Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2014

“Müxalifətin daxilində təmizləmə, saflaşma getməlidir”

“Müxalifətin vəziyyətini qiymətləndirmək üçün gərək vəziyyət olsun. Nə vaxt müxalifət mən yox, biz özünü deyəcək onda vəziyyət də yaranacaq. İndiki şəraitdə xalqın müxalifətə inamı yoxdur. Onların hikkəsi, ambisiyası buna imkan vermir. Bir-birini qəbul etmirlər, aşağılar da onlara inanmır”.

Bu sözləri Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov müxalif düşərgədəki situasiyanı təhlil edərkən bildirdi. Onun sözlərinə görə, müxalifətin daxilində təmizləmə, saflaşma getməlidir.

İ.Həmidov Müsavat Partiyasının daxilində qurultaydan sonra baş verənləri də ürəkağrısı ilə izləyir: “Mən istəməzdim ki, belə olsun. Hər iki tərəf dostumdur və seçkinin nəticələrinə də hörmətlə yanaşmaq lazımdır”.

AMDP sədri mitinqlərlə bağlı müzakirələrin gedişindən də danışdı: “Allah eləməsin ki, Milli Şura ilə Müsavat bir yerdə mitinq eləsin. Onlar yaxşısı üz-üzə gələndə hörmətlə salamlaşıb keçsinlər. İsti münasibətləri saxlasınlar və bir-birini təhqir etməsinlər. Müxalifətin yaranmış passiv durumdan çıxış yolu xalqa müraciətdir. Xalqa bəyan olsun ki, seçki boş bir söhbətdir, bu iqtidarın resursları seçkinin saxtalaşdıra bilir və tək yol əhalini təşkilatlandırmaqdır. Necə ki, Rusiyada inqilaba qədər xalqçılar hərəkatı var idi və onlar inqilabi situasiyanı yetişdirirdi. Bu gün müxalifət də xalqla işləməlidir. Mübarizənin yollarını, taktikasını araşdırmaq lazımdır. Əgər həbs təhlükəsindən qorxuruqsa, heç bu yola çıxmamaq yaxşıdır”.

İ.Həmidov ənənəvi müxalifət simalarının yerinə gəncliyin gəlməsi fikri ilə razılaşır: “Mən də arzu edirəm ki, gənclik qabağa çıxsın. Onlara kimsə mane olmur. Müxalifət kabinetdə oturmalı deyil, xalqın içində olmalıdır”.

Partiyanın qurultaya hazırlığından söz açan İ.Həmidov qeyd etdi ki, özündən başqa namizədlər də olacaq: “Qurultaya hazırlıq gedir və hələlik vaxtını təyin etməmişik. Qurultay keçirməklə iş düzəlmir. Xalq sənin yanında olmalıdır, rayonlarda görüşlər keçirməlisən. Biz də bunu düşünürük”. Xatırladaq ki, İ.Həmidov hakimiyyət partiyaya qurultay keçirmək üçün yer verməsə qurultayı meşədə keçirəcəklərini demişdi./musavat/
1257 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber