Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Qubad İbadoğlu müsavatçılara müraciət etdi

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiya üzvlərinə müraciət ünvanlayıb.

Keçmiş namizəd bu barədə şəxsi facebook hesabında yazıb. O bildirib ki, qurultaydan sonrakı dövrdə Müsavat daxilində gedən proseslər partiya strukturlarında sağlam dialoqa, ciddi polemikaya kəskin ehtiyac yarandığı fikrini bir daha gündəmə gətirib: “Belə dialoq və polemikalar Müsavatın bütövlüyünü istəyən, onun bugünü və sabahı üçün narahatlıq keçirən, ittiham və umu-küsüləri bir kənara qoyub hər vəchlə partiyamızın güclənməsinə çalışan əqidəli və fədakar bacı və qardaşlarım üçün bir sınaq meydanıdır.

Noyabrın 8-də saat 5-də Müsavat Partiyasının Mərkəzi qərargahında keçirməyi planlaşdırdığımız növbəti görüşün məqsədi hər bir vicdanlı müsavatçının narahatlığına səbəb olan hazırkı durumun ciddi müzakirələr əsasında dəyərləndirilməsi və gələcəyə yönəlik pozitiv təkliflərin müzakirə olunmasıdır. Bizim yeganə məqsədimiz ayrı-ayrı şəxsləri deyil, bütövlükdə Müsavatı bu arzuolunmaz durumdan qalib çıxarmaqdır. Bunun üçün hər bir müsavatçının potensialından daha səmərəli faydalanmaqla birgə fəaliyyət platforması müəyyənləşdirmək, qərarları azlığın diqtəsi ilə deyil, birlikdə qəbul etmək tələb olunur.

Görüşdə, eyni zamanda, nizamnamə pozuntuları ilə bağlı hazırladığımız arayışa Müsavat Partiyası MNTK-sının verdiyi rəyə də münasibət açıqlanacaq. İnanıram ki, bu görüş Müsavatın çağdaş tarixində barışıq, birlik, vəhdət və bütövlük görüşü kimi yadda qalacaq. Odur ki, sonuncu qurultayda başqanlığa namizəd olmuş bütün iddiaçıları və onların tərəfdarlarını açıq müzakirəyə dəvət edirəm”./azvision/
803 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber