Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

“Qərar ləğv olunmasa, işi Avropa Məhkəməsinə aparacağıq”

“Azərbaycandakı məhkəmə sisteminə böyük şübhə ilə yanaşıram. Amma başqa çıxış yolu da yoxdur, qanunvericiliyə uyğun addımları atmalıyıq. Ona görə də oktyabrın 30-da Nəsimi Rayon Məhkəməsinin mənim barəmdə çıxardığı qərardan apellyasiya instansiyasına şikayət verəcəyik. Nəsimi məhkəməsinin qərarını noyabrın 4-də poçt vasitəsilə almışam”. Bu sözləri “Media forum” saytına Azərbaycan Ziyalılar Birliyinin sədri, müxalif Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev deyib.

Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat cərimələnməsinə qərar verib. Eyni zamanda məhkəmə onun Azərbaycandan çıxmasına qoyulan yasağı qüvvədə saxlayıb.

Eldəniz Quliyev “Media forum”a bildirib: “Azərbaycan məhkəmələri qərarı ləğv etməsə, işi Avropa İnsan Hüquqları Məhkəməsinədək aparacağıq. Doğrusu, istəməzdim bu məsələ Avropa Məhkəməsinə getsin. Amma görünür xoşlayırlar ki, Avropa Məhkəməsi Azərbaycan məhkəmə sisteminin səhvini tutsun”.

Eldəniz Quliyev əlavə edib ki, onun cəlb edilməli olduğu ictimai işin nədən ibarət olduğunu hələ bilən yoxdur.

Məhkəmə Eldəniz Quliyevlə bağlı qərarını daxili işlər naziri general-polkovnik Ramil Usubovun iddiası əsasında çıxarıb. İddiaya Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciət səbəb olmuşdu. Eldəniz Quliyev “Feysbuk” şəbəkəsində yazdığı, “Moderator.az” saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirmiş və naziri konkret addımlar atmağa səsləmişdi. Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy vermişdi. İddiasını Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında qaldıran nazirin vəkili məhkəmədən Eldəniz Quliyevə 1 il həbs cəzası verilməsini istəmişdi.
1012 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber