşələri yoxdur, pis vəziyyətdədir. Vaxtaşırı yağan yağışlar isə məktəbi daha da pis günə qoyub. Yağış suları sinif otaqlarına, zirzəmiyə yığılır. Şagirdlər suyun içində dərs keçirlər. Bir sözlə, məktəbimiz fəlakət içindədir. Hal-hazırda mən uşaqlarımı dərsə getməyə qoymuram” - deyə F.Əsədov bildirib.

F.Əsədov deyir ki, bu problem barədə sentyabrın 15-dən etibarən Təhsil Nazirliyinə dəfələrlə müraciət ediblər: “FHN-in Baş İdarəsinə, Lənkəran Cənub Regional Şöbəsinə də müraciət etmişik. Gəlib baxıblar, bildiriblər ki, məktəbin istismar vəziyyəti qeyri-qənaətbəxş vəziyyətdədir. Bu barədə rayon icra hakimiyyətinin mütəxəssislərinin yoxlama keçirmələrini xahiş etmişik. Müxtəlif dövlət orqanlarına etdiyimiz müraciətlər cavabsız qalıb.

Dörd uşağımı qoymuram məktəbə getməyə. Uşaqları yağışın, palçığın içinə buraxa bilmərəm. Kəndimiz rayondan 22 km aralıda yerləşir. Qonşu kənddəki məktəbə uşaqları göndərməksə mümkün deyil. Ən yaxın kənd bizdən 5 km uzaqdadır. Təkcə maşın pulu ildə 1600 manat eləyir. 

Bir neçə gün əvvəl yenidən FHN-in Baş İdarəsinə getmişəm. Bildirmişəm ki, biz 60 nəfər valideyn prezidentin qəbuluna getməyə hazırlaşırıq. Mənə deyirlər ki, getməyin, biz həll edərik. FHN-in “qaynar xətti”nə zəng vurmuşam, ertəsi gün isə məktəb direktoruna gəlib deyiblər ki, divara paya söykə, məktəb çökməsin. Bu, bizə verilən cavabdır. Dəmir-beton bloklar, panellər deformasiyaya uğrayıb. Hər an məktəbin uçmaq təhlükəsi var. İstənilən vaxt 400 uşağın ölümü gözlənilir”.

Zövlə kəndinin digər sakini Mais Əsədov virtualaz.org saytına açıqlamasında baş verənləri ictimailəşdirmək üçün yerli telekanallara müraciət etdiklərini deyir: “Gəldilər, çəkdilər, getdilər oturdular Lənkəranda. Fəlakət astanasında olan məktəbi göstərmək əvəzinə diqqəti əsas məsələdən yayındırdılar. Verilişi sübh tezdən efirə verdilər. O vaxt kim baxacaq ki?! Onu da tam vermədilər. Bu məktəbdə 400 nəfərə yaxın şagird var. Biri ölür, biri batır, biri xəstədir... Amma maraqlanan yoxdur. Bilmirik hara müraciət edək. Bizə bir köməklik edin, xahiş edirik”.

Kənd sakini F.Əsədov daha sonra kənd icra nümayəndəliyi tərəfindən şəhidlərə qarşı yol verilən hörmətsizlikdən danışıb: “Zövlə kəndinin Böyük Vətən müharibəsində və Qarabağ uğrunda qəhrəmancasına vuruşaraq şəhid olan oğullarının xatirə lövhəsi kənd icra nümayəndəliyinin həyətində baxımsız yerə - tualet quyusunun yanına atılıb. Şəhidlərə belə hörmətsizlik vətənə olan sevgiyə xələl gətirməkdir, bu gün yetişməkdə olan gənclərimizdə vətənpərvərlik əhval-ruhiyyəsini sarsıtmaqdır.

Vaxtilə xiyaban üçün yer ayrılmışdı, həmin yeri sonradan satıblar. Şəhidlərə görə icra nümayəndəliyi ilə aramızda problem yarandı. Məktəbin həyətində köhnə, naməlum əsgər abidəsi var. Abidənin önündə yerə, asfaltın üstünə kəndin şəhidlərinin adını yazdılar. Mənə xəbərdarlıq etdilər ki, sizi məsuliyyətə cəlb edərik, çünki dövlətə, hakimiyyətə qarşı çıxırsınız. Getdim icra başçısının yanına. O dedi biz belə bir göstəriş verməmişik ki, şəhidin adı asfalta yazılsın. Əksinə, bunun ümün vəsait ayrılıb, kənd icra nümayəndəliyi kompleks tikməlidir. Bu günə qədər o kompleks tikilməyib. Sovet dövründən qalma köhnə, dəmir bir löhvəyə 39 şəhidin (7 nəfəri Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub-red.) adını yazıb icra nümayəndəliyinin həyətindəki quyunun yanına atdılar”.

Bu ittihamlara münasibət öyrənmək üçün Lənkəran Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışdıq. Amma idarədən suallarımızı cavablandıracaq şəxs tapılmadı.

1140 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:13