Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2014

Gömrükdə misli görünməmiş korrupsiya

Gürcüstandan mal gətirilməsində hər 6 dollardan yalnız 1 dolları rəsmiləşdirilir; Xəz dəri idxalı isə demək olar ki, tamamilə gizlədilir

Azərbaycanda Gürcüstandan idxal olunan hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir. Bu barədə iqtisadçı Zöhrab Ismayıl özünün “Facebook” səhifəsində məlumat paylaşıb. Iqtisadçı bunu Gürcüstan və Azərbaycan gömrük komitələrinin açıqladığı rəsmi statistikaları incəliyərək üzə çıxarıb. O, yazır: “Gürcüstanının statistika komitəsi məlumat yayıb ki, 2014-cü ilin 9 ayı (yanvar-sentyabr) ərzində bu ölkədən Azərbaycana 425.8 milyon dollarlıq mal ixrac olunub. Həmin ixracın 207.2 mln. dollarını avtomobil ixracı təşkil edib.

Azərbaycan Dövlət Gömrük Komitəsi isə məlumat verir ki, 2014-cü ilin 9 ayı (yanvar-sentyabr) ərzində Gürcüstandan Azərbaycana 79.2 milyon dollarlıq mal gətirilib. Gürcü tərəfin məlumatından belə aydın olur ki, bu ölkədən Azərbaycana gətirilən hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir".

Bu arada contact.az saytı maraqlı məlumat yayıb. Sayt yazır ki, Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına əsasən bu ilin doqquz ayı ərzində Azərbaycana rəsmən 56,3 min dollarlıq təbii və süni xəz malları idxal edilib. 2013-cü il ərzində xəz məhsullarının idxalının həcmi 9,4 min manat təşkil edib. Bakının prestijli dükanlarında bu qiymətə yaxşı kürk almaq olar. Başqa sözlə, Azərbaycan sərhəddindən qanuni yolla xəzin əhəmiyyətsiz dövriyyəsi keçir, gömrük vergi və rüsumlarından gizlədilən bahalı məhsulu isə bir neçə milyon ABŞ dolları ilə hesablanır.

Maraqlıdır ki, 2011-ci ildə xəz məhsullarının idxalçıları daha çox qanuna riayət edirdilər. O zaman gömrük ümumilikdə 305,3 min dollarlıq 2 ton məhsulu rəsmiləşdirib.

Ticarət şirkətləri iddia edir ki, onlar Türkiyə, Yunanıstan, Italiya və Ispaniya istehsalı olan eksklüziv model kolleksiyalarını təklif edirlər. Xəz məhsullarının idxalçıları (“Femina”, “Kristina”, “Snejnaya Koroleva” və s.) bir çox məhşur televiziya verilişlərinin sponsorlarıdır. Yalnız “Sədərək” ticarət mərkəzində dünyanın aparıcı xəz məhsulları istehsalçıları ilə əməkdaşlıq edən 15-ə yaxın dükan var.

Bir müddət əvvəl isə Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatları ilə bağlı apardığı araşdırmanın nəticəsini açıqlamışdı. Bəlli olmuşdu ki, 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata düşməyib.

Araşdırmaya cəlb olunan ölkələrin Azərbaycanın idxalında payı 75 faizdən çoxdur.

Qubad Ibadoğlu bildirmişdi ki, hesablamalara görə, idxaldan yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illərdə 4.6 milyard dollar itirib.

Bu faktlar Dövlət Gömrük Komitəsində müdhiş korrupsiya əməliyyatlarının baş verdiyinin bariz nümunəsidir. Amma nədənsə Qeyri Hökumət Təşkilatlarında “korrupsiya” izinə düşən Baş Prokurorluq Dövlət Gömrük Komitəsilə bağlı bu faktları araşdırmağa həvəs göstərmir. Özü də göründüyü kimi bu faktlar havadan götürülməyib, Dövlət Gömrük Komitəsinin öz məlumatları əsasında ortaya çıxıb./azadlıq/
1315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı