Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2014

Bir güclü yağış hökuməti rüsvay etdi

Məlum oldu ki, Azərbaycan nəinki qışa, heç payıza da hazır deyil

Noyabrın 2-si axşam saatlarından başlayan yağış Bakıda ciddi problemlər yaradıb. Gecə saatlarından etibarən paytaxtın, həmçinin Abşeron və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Işıqların hansı səbəbdən söndürüldüyü açıqlanmayıb. Bundan başqa, yağış yollarda da problemlər yaradıb. Paytaxtın bir sıra küçələri su ilə dolub və avtomobillərin hərəkəti çətinləşib. Bu da nəticədə uzun tıxacların yaranmasına səbəb olub.

Noyabrın 2-si axşamdan başlayan güclü külək və yağış ölkənin cənub rayonlarında bir sıra fəsadlar törədib. Ayrı-ayrı ərazilərdə aşan iri gövdəli hündür ağaclar bəzi yaşayış evlərinin dam örtüklərini dağıdıb, onlarla elektrik dirəyi uçub, naqillər qırılıb. Nəticədə bölgənin yüzlərlə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində problemlər yaranıb.

Ötən gecə həmçinin Lerik və Yardımlı rayonlarına qar yağıb. Lerikə yağan qarın hündürlüyü 30-35, Yardımlıda isə 15-20 santimetr təşkil edib.

Ölkə iflic olub...

Yağışdan sonra iflic olan ölkə həyatı fotolarla sosial şəbəkənin bəzəyinə çevrilib. “Facebook” və “Twitter”in trendinə çevrilən bu mövzu ətrafında fotoların sayı-hesabı olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Bakıda yağışın intensiv yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolub. Binəqədi rayonu ərazisində evdən çıxması çətinləşmiş 2 nəfərə köməklik göstərilib. Əməliyyat saat 07:56-da başa çatıb.

Yağış Nərimanov rayonu ərazisində də problem yaradıb. Evdən çıxması çətinləşmiş 5 nəfərə də Fövqəladə Hallar Nazirliyi müvafiq köməklik göstərib. Bu əməliyyat saat 04:55-də başa çatıb.

Yağış suları Yasamal rayonu ərazisində Bəşir Səfəroğlu küçəsi, 152 ünvanında (Sovetski) fərdi yaşayış evinin çökməsinə səbəb olub. Yamacda yerləşən evin uçması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub, əraziyə xüsusi təlim keçmiş itlər gətirilib. Məlum olub ki, uçan evdə yaşayış olmayıb.

Paytaxtda maraqlı görüntülər

Yağışdan sonra paytaxtın küçələrində maraqlı mənzərələr yaşanırdı. Insanlar bir-birinə kömək edərək, əl-ələ tutub yoldan axan sel sularının üzərindən hoppanır, selin gur axan yerlərinə daş düzərək onların üzəri ilə keçməyə çalışırdılar. Daha çətin vəziyyətlə üzləşənlər isə uşaqlar və qadınlar idi. Onlar yol boyunca axan seli təqib edərək daha dayaz olan hissəsindən keçməyə çalışırdılar.

Avtomobillərin hərəkəti isə yolu keçməyə çalışan piyadaları sel sularına qərq edirdi. Piyadalar deyir ki, hər dəfə yağış yağanda bu cür vəziyyətlə üzləşirlər: “Yollar çuxurdu deyə, su yığılıb qalır. Sürücülər də elə hərəkət edirlər ki, adamın bütün üst-başı palçıq olur”.

Xocasən və Keşlə su içində üzür

Keşlədə “Avromed”in mərkəzi ofisinin ətrafında olan bütün evlərdə acınacaqlı vəziyyət yaranıb. Məlumata görə, kollektorların suyu çəkməməsi səbəbindən yağış suları evlərin içinə dolub. Jurnalist Məhəmmədəli Qəribli “facebook” səhifəsində yazır: “Mənim də atamgilin evi burdadır. Gecə saat 3-dən sonra bu vəziyyətdir. Yalnız yerli icra nümayəndəsindən başqa heç kim sakinlərin problemi ilə maraqlanmır. Sakinlər problemin yaranmasına başlıca səbəb kimi ”Audi Center"in kollektorun üzərində özünə ofis tikməsini göstərir. Nizami Rayon Icra Hakimiyyəti bu məsələyə çox biganə yanaşır".

Qəsəbə sakini Qabil Abdullayevin “Azadlıq”a verdiyi məlumata görə, “Sahil” şadlıq evinin yaxınlığında neft buruğunun çirkab sularının yığıldığı göl daşıb və ətrafda yerləşən 20-yə yaxın fərdi yaşayış mənzillərini su basıb.

“Bir neçə evə ziyan dəyib, hasarlar uçulub. Suyun qəfil daşmasından sakinlər təşvişə düşüb. Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib”, - deyə Qabil Abdullayev bildirib.

Dəniz vağzalı, yoxsa dəmiryol vağzalı?

Bakıda yağan aramsız yağışlar Sabunçu dəmiryol vağzalını hər dəfə olduğu kimi bu dəfə də sel-su altında qoyub. “Virtualaz.org”un məlumatına görə, həmişə vağzalın qarşısında duran avtobuslar da artıq işləmir, çünki onların dayanmağa yeri yoxdur. Kim dizə-qurşağa çıxan suyun içindən keçib avtobusa minəcək?! Bu üzdən yollarda hərəkət iflic olub. Şəxsi avtomobillərini axşamdan vağzala yaxın ərazidə park edən sakinlər səhər maşınlarını suyun içində görüblər. Bəzi maşınlar sular altında qalıb. Ətrafdakı kafe və mağazaları, digər obyektləri su basıb.

Xatırladaq ki, vağzalın ərazisi 2011-ci ildə ölkə başçısı Ilham Əliyevin Sabunçu rayonuna səfəri zamanı təmir edilib. Kanalizasiya sistemi təmir olunmaya-olunmaya ərazi sadəcə asfalt üzlüklə bəzədilib. Hər dəfə yağış yağanda gölə dönən Sabunçu vağzalının kanalizasiya sisteminin bərbad vəziyyətdə olması ilə bağlı Sabunçu Rayon Icra Hakimiyyətinə dəfələrlə şikayət edilsə də heç bir nəticəsi yoxdur.

“Yol yoxdur ki, uşaqlar məktəbə getsin”

Lənkəran rayonun dağlıq ərazisində yerləşən Gəgiran kəndinin sakinləri də məmurların biganəliyindən şikayət edirlər. “Azadlıq” radiosunun məlumatına görə, yağışlar bir neçə yerdə torpağın sürüşməsinə səbəb olub. Evlər qəzalı vəziyyətdədir. Gəgiran kənd sakini Şəfi Şıxcanovun dediyinə görə, yağışlar davam etsə, evlər torpaq altında qalacaq: “Yağıntılarla əlaqədar evim qəzalı vəziyyətdədir. Səsimizə səs verən yoxdur. Dəfələrlə dövlət məmurlarına müraciət olunub. Yağış nəticəsində torpaq sürüşüb, ev uçulmaq üzrədir”.

Şəfi Şıxcanov da deyir ki, yollar da bərbad vəziyyətdir: “Yolumuz yoxdur ki, uşaqlar məktəbə getsin”.

Şəfi Şıxcanov onu da qeyd edib ki, kənddə qəzalı vəziyyətə düşən evlər çoxdur. Bu vəziyyətə baxmayaraq, ailələr həmin evlərdə yaşamaqda davam edirlər: “Indi 5 ev qəzalı vəziyyətdədir. Torpaq arxadan gəlib düşüb evin üstünə. Bu evdə 12-13 adam yaşayır. Onları çıxartmağa da imkan yoxdur. Kimin evinə gedəsən...”

Gəgiran kəndində evi qəzalı vəziyyətə düşənlərdən biri də Hacı Mirzəyevdir: “Birinci qrup əliləm, mənim evim qəzalı vəziyyətdədir. Bu yağışdan sonra bir az da pis olub. Yağış oldu, külək oldu hər an təhlükə ilə üz-üzəyik”./azadlıq/

947 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:32