Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2014

Palçıqlı küçənin “qaragünlü” sakinləri: “Dərdimizi kimə deyək?” - (Foto)

Payız-qış mövsümü başlayan kimi bu il də Bakının müxtəlif ətraf qəsəbələrindən şikayətlərin ardı-arası kəsilmir.

Bu dəfə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, “A” massivində yaşayan bir qrup sakin üzləşdikləri dözülməz vəziyyətlə bağlı virtualaz.org saytına müraciət edərək kömək istəyiblər.

Belə ki, həmin ərazidə yaşayanlar uzun illərdir məhəllədaxili yolların payız-qış aylarında əsl bataqlığa çevrilməsindən əzab çəkirlər.

Şikayətçilərin bildirdiyinə görə, həmin yaşayış massivi 20 ildən çoxdur salınıb, məhəllədaxili yollar isə son vaxtlara qədər sakinlərin öz aralarında topladıqları vəsait hesabına daş-çınqılla döşənərək nisbətən də olsa işlək vəziyyətdə saxlanılırdı.

Lakin 2013-cü ildə “Azərsu” tərəfindən qəsəbədə yeni su xətlərinin çəkilməsi zamanı yolları qazıb altını-üstünə çevirdilər. Məhəllədaxili yollar əsl keçilməz bataqlığa çevrildi.

Sakinlərin müxtəlif instansiyalara şikayətlərindən sonra ötən ilin sonlarında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamenti tərəfindən “A” massivində məhəllədaxili yolların bir hissəsinə asfalt döşənsə də işlər yarımçıq qaldı. O vaxt işlərin yarımçıq qoyulmasına etiraz edən sakinlər aksiya da keçirmişdilər. Əraziyə gələn Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onlara vəd vermişdi ki, tezliklə digər yollar da asfaltlanacaq.

Lakin bütün yay ayları ərzində heç bir iş görülməyib və indi yağışların başlaması bu yaşayış massivinin sakinlərinin günlərini sözün əsl mənasında qara edib. Çünki indi onlar evlərindən çıxanda ancaq qara rəngi - dizə çıxan qara palçığı və bataqlığa çevrilən yolları görürlər.

Sakinlər deyirlər ki, problemlə bağlı dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətində qəbulda olublar. İcra hakimiyyətindən hər dəfə deyiblər ki, məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumatlandırılıb və vəsait ayrılsa, qalan məhəllədaxili yollara da asfalt çəkiləcək. O cümlədən sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət ediblər.

Onların məktubuna göndərilən cavabda deyilib ki, Bakı şəhərinin digər ətraf qəsəbələri kimi Bülbülə qəsəbəsində də bütün məhəllədaxili yolların abadlaşdırılması “Bakı və ətraf qəsəbələrin inkişafına dair” III Dövlət Proqramına daxil edilib.

Ancaq bu proqramın nəticələrini Suraxanı rayonunda, ən azından S.Əliyev küçəsində görənlər yoxdur. Onlar bu qışı da bataqlıqda keçirmək məcburiyyətində qalacaqlarını görüb yenidən dərdlərinə çarə axtarmağa çalışırlar. Çünki ərazidəki yeganə məktəb 1-1.5 kilometr aralıdadır, azyaşlılar hər gün dizə qədər çıxan palçıqda məktəbə həmin yolu piyada gedib-qayıtmalıdır və belə vəziyyətdə valideynlərin hər gün onların palçığa, çirkaba batan paltarlarını yumaqdan başqa yolu qalmır.

Sözügedən massiv həm də paytaxtın baş prospektinin - Heydər Əliyev prospektinin kənarında, hasarların o tayında yerləşir. Sakinlər deyirlər ki, qarşıdan Bakı Avropa Oyunları gəlir, şəhərə gələn minlərlə xarici qonaq həmin prospektdən keçəcək.

“O zaman prospektin kənarında yayda toz-torpaq bürüyən, qışda bataqlığa çevrilən məhəllədaxili yolların, küçələrin olması kimə gərəkdir? Doğrudanmı ümumi uzunluğu 2-3 km olan bu ensiz yolları abadlaşdırmaq belə böyük vəsait tələb edir? Asfalta vəsait yoxdursa, heç olmasa “Azərsu”nun  podratçı şirkətlərinin keyfiyyətsiz işinin nəticəsi olaraq dağıdılan bu yollara çınqıl döşəməyə də imkan yoxdur? Biz bilmirik dərdimizi indi kimə deyək. Biz sakinlər prezident İlham Əliyevin bütün çıxışlarına diqqətlə qulaq asırıq. Prezident deyir ki, Bakıda, qəsəbələrdə bir dənə də olsun torpaq yol qalmamalıdır. Bəs niyə məmurlar bu göstərişə əməl etmir? Axı bu elə böyük məsələ deyil ki, şəxsən prezident İlham Əliyevə şikayət edək” - deyə sakinlər sual edirlər.

1217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı