Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2014

“Mütərəqqi düşüncəli insanları yerində oturtmağa çalışırlar”

Azərbaycan Ziyalılar Birliyinin sədri, müxalif Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev “Media forum” saytına oktyabrın 29-da keçiriləcək məhkəmə prosesindən gözləntiləri haqda danışıb.

Eldəniz Quliyevi daxili işlər naziri general-polkovnik Ramil Usubov məhkəməyə verib. Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciətdir. Eldəniz Quliyev “Feysbuk” şəbəkəsində yazdığı, həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa səsləyib.

Ramil Usubovun iddiası üzrə Nəsimi Rayon Məhkəməsində proses sentyabrın 8-də başlayıb. Məhkəmənin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Oktyabrın 20-də keçirilən prosesdə Ramil Usubovun vəkili Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə Eldəniz Quliyevə üst-üstə 1 il həbs cəzası verilməsini istəyib.

Oktyabrın 28-də məhkəmədən gözləntiləri haqda danışarkən Eldəniz Quliyev deyib: “Təəssüf ki, məhkəmə müstəqil qərar qəbul etmir. Nəsimi Rayon Məhkəməsində işə baxan hakim indiyə qədər qarşı tərəfin istənilən vəsatətini təmin edib. Ötən prosesdə Ramil Usubovun vəkili mənə 1 il həbs cəzası istədi. İndi hər şey gözləmək olar. Amma məhkəmə qarşı tərəfin istəyini təmin edərsə, bu, haqsızlığın kulminasiya nöqtəsi olacaq. Çünki ortada cinayət faktı, kimsənin təhqir olunması, böhtana, şantaja məruz qalması halı yoxdur.

Ötən prosesdə dedim ki, “Feysbuk”da yazdığım statusda bir kəlmə belə təhqir, təhqiramiz cümlə yoxdur, orada Ramil Usubovun adı bircə dəfə çəkilir, onda da “hörmətli nazir” yazılıb. Daha sonra soruşdum ki, belə olan halda burada təhqir, böhtan nədədir? O ki qaldı polisin davranış tərzinə, bu, Azərbaycanda böyük problemlərdən biridir. Bunun dilə gətirilməsi heç də onların təhqir olunması deyil. Məni həbs cəzası ilə qorxutmaqla digər mütərəqqi düşüncəli insanları yerində oturtmağa çalışırlar. Bu məsələdə günahsız bir insanam”.

Eldəniz Quliyev sayta açıqlamasında qeyd edib ki, sonuncu məhkəmədə hər hansı kompromis simptomu sezməyib: “Mən bu məhkəmə prosesini bir siyasi proses kimi qiymətləndirirəm. Oktyabrın 29-da keçiriləcək prosesdə əvvəlki məhkəmə proseslərində dediyim sözləri deyəcəm. Qanun pozuntusu ilk andan baş verib. Barəmdə verilmiş şikayət ərizəsini məhkəmə qəbul etməməli idi. Çünki ortada məhkəmə predmeti ola biləcək bir şey yoxdur. Məhkəmə iddiaçının arqumentlərinin çox zəif olduğunu görüb mənim “Feysbuk”da yazdıqlarımı linqvistik ekspertizaya göndərdi. Öz təsir dairələrində olan ekspertlər qərar verdilər ki, bu “Feysbuk” statusunda polisin ləyaqətini alçaldan ifadələr var. Amma məni polis deyil, nazir məhkəməyə verib. Statusda tənqid nifrət və ədavətlə yox, satirik-yumoristik tərzdə ifadə olunub”.
1226 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19
Taleh Bağırzad