Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2014

Ramil Usubovun əli ilə Eldəniz Quliyevi tutdursalar...

“Möhtərəm hakim, mənim sualım var. Internetdə axtarsanız, polis özbaşınalığı haqda 10 minlərlə yazı və qeyd taparsınız, elə bizim sizə təqdim etdiyimiz axtarışın nəticələrində də 97 min belə qeyd var. Ən ağır sözlər yazılıb. Biz bu barədə videolar olan diskləri də təqdim etdik. Elə Ramil Usubov haqda da çox ağır sözlər var onların arasında. Bəs niyə mən cəmi bir dəfə ”Facebook" səhifəmdə yazdığım qeydə görə onu təhqir edilmiş sayıldım və təkcə məni məhkəməyə verdi cənab nazir? Həm də heç bir təhqir və böhtan da yoxdur çıxışımda. Aydındır ki, bunun arxasında mənim siyasi və ictimai fəaliyyətim durur. Siyasi sifarişdir bu məhkəmə. Sizin ədalətli qərar çıxarmaq imkanınız yoxdur. Hər şey vicdanınız üzərində qalır".

Bu sözləri dünən tanınmış ziyalı Elədiniz Quliyev məhkəmədə söylədi. Eldəniz bəy kino, sənət adamıdır həm də, A.Tarkovskinin sinfində təhsil alıb, bəlkə bundan idi ki, çıxışı çox qısa və aydın idi. Amma çox sərrast və möhtəşəm idi.

Son illərdə fəal ictimai fəaliyyəti ilə seçilən Eldəniz Quliyev həm də hakimiyyətin xüsusi qəzəbli olduğu müxalif Milli Şuranın rəhbərliyindədir. Onu məhkəməyə isə Ramil Usubov verib, yol polisinin özbaşınalığı barədə “Facebook”da yazdığı və sonradan saytların birində yayılan fikirlərə görə. Orada ad-zad çəkilməyib, yeri gələndə xalqımız Azərbaycan polisi haqda necə danışıbsa, o da o sözləri yazıb, amma möhtərəm xalqımızın dediklərindən çox-çox mədəni.

Məsələ bunda deyil. Motiv aydındır, yəni siyasidir. Bu arada kimsə yazmışdı ki, əcəb tariximiz yazılır, Eldəniz Quliyev Xocalı barədə “Haray” filminə ssenari yazır, Xocalıdan olan Ramil Usubov ona ittiham ərizəsi. Məsələ bunda da deyil. Xocalı orda doğulanın deyil təkcə. Məsələ ondadır ki, indi bir nazirin birbaşa öz əli ilə tanınmış ziyalını həbsə atmaq istəyirlər.

Həbslər eyforiyası hakimiyyətdəkilərin gözlərini yamanca görməz edib. Baxın, dünən məhkəmə istintaqı başa çatdı və məhkəməyə gəlməyən polis nazirinin xüsusi ittihamçının nümayəndəsi çox böyük şövqlə hər iki maddə üzrə kinorejissora ən ağır cəzanı istədi. Bu, 1 ildən çox olmayan həbs deməkdir. Azərbaycanla bağlı işlərə tez baxmağa qərar verən Avropa Insan Haqları Məhkəməsi isə, yəqin ki, tezliklə Eldəniz Quliyevin bəraəti ilə bağlı qərar verəcək.

Birincisi, ittihamın əsasında diffamasiya durur. Azərbaycan hakimiyyəti isə çoxdan bəyan edir ki, diffamasiya maddələrini Cinayət Məcəlləsindən çıxaracaq və hazırda bu maddələrin həbs cəzası hissəsi tətbiq edilmir.

Ikincisi, Avropa Insan Haqları Məhkəməsinin belə hallara aid bir çox qərarları var. Məhkəmə mətbuatda yayılan yazı və çıxışlarda ictimai problemlərə diqqəti çəkmək üçün sərt ifadələrdən istifadəni təhqir, böhtan saymağı yanlış sayıb, üzv dövlətlərin məhkəmələrinə bu qərarların ləğvini tövsiyə edib. Insan Haqları Məhkəməsi dəfələrlə təhqir, böhtan, işgüzar nüfuz iddialarında məmurlarla digər vətəndaşların eyni tutulmamasını da bildirib və əslində məmurlar da, məhkəmələr də bunu nəzərə almalıdır. Bu ittiham siyasətdən uzaq olan bir adama qarşı yönəlsəydi belə, qanunsuz və əsassız olardı və məhkəmə bu iddianı qəbul etməli deyildi. Çünki o çıxışda cinayət əməli yoxdur. Dövlət orqanı özünü dəymədüşər bir fərd kimi apara bilməz. Dünyanın hər yerində vətəndaşlar məmurlar və dövlət qurumları barədə ən ağır ifadələri işlədirlər. Hətta dövlət başçıları yumurta və pomidor atəşinə tutulur. Vətəndaşlar ən sərt sözlərlə idarəçiləri qınayır, onların işinə qiymət verərkən olduqca qıcıqlandırıcı ifadələrdən istifadə edirlər. Buna görə kimsə cəzalandırılmır. Bu, demokratik idarəçiliyin gerçəkliklərindən biridir. Deyilənlər isə qiymətləndirici mülahizələrdir. Məgər xalqın dövlət orqanlarının işinə necə qiymət vermək barədə öhdəliyi var?

Bir sözlə, Eldəniz Quliyevi Ramil Usubovun birbaşa öz əli ilə tutdurmaq o deməkdir ki, Avropa Məhkəməsi tezliklə polis nazirin iddiasını geri döndərəcək və o, tanınmış ziyalını və ictimai fəalı həbs etdirmək günahını rəsmən daşıyacaq. Qalan nəticələr eynidir, siyasi həbslər də, demokratiya uğrunda mübarizə də davam edir. Qələbə də sonuncunun olacaq.

Şahvələd Çobanoğlu/azadlıq
1407 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:12