Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

Azərbaycanda döyülüb bıçaqlanan adamın özünü həbs ediblər

«City Hospital»ın baş həkiminin oğlu ilə bağlı cinayət ört-basdır edilir?

“City Hospital”ın baş həkimi Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyev və onun idmançı dostları tərəfindən döyülərək bıçaqlandıqlarını bildirən Aslan və Azər Cəfərov qardaşları, eləcə də onların qohumları dünən səhər saatlarında Prezident Administrasiyasının (PA) qarşısına toplaşıb.

Aslan Cəfərov “Azadlıq”a açıqlamasında bildirib ki, məqsədləri qarşılaşdıqları haqsızlıq barədə ölkə rəhbərliyinə məlumat verməkdir: “Biz zərərçəkən olduğumuz halda, qardaşımı həbs ediblər”.

Aslan Cəfərov deyir ki, bu ilin avqustun 5-də işlədiyi “City Hospital”dan çıxıb: “Klinikanın direktoru Bayram Qorçuyev məni təhqir etdi. Ona cavabını qaytardım və ərizəmi yazıb işdən çıxdım. Sonra oğlu Cavidan zəng etdi. O da söyüş söydü, təhqir etdi. Axşam da yaşadığım Xətai rayonuna gəldi. Mən qardaşım və onun qonşusuyla həyətdə idim. Zəng etdilər, qarşılarına çıxanda 5-6 idmançı hücum etdi. Məni döydülər və 3 bıçaq vurdular. Qardaşımla qonşusu da səsə gələndə onları döydülər. Qardaşıma iki bıçaq, qonşusuna bir bıçaq zərbəsi vurdular. Hadisədən sonra işi ört-basdır etmək üçün Cavidanı klinikada yatızdırıblar. Sənəddə də qeyd olunub ki, o, avqustun 7-də xəsarət alıb. Əgər biz Cavidana xəsarət yetirmişiksə, niyə 2 gün sonra xəstəxanaya yerləşdirilib? Əsas məsələ odur ki, işi ört-basdır etsinlər”.

Digər qardaş Samil Cəfərov və əmisi şikayətlərinin dinlənilməsi üçün Prezident Administrasiyasının qəbul şöbəsinə dəvət olunub. Görüşdən sonra məlumat verən Samil Cəfərov deyib ki, onların şikayətləri dinlənilib və Baş Prokurorluqla əlaqə saxlanılıb. Onların prokurorluqda qəbul edilməsi üçün Prezident Administrasiyasından göstəriş verilib.

Administrasiyadan Baş Prokurorluğa yollanan Cəfərovlara verilən cavab onları heyrətləndirib. Baş Prokurorluğun qəbul şöbəsində prokuror Kamal Qılıcovun qəbulunda olan Samil Cəfərova “yəqin ki, günahınız var” deyilib: “Kamal Qılıcov bizim şikayəti dinləyən kimi qayıtdı ki, ”günahınız var ki, qardaşınız həbs edilib, günah sizdə olub, ona görə də qardaşınız həbs olunub". Biz yenidən Prezident Administrasiyasına gedəcəyik. Bir daha şikayət edəcəyik. Bizə qarşı aşkar haqsızlıq var".

Qeyd edək ki, bu il avqustun 5-də Xətai rayonunda baş verən hadisə zamanı 1977-ci il təvəllüdlü Azər Cəfərov, onun qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-ci il təvəllüdlü Telman Nuriyev döyülərək bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Cəfərovlar bununla bağlı müvafiq strukturlara şikayət ediblər. Oktyabrın 25-də işi araşdıran müstəntiq Tural Hacıyev zərərçəkən şəxslərdən birini - Azər Cəfərovu çağıraraq dindirib. Dindirilmədən dərhal sonra onu şübhəli şəxs kimi saxlayıblar. Azər Cəfərov qardaşı Aslan Cəfərovla birlikdə təqsirləndirilən Cavidan Qorçuyevə qarşı xuliqanlıq etməkdə və qəsdən bədənə az ağır xəsarət yetirməkdə ittiham olunur.

Saxlanılan Azər Cəfərova Cinayət Məcəlləsinin 221.2.3 (xuliqanlıq) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs-qətimkan tədbiri seçilib.

Şikayətçilərin verdiyi məlumata görə, onları döyənlərdən biri beşqat dünya çempionu Ehram Hacıyevdir və o, kikboksinq üzrə milli komandanın məşqçisidir.

Məsələ ilə əlaqədar Bayram Qorçuyevin də fikirlərini öyrənmək istədik. “City Hospital”dan “Azadlıq”a bildirdilər ki, Bayram Qorçuyev hazırda ölkədə yoxdur.
1241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:17