Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2014

Adam öldürən başçı oğlunun istintaqı harda aparılır?

Səbayıl rayon icra başçısı Asif Əsgərovun oğlunun adı keçən yol qəzası ilə bağlı cinayət işi qəhətə çıxıb. İlham Əsgərlinin sentyabrın 27-si, Türkan qəsəbəsi ərazisində törətdiyi qəzanın istintaqının harada aparıldığı müəmmalı olaraq qalır.

Hüquq-mühafizə orqanları cinayət işi materiallarının hansı idarədə olduğunu bilmirlər. Belə ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Analitik.az-a işin müvafiq prokurorluq orqanına göndərildiyini söyləyib.

Xəzər Rayon Prokurorluğundan isə deyilib ki, işlə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsi məşğul olur: “Bu ölüm hadisəsiylə bağlı cinayət işinin materialları prokurorluğa daxil olmayıb”.

Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsindən isə zənglərə cavab verən olmayıb. Amma prokurorluğun işin polisdə, polisin isə prokurorluqda olduğunu deməsi ondan xəbər verir ki, cinayət işi yoxa çıxıb.

Qeyd edək ki, Qəbələ rayon sakini Əhliman Qəhrəmanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes S Klass” markalı avtomobillərin toqquşması nəticəsində “Mersedes S Klass”da olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. Mərhum “MakDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu, eyni zamanda, Bakının keçmiş baş memarı Elbəy Qasımzadənin nəvəsidir.

Məlumata görə, M.Mirzəyev övladının ölümünə səbəb olan qəzanın araşdırılması və günahkarın cəzalandırılması üçün səy göstərir. İcra başçısı isə müavini və qayını olan Yavər Allahverdiyevin piyadanı vurub öldürüb, işi sürücüsünün üzərinə qoyduğu kimi, oğlunun də qəzasını sürücünün boynuna biçməyə cəhd edir.
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber