Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Qazilər və şəhid ailələrindən mitinq çağırışı

Vicdanlı insanların müdafiəsinə qalxmaq vicdan borcudur

Milli Şuranın 10 noyabr mitinqinə ictimai dəstək artmaqdadır. Bundan öncə ölkənin tanınmış hüquqşünasları bu mitinqin zəruriliyini dilə gətirmişdilər və ölkə vətəndaşlarını mitinqdə iştiraka səsləmişdilər. Bu dəfə Milli Şuranın mitinqinə dəstək şəhid ailələri və Qarabağ qazilərindən gəldi. Onlar hesab edirlər ki, Azərbaycanın düşdüyü bəlalardan azad olması yalnız xalqın oyaqlığından və öz varlığını meydanlarda sübut etməsindən keçir.

Şəhid ailələri öndə olacaq

“Atəşkəs qurbanları” Ictiami Birliyinin üzvü, şəhid atası, ictimai fəal Əli Kərimbəylibildirdi ki, son nəfəslərinə qədər zülmlə mübarizədən çəkinməyəcəklər və mitinqlərdə iştirakı vicdan borcu hesab edirlər: “Biz 88-ci ildən  meydanlardıyıq və bir addım da olsun geriyə çəkilməmişik. Nə qədər ki, bu rejim var, nə qədər ki, Əliyev hakimiyyəti iş başındadır, bizim mübarizəmiz davam edəcək. Biz, müstəqil olsaq da, azad ola bilmədik. Bu hakimiyyət bizə bu azadlığı bəxş etmədi. Bugün onlarla vicdanlı insan şərlənərək həbs olunub və onlara dəstək olmaq, azadlıq tələb etmək bizim borcumuzdur. 10 noyabr mitinqində şəhid ailələri öndə olacaq və bizim heç kimdən qorxumuz yoxdur. Çürük bir rejim xalqa sağlam gələcək verə bilməz. Dünən də öndəydik, bugün də öndəyik, sabah da öndə olacağıq”.

Biz ona görə döyüşmüşük ki, xalqımız azad və firəvan yaşasın

Qarabağ qazisi Zaur Ağayev də 10 noyabr mitinqini yüksək qiymətlənidirir Zaur Ağayev “Biz canımız, qanımız bahasına torpaqlarımızın azadlığı uğrunda ona görə döyüşmüşük ki, xalqımız heç bir xalqın əsarətində qul olmasın, yoxsulluq içində yaşamasın. Biz döyüşdük ki, dövlət müstəqilliyimizi  qoruyub, azad, demokratik bir dövlət yaradaq, vətəndaşlarımız, ədalətli cəmiyyətdə firavan yaşasınlar. Biz qanımız canımız bahasına torpaqlarımızı dövlətimizi qormamışıq ki, Əliyevlər xalqımızın sərvətini talayıb, səltənət qurub, xalqı kölə etsinlər. Biz, bu idarəetməyə, aparılan siyasətə etiraz edirik və 10 noyabr mitinqində fəal iştirak edəcəyik. Insanları öz talelərinə biganə qalmamağa, meydanda öz varlığını sübut etməyə səsləyirik?

Xalq haqqını tələb etmək üçün, meydanlara çıxmalıdır

Şəhid atası Bəyalı Əzizov bildirdi ki, bundan öncə olan bütün mitinqlərdə iştirak ediblər və bu mitinqdə iştırakı da vətəndaş borcu bilirlər: “Xalq, öz haqqını tələb edə bilmək üçün, mütləq meydanlara çıxmalı və öz səsini ucaltmalıdır. Bu gün etiraz etmək üçün həddindən artıq səbəblər var, ölkə uçuruma aparılır və müsbət heç nə görünmür. Ona görə də insanlar məsuliyyət hiss etməli və mitinqlərdə mübariz insanlara dəstək verməlidi. Biz həmişəki kimi yenə də öndə olacağıq və hər kəsi bu mitinqə səsləyirik”.

Qazilər mitinqdə kütləvi şəkildə iştirak edəcəklər

Qarabağ qazisi Məhəmməd Məcidli bildirdi ki, 10 noyabr mitinqində qazilər kütləvi şəkildə iştirak edəcəklər: “Bugün ən çox haqqı tapdananlar Qarabağ qaziləridir. Qarabağ qazilərinə ögey münasibət göstərilir, minimal təqaüdlər verilir və əksər vaxtlarda çağırışları cavabsız qalır. Bundan əlavə, bu gün ölkədə həddindən artıq qanunsuzluq, ədalətsilik hökm sürür, insanlar qondarma ittihamlarla həbs olunur. Ona görə də bu mitinqdə iştirakı vacib sayırıq və insanları biganə olmamağa səsləyirik. Ətrafımızda olan Qarabağ qaziləri ilə birlikdə mitinqdə iştirak edəcəyik və etirazımızı bildirəcəyik”.

Hakimiyyətin bütün vədləri imitasiyadır

Qarabağ qazisi Babək Həsənli hesab edir ki, Milli Şuranın 10 noyabr mitinqində iştirak zəruridir: “Azərbaycan hakimiyyətinin özbaşına və yarıtmaz idarəçilik sistemindən ən çox əziyyət çəkən zümrələrdən biri də Qarabağ müharibəsi əlilləri ve şəhid ailələridir. 20 ildən artıqdır ki, kirayələrdə  və sökülüb- dağılan evlərdə yaşamağa məcbur olan əlillər hələ də ev ala bilmirlər. Onlar YAP hakimiyyətinin verdiyi yalançı vədlərin reallaşmasını gözləyirlər. Guya, regionun ən inkişaf etmiş ölkəsiyik. Ilham Əliyev xarici ölkələrdə park, körpü, muzey tikməyə pul tapdığı halda, vətəni üçün əlil olmuş, sağlamlığını itirmiş insanlara verməyə pul tapmır. Mən hesab edirəm ki,  hakimiyyətin bütün vədləri imitasiyadan başqa bir şey deyil.  Bunun üçün də bütün Qarabağ əlillərini və şəhid ailələrini 10 noyabr mitinqində iştiraka səsləyirəm”./azadlıq/

967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...