Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2014

Paşazadənin səlahiyyətləri azaldılır

Dinşünaslıq Komissiyasının yaradılmasının arxasındakı sirr; Hakimiyyət din sahəsindəki fəaliyyətləri öz əlində cəmləşdirir; Qafqaz Müsəlmanları İdarəsinin funksiyasına daxil olan məsələlərə müdaxilə olunur; A.Paşazadənın ciddi müqaviməti gözlənilir 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni dinşünaslıq üzrə komissiya yaradılır. Bu barədə yayılan məlumatda qeyd olunur ki, oktyabrın 20-də DİQDK-də sədrin iştirakı ilə bir qrup dinşünas və müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirak etdiyi toplantı keçirilib. 

Komitə sədri Mübariz Qurbanlı dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının nəzdində ictimai əsaslarla komissiyaların yaradıldığını və bu cür komissiyaların beyin mərkəzi kimi fəaliyyət göstərdiyini qeyd edib. Eyni zamanda bildirilib ki, yeni komissiyanın yaranmasında məqsəd dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, səmərəli dini maarifləndirmənin aparılması, dini radikalizmə qarşı mübarizədə effektivliyin artırılmasıdır. Hələlik komissiya tam olaraq formalaşmayıb, üzvləri, sayı hələ müəyyən olunmayıb. 
 
Qeyd edək ki, Azərbaycanda DQİDK bir qayda olaraq dini maarifçiliklə məşğul olmayıb. Komitənin fəaliyyəti əsasən dini icmaların qanunlara uyğun şəkildə fəaliyyət göstərməsinə nəzarət etmək, icmaların qeydiyyatını həyata keçirməkdən ibarət olub. Yalnız ötən il dövlət DQİDK-ə dini icmalara kiçik qrantlar ayırmaq səlahiyyəti verib. Ancaq bu ilin əvvəlindən başlayaraq hökumətin radikal dini icmalara qarşı fəaliyyətə başlaması ilə bağlı anons veriləndə, istiqamətlərdən biri kimi, radikalizmə qarşı maarifçilik tədbirlərinin həyata keçirilməsi göstərilirdi. Daha sonra prezident yanında müşavirlik yaradıldı və bu istiqamətdə yeni tədbirlərin həyata keçiriləcəyi elan olundu. 
 
 
İndi isə DQİDK yanında belə desək ictimai şura yaradılır. Yeni komissiyaya dinşünasların cəlb olunması və əsas prioritet kimi dini maarifçiliyin göstərilməsi belə deməyə əsas verir ki, artıq komitə din sahəsində maarifçi fəaliyyət göstərəcək. Hansı ki, daha əvvəl dini maarifçilik fəaliyyətinin Qafqaz Müsəlmanları İdarəsinin funksiyasına daxil olduğu, DQİDK-in isə daha çox nəzarət orqanı olduğu bildirilirdi. Beləliklə, artıq yeni tendensiya yaranır. 
 
 
DQİDK-in dini maarifçilik istiqamətində fəaliyyətə başlaması onu göstərir ki, hökumət artıq QMİ-nin bu istiqamətdə fəaliyyətsizliyini nəzərə alaraq bu sahəni ələ alır. Hələlik Şeyxin bu yeni quruma münasibəti bəlli deyil. Ancaq DQİDK-in dini maarifçiliklə məşğul olması səlahiyyət toqquşmasına gətirəcək. O cümlədən hələlik DQİDK-in dini maarifçiliyi nədən ibarət olacağı, hansı sahələri əhatə edəcəyi bəlli deyil. Onu da qeyd edək ki, son aylarda DQİDK ölkə üzrə İslam Əməkdaşlıq Təşkilatının Avrasiya bölməsi ilə birlikdə silsilə maarifçi seminarlar keçirib. Belə görünür ki, indi bu fəaliyyətlər daha mükəmməl formada, DQİDK yanındakı dinşünaslıq komissiyası tərəfindən işlənib hazırlanacaq.  
 
QMİ sədri Şeyxülislamın bu hadisəyə necə reaksiya verəcəyi, bu hadisənin qurumlar arasındakı münasibətlərə necə təsir edəcəyi ilə bağlı məlumat yoxdur. Ancaq bir şey aydındır ki, bu hadisə QMİ sədrini xeyli narazı salacaq. Çünki son olaraq ehsan qadağasında sonra Şeyxlə hökumətin müvafiq qurumları arasında ciddi narazılıq baş verdi. İndi isə DQİDK birbaşa Şeyxin idarəsinin səlahiyyətinə aid olan sahəyə qarışır. Şeyx isə adətən onun sahəsinə müdaxilələri xoşlamır və bir qayda olaraq kəskin reaksiya verir. Ancaq istənilən halda bu hadisə hökumətin din sahəsində Şeyxin və rəhbərlik etdiyi idarədən gözləntilərinin olmadığını, artıq din sahəsində birbaşa hökumət qurumları vasitəsilə işləməyə üstünlük verildiyini göstərir./musavat/
929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00