Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2014

Rusiya təyyarələri NATO-nun sayıqlığını sınağa çəkir

Rusiyanın hərbi təyyarələri NATO-nun reaksiyasını yoxlamaq və ola bilsin, döyüş şəraitini imitasiya etmək məqsədilə Avropanın hava məkanında uçuşlarını artırıb.

Bunula bərabər Rusiya pilotları aviadispetçerlərlə kommunikasiyaya girmir, özlərini kobud aparırlar.

“Onlar döyüş əməliyyatlarına yaxın şəraitdə təlim keçirlər” – deyə Londondakı “Royal United Services Institute” araşdırma mərkəzindən İgor Sutyagin bildirir.

NATO bildirib ki, bu həftə ərzində belə “qəribə” uçuşların sayı artıb.

Sutyagin deyir: “Kreml zəif nöqtələr axtarır, bu poker oyunu kimidir. Onlar Qərbi qorxutmaq və xof yaratmaq üçün blef edirlər”.

NATO-nun çərşənbə günü yaydığı bəyanatda deyilir ki, alyansın təyyarələri son 48 saat ərzində 4-ü Şimal dənizi, 4-ü Qara dəniz üzərində olmaqla 8 Rusiya hərbi təyyarəsini aşkar ediblər. Bu müddət ərzində Baltik regionu üzərində 10 Rusiya təyyarəsi radara düşüb.

Xəbər verilir ki, bütün sözü gedən hallarda Rusiya təyyarələri beynəlxalq hava məkanında olublar. NATO bildirir ki, buna baxmayaraq, müttəfiqlərin hava məkanını qorumaq məqsədi ilə həmin təyyarələri izləyib.

NATO əlavə edib ki, Rusiya təyyarələri bir çox hallarda uçuş planlarını təqdim etmir, mülki aviasiya dispetçerləri ilə kommunikasiyadan imtina edirlər. Bu isə öz növbəsində mülki aviasiya üçün təhlükəli şərait yaradır.

29 oktyabr 2014-cü il, NATO-nun aşkar etdiyi Rusiya təyyarələri:
1) Rusiyaya aid səkkiz təyyarə - dörd Tu-95 strateji bombardmançı təyyarəsi və dörd İl-78 yanacaq tankeri təyyarəsi oktyabrın 29-da Qrinviç vaxtı ilə 2:00-da Şimal dənizi üzərində aşkar edilib. İki bombardmançı təyyarə cənub-qərb istiqamətində uçuşu davam etdirərək Portuqaliya sahillərinə çatmış və oradan geri dönmüşlər.
2) NATO-nun Baltika Hava Patrulu zamanı Baltik dənizi üzərində azı 7 Rusiya təyyarəsi aşkar olunub.
3) Qara dəniz üzərində uçan 4 Rusiya hərbi təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən aşkarlanıb.

Sutyaginin fikrincə, NATO-nun sərhədləri yaxınlığında belə uçuşlar yeni bir hal deyil, lakin hazırkı intensivliyə və kommunikasiyanın yoxluğuna Rusiya siyasətinin kontekstində baxmaq lazımdır. Bu siyasət Qərblə əməkdaşlığa yox, qarşıdurmaya yönəlib”.

Baltika həm də beynəlxalq uçuşların sıx olduğu yerdir. Təhlilçinin fikrincə, belə məkanda pilotun kommunikasiyadan yayınması məsuliyyətsizlik kimi qəbul oluna bilər.

Rusiya son uçuşlarda yeni və köhnə təyyarələrdən istifadə edib. Bunların sırasına Soyuq Müharibədən qalmış Tu-95 “Ayı” bombardmançıları və MiG-31 qırıcıları daxildir.

NATO-nun şərti kodifikasiyasında “Bear” - “Ayı” adlandırılan Tu-95 təyyarələrini Soyuq Müharibə illərində Şimal dənizi üzərində tez-tez görmək mümkün idi.
Rusiya bombardmançıları ballistik raketlərlə silahlandırıla bilər, lakin Sutyaginin fikrincə, onlarda çox güman ki, içiboş təlim raketləri yerləşdirilib.

Sutyagin deyir ki, “Bu onlar üçün yaxşı təcrübədir rəqibin reaksiyası necədir, kim havaya hansı sürətlə dırmanır, hardan uçur və aşkaretmə taktikası necədir”.
Bəzi müşahidəçilər hətta gərginliyin Finlandiya və İsveçi NATO-ya qoşulmağa sövq edə biləcəyini bildirir.

Polşa da öz növbəsində elan edib ki, özünün Ukrayna ilə şərq sərhədi boyunca yerləşən hərbi bazalarına əlavə qüvvələr gətirəcək.

Qeyd edək ki, Şimal alyansı ilə Moskvanın münasibətləri Ukrayna böhranı ilə əlaqədar gərginləşib. NATO Ukrayna böhranı ilə əlaqədar Baltikyanı ölkələr – Litva, Latviya və Estoniya üzərində hava patrulunu gücləndirib.

NATO bildirib ki, bu il Rusiya təyyarələri 100 dəfədən artıq aşkar edilib. Bu, ötən illə müqayisədə üç dəfə çoxdur./ans/
1052 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber