Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

Mingəçevir sosial partlayış ərəfəsində

Buna smart kart-tipli su sayğaclarının quraşdırılması səbəb ola bilər

«Azərsu» ASC çirkli suyu içməli su adıyla abonentlərə baha qiymətə satmaqda davam edir

Mingəçevirlilər heç vaxt su sarıdan əziyyət çəkməyiblər. Əksər bölgələrdən fərqli olaraq, şəhərdə, demək olar, bütün günü mənzillərə təzyiqlə su gəlir. Ancaq məsələ burasındadır ki, Kürün suyu faktiki olaraq təmizlənmədən, birbaşa kanaldan götürülərək evlərə verilir. Halbuki həmin çaya kanalizasiya suları da birbaşa axıdılır. Ekoloqların fikrincə, məişətdə istifadə üçün nəzərdə tutulan su dərinlikdən götürülməlidir. Eyni zamanda çaya axıdılan tullantı sular da müəyyən təmizləmə mərhələsindən keçməlidir.

2011-ci ilin oktyabrından “Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nin icrasına başlandı. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Qeyd edək ki, Mingəçevir su-kanalizasiya sistemi dövlət büdcəsi hesabına yenilənən 11 regiondan biridir.

Ilk olaraq məcburi köçkünlər üçün salınmış “Yeni həyat” qəsəbəsi və Tərəvəzçilik sovxozu adlanan ərazidə, daha sonra şəhərin “Günəşli” yaşayış massivində aparılan işlər hazırda şəhərin mərkəzi hissəsində davam etdirilir. Layihəyə əsasən, Mingəçevir şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsi üçün hər birinin tutumu 10 min kubmetr olan 3 ədəd su anbarının tikilməsi, şəhərin su və kanalizasiya şəbəkələrinin tamamilə yenidən qurulması planlaşdırılır. Rəsmi məlumata görə, ümumi uzunluğu 275 km olan şəhərdaxili su şəbəkəsinin 180 km-lik hissəsində işlər başa çatmış 7100 ünvana birləşmələr verilib. 232 km kanalizasiya şəbəkəsinin isə 70 km-lik hissəsində işlər yekunlaşıb. Gələcəkdə suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 60 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcək. Yenidən qurulan su-kanalizasiya xətləri Almaniya sisteminə uyğun inşa edildiyi bildirilir.

Içməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq qeydiyyatının aparılması məqsədi ilə smart-kart tipli sayğacların quraşdırılması da davam etdirilir. Indiyədək 30211 abunəçinin 4 mindən çoxu sayğacla təmin olunub. Ən böyük narazılıqlar da məhz bundan sonra başlayıb.

Yerli sakinlər Mingəçevir şəhərində bu tip su sayğaclarının quraşdırılmasının doğru olmadığı qənaətindədirlər. Şəhərin Mərkəzi Aran zonasında yerləşdiyini nəzərə alsaq, sakinlərin bu narazılığının haqlı olduğunu görərik.

Məlum olduğu kimi, bu yay bütün respublikada, özəlliklə Aran zonasında quraqlıq oldu. Mingəçevirin əksər yerlərində, ələlxüsus “Günəşli” yaşayış massivində yüzlərlə ağac faktiki olaraq susuzluqdan qurudu. Yerli sakinlərin sözlərinə görə, yeni smart-kart tipli sayğaclarla ağacları sulamaq onlara heç cür sərf etmədiyindən göz görə-görə həyətlərindəki ağacların quruyub məhv olduğuna şahidlik ediblər.

Ən qəribəsi suyun keyfiyyətində hər hansı bir dəyişikliyin olmamasıyla bağlıdır. Belə ki, sayğac quraşdırılan evlərə verilən suyla ödənişi sayğacsız - adambaşına prinsipiylə həyata keçirən abonentlərə verilən suyun keyfiyyəti faktiki olaraq eynidir - yenə həmin mığmığalı, yosunlu, xırda balıqlarla zəngin su.

Digər bir problem abonentlərin smart-kartlara pul yükləmələriylə bağlıdır. Belə ki, abonentlər bunu saatlarla, bəzən isə günlərlə poçt və yaxud su kanal idarəsində vaxt itirməklə gerçəkləşdirmək zorundadırlar. Əks halda susuz qalacaqları şəksizdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Tarif Şurasının 06.01.2007-ci il tarixli 04 nömrəli “Azərsu” Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə" Qərarına 11 yanvar 2011-ci il tarixli əlavə və dəyişikliklərə əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə əhali üçün içməli su 1 m2 üçün 0,30, tullantı sularının axıdılmasına 1 m2 üçün 0,06 qəpik müəyyənləşdirib. Bir nəfər üçün aylıq norma 5 m2 (1,80 manat) müəyyən edilib./azadlıq/
1058 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi