Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Yardımlıda insanlar çörəklə imtahana çəkilir

Ucqar dağ rayonunda nə iş var, nə qazanc mənbəyi, nə qaz, nə işıq, nə də normal şərait; Məmurlar isə əhalini talamaqla məşğuldur

Azərbaycanın ən ucqar dağ rayonlarından biri olan Yardımlıda vəziyyət sözün həqiqi mənasında dözülməzdir. Sərt releyfin fonunda güclü kənd təsərrüfatına malik olmayan, eyni zamanda işsizlik və digər iqtisadi-sosial problemlər içində boğulan bu yaşayış məntəqəsinin əhalisi məmurların da əlində aciz qalıb.

Əllərində yetərli qədər maliyyə imkanı olmayan kəndlilər torpağa bağlana bilmirlər. Səbəb texnikanın olmaması, əkin-biçin üçün vəsait çatışmazlığı və digər səbəblər onları kənd təsərrüfatı ilə məşğul olmağa imkan vermir. Üstəlik, dağlıq şərait onların xərclərini də, borclarını da artırır.

Kəndlərdə lazımi infrastrukturun olmaması, təbii qaz və elektrik enerjisi sarıdan korluq çəkmələri və digər səbəbləri də bunun üzərinə gələrsək, o zaman durumun hansı faciəvi şəkil aldığını deməyə gərək qalmaz. Elə bu səbəbdəndir ki, əlinə azca imkan düşən rayon sakinləri Yardımlını tərk edərək, ya Bakıya, ya da Rusiyaya üz tuturlar. Məlumatlara görə, son 4-5 il ərzində Yardımlını tərk edənlərin sayı faciəvi rəqəmlərlə ifadə olunur.

Qeyd edilir ki, bu illər ərzində demək olar ki, əhalinin yarısı rayonu tərk edib. Elə yerdə qalanlarının da əlinə imkan düşən kimi, ən pis halda Bakıyayerləşməsi müşahidə olunur.

Rayon camaatı deyir ki, sovet dövründə pis-yaxşı kolxoz-sovxozun hesabına dolana bilirdilər. Müstəqillik dönəmindən bəri dövlət yardımının dayanması onların güzaranını pisləşdirib. Üstəlik, maddi sıxıntılar da onları əldən salıb. «Qazanc əldə etmək üçün iki yol var. Ya pulun olmalı və kənd təsərrüfatı ilə məşğul olmalısan. Bunu yardımlılar arasında edə biləcək şəxslərin sayı barmaqla sayılacaq qədərdir. İkincisi isə yenə pulun olmalıdır ki, rüşvət verib, rayondakı dövlət idarələrindən birində işə düzələsən».

Onların sözlərinə görə, ünvanlı sosial yardım almaları da mümkünsüzə çevrilib. Çünki yerli Sosial Müdafiə Mərkəzində müraciət edənlərdən pul tələb edirlər. «Rayonda ünvanlı sosial yardım almaq istəyənlər 50/50-yə prinsipiylə bunu əldə edə bilərlər. Başqa şəkildə hətta acından ölsən belə, yenə də dərdinə əlac qıla bilməzsən».

Yardımlıda əhalinin qismən dolanışıqlarını təmin etmək üçün əsas vasitələr sırasında pensiya dayanır. Borc-xərclə, mal-qaranı satmaqla pul düzəldən rayon sakinləri yerli Dövlət Sosial Müdafiə Fonduna üz tuturlar. Pulu təbii ki, ayda 100-150 manatlıq pensiya imkanına sahib olur. Amma bir çoxlarının belə bir imkanı da yoxdur.

Bütün bu sıxıntıların fonunda əsas bəla isə məmur özbaşınalığı və talançılığıdır. Son illər rayona ayrılmış külli miqdarda vəsaitin hara xərcləndiyi kimsəyə məlum deyil. Sakinlər bildirirlər ki, bu pulların talandığı və ya təyinatı üzrə xərclənmədiyi də kimsəyə sirr olan məsələ deyil. «Sevindik Hətəmov rayona icra başçısı gələndə elə zənn etdik ki, bəlkə, bəzi şeylər düzəldi. Lakin onun idarəçilik qabiliyyətinin zəif olması və başının daha çox başqa işlərə qarışması vəziyyəti daha da pisləşdirib. Büdcənin pulları isə yerli idarə və müəssisə rəhbərləri, İcra Hakimiyyətinin işçiləri arasında bölüşdürülür».

Maraqlıdır ki, 21-ci əsrin Yardımlısında əhaliyə təbii qazın və elektrik enerjisinin verilməsi qış aylarında müsibətə çevrilir. Havalar soyuduqdan sonra evlərə verilən təbii qazın ya təzyiqi aşağı salınır, ya da ümumiyyətlə, verilmir. Bu da ancaq rayonun mərkəzinə aid olan məsələdir. Elektrik enerjisi isə işıq dirəklərinin bərbad halda olması və yerli Elektrik Enerjisi Satışı İdarəsinin səhlənkarlığı sayəsində vətəndaşalara gəlib çatmır. «Qarşıdan qış gəlir. Nə edəcəyimizi bilmirik. Odun həddindən artıq bahadır və hamının almaq imkanı yoxdur. Bir maşın odunun qiyməti təqribən 450 manata yaxındır. Kasıb camaatda bu pul hardandır ki? Evini qızdırmaq istəyən camaat ümidini təbii qaza və elektrikə bağlayır ki, onun da verilişi özü bir müsibətdir».

Rayonda insanların çörəklə imtahana çəkildiyini deyən sakinlər bildirirlər ki, yaranmış böhranlı vəziyyət aradan qaldırılmasa, qısa müddətdə Yardımlıda əhali qalmayacaq. «İnsanlar yaşamaq üçün mübarizə aparırlar. Amma çıxış yolları yoxdur. Ona görə də, məcbur olaraq, əhali rayonu tərk etməli olur. Belə davam edərsə, Yardımlıda yaxın illərdə heç kim qalmayacaq».

Məmur özbaşınalığından ciddi əziyyət çəkdiklərini bildirən yardımlılar icra başçısı Sevindik Hətəmovu günahlandırmaqdan da çəkinmirlər. Onlar deyirlər ki, icra başçısı rayonu idarə edə bilmir və bu səbəbdən də məmurlar asanlıqla bildiklərini edirlər. «Təsəvvür edin ki, adicə İcra Nümayəndəliyindən hansısa arayışı almaq 15-20 manatdır. Əgər daha mühüm sənəd hazırlamaq istəyərsən, o zaman bunun üçün məbləğlər də böyüməyə başlayacaq. Yardımlıda camaat «Allah heç kimin işini idarə və müəssisələrə salmasın» deyir. Çünki adamlar açıq şəkildə talan edilirlər»./jam.az/
875 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07