Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

Elektroşokla düzələn deyillər

Deputatxana üzvlərimiz bugünlərdə yığışıb təzə qanun qayırıblar ki, azərbaycanlılara qarşı elektroşok qurğusundan istifadə eləməyə icazə verilsin. Yanlış anlamayın, özləri eləməyəcək, polislərə səlahiyyət veriblər onlar eləsinlər. Çünki haqq üçünə, deputatların işi-gücü çox olur: dükan aç, arvad-uşağı xaricdə gəzdir, xaş yeyib gəyir, məşuqəyə təzə villa al və sairə. Hələ aradabir “yuxarıdan” gələn əmr və tapşırıqlara əsasən düymə basmaq, Amerikanı söymək, Jirinovskini qəbul eləmək tipli xırda-para işlər də olur. Azərbaycanlıları elektroşoklamaq da bunun üstünə gəlsə gərək deputat yorğunluqdan yıxılıb ölsün. Deputat öləndə gərək onun yerinə təzəsi qoyulsun. Bunun əli düyməyə öyrəşsin, dükan açsın və sairə.

Gördüyünüz kimi, deputat olmaq ağır vəzifədir və azərbaycanlıların elektroşoka verilməsinin polislərə tapşırılması azərbaycanlılar tərəfindən çox alqışlanır.

Doğrudan da bu azərbaycanlılar son illərdə yaman artıb-törəyiblər, bəziləri isə həddindən artıq həyasızlaşıbdır, görürsən orda-burda mızıldanırlar ki, niyə bizə neft pulu verilmir, niyə Qarabağ qaytarılmır, niyə qiymətlər bahadır, niyə, niyə, niyə... Gözünə girsin tiyə! Vallah, dünyada bu cür qədirbilməz camaat tarixən görünməyibdir! Bunlardan ötrü ən uzun bayraq dirəyi düzəldirsən, peyk uçurdursan, Binəqədidə ot əkirsən, ancaq yenə narazıdırlar. O üzdən, elektroşok qərarı çox önəmlidir, hətta bir qədər gecikmişdir.

Yeri gəlmişkən, deputatxanada müzakirələr zamanı da azərbaycanlıların bu abırsız hərəkətlərinə diqqət yönəldilmişdir, misal üçün, bir deputat xanım deyib ki, azərbaycanlıları elektroşokla tutmaq ədalətsizdir, onları ayağından güllə ilə vurmalıyıq. Necə gözəl təklifdir...Doğrudan da bəzən görürsən azərbaycanlı elektroşok məsafəsi qədər yaxına gəlmir, polis otluğun içində gizlənib ona yaxınlaşan anda isə duyuq düşüb saatda 120 kilometr sürətlə qaçır. Belə olan halda nə elektroşok? Ayağından güllə ilə vur, qaça bilməsin.
İkincisi, elektroşok qanunu qəbul olunub, ancaq bilinmir bunun elektrik enerjisi pulu kim tərəfindən ödəniləcəkdir. Bəs bu qurğunu toka qoşmaq lazım deyilmi? Məncə, deputat yoldaşlar növbəti dəfə yığışanda gərək qanunda düzəliş eləsinlər, ordakı 34-cü maddənin 77-ci bəndinə belənçik yazılsın: “Elektroşok tətbiq edilən azərbaycanlı ayılandan sonra həmin elektrikin pulunu dövlətə ödəməyə borcludur”. Bəs nə! Havayı elektrik var!? Kilovattı filan qədər manatadır.

Hesab edirəm ki, azərbaycanlıların qabağını bu qərarla da saxlamaq mümkün olmayacaqdır. Elektroşok zəif tətbiqatdır, üstəlik, bunlar elə həyasız tayfadır ki, bir neçə dəfə elektroşoka veriləndən sonra bir növ adətkərdə olacaqlar, polisi görəndə özləri istəyəcək, deyəcəklər, rəis, nə olar, mənə tok burax, kayf tutum.

Bu baxımdan, xahiş edərdik ki, deputatxana üzvlərimiz azərbaycanlılarla daha sivil, çağdaş, modern, yenilikçi üsullarla mübarizə aparsınlar.

Misal üçün, zəhərli qazlardan yararlanmaq olmazmı? Bunlardan qeyd edə bilərik iprit, zarin, zoman, adamsit, fosgen, difosgen, sinil turşusu, lyuziit, xlortsian, difenilxlorarsin, difeniltsianartsin, xlorasetofenon və sairəni.

Küçə və magistrallarda üstü örtülü, gizlədilmiş çalalar qazmaq, tələ qurub azərbaycanlıları tutmaq da yaxşı tədbirlər olar. Bəzi azərbaycanlılar ət, buğda səpilməsi tipli tələlərə çox asan düşürlər.

Əgər mübarizədə milli adət-ənənələrimizə doğmalıq ruhunu qorumaq istəyiriksə siçan dərmanı, paz soxmaq, qılınclamaq, şaqqalayıb şəhər darvazasından asmaq, başını kəsib payaya keçirtmək kimi üsullardan da faydalı şəkildə yararlanmaq olar. Bunlardan bəziləri iqtisadi baxımdan da elektroşokdan üstündür, xərci azdır.

İndi söz əlaqədar təşkilatlarındır.

Zamin Hacı/musavat
1107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12