Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

Elşad Abdullayevin bacısı oğlundan ilginc açıqlamalar

“Qalmaqallı proses hələ qabaqdadır”
Azad Mürsəliyev: “Gülər Əhmədovaya yeni taktika təklif edirəm: etiraf etsin”


Başımla cavabdehəm, o videonun başqa versiyası yoxdur”


Sabiq deputat Gülər Əhmədova ilə bağlı keçirilən məhkəmənin elə iclası yoxdur ki, orda səs-küylü açıqlamalar verilməsin. Son iclasda G.Əhmədova ABU-nun sabiq rektoru Elşad Abdullayevə, onun bacısı oğlu, Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mürsəliyevə ünvanlanan müəyyən sözlər dedi. Biz də bu mesajlarla bağlı A.Mürsəliyevlə danışdıq. 


- Azad bəy, Gülər Əhmədova narazılıq etdi ki, siz şahid olaraq məhkəməyə qatılanda onun E.Abdullayevə yolladığı mesajı ünvanına çatdıracağınıza söz verdiyiniz halda, bizə müsahibənizdə bunu çatdırmağa ehtiyac olmadığını demisiz. Niyə o mesajı çatdırmağa lüzum görmədiniz? 

- Mən yenə də təkrar edirəm ki, himayəsində kiçik uşağı olan bir qadının həbsdə olmasını istəməzdim. Amma bununla yanaşı, mən məhkəmədə bütün etika qaydalarına riayət edib, o qədər insanın qarşısında, məhkəmə zalında Gülər xanımın xahişini yerə salmadım. O, məndən xahiş etdi ki, onun adından Elşad Abdullayevə videoların tam versiyasını göndərməsini deyim. Amma mən də, siz də, bütün ictimaiyyət də bilirdi ki, Gülər xanım bununla nə demək istəyir. Bu, təxminən Gülər xanımın məhkəmədə Ayxanın qulağına pıçıldamaq istəməsinə bənzəyirdi. Hamı bilir ki, mütəxəssislər bu video haqqında rəy verib və onun montaj olmadığını bildirib. Bu gün Gülər xanım özünü inandırmağa çalışır ki, orda başqa bir video da var, kimlərinsə adları çəkilmir. Bununla da o, əslində mənim vasitəmlə Elşad Abdullayevə yox, cəmiyyətə mesaj yollamağa çalışır. Cəmiyyəti o fikrə yönəltməyə çalışır ki, guya başqa bir video da var, onun tərkibi, məzmunu başqa cürdür. Mən uşaq deyiləm, uzun müddət insanlarla işləmişəm. Mən orda etik normalara əməl edib dedim ki, çatdıraram. Amma o özü də bilirdi ki, xahişi yersizdir. Gülər xanım məndən xahiş etsəydi ki, “Elşad Abdullayevə de, məndən əl çəksin, bir daha bu mövzuda danışmasın”, mən bəlkə də bir insan kimi bunu edərdim. Amma etika qaydalarına riayət edərək, mən Gülər xanıma başqa suallar vermədim. Çünki mən şahid qismində ona sual verə bilməzdim. Halbuki onun populist çıxışlarına cavab olaraq mən fürsətdən istifadə edib, ona müəyyən suallar verə bilərdim. Məsələn, soruşardım ki, Gülər xanım, Mahir Abdullayevi hardan tapacaqdınız? Yenə deyirəm, Gülər xanım özünü aldatmağa çalışır. Hətta o qədər ki, deyir, burdan çıxıb gedib Elşad Abdullayevi tutduracam. Bu, absurddur. 

- Niyə absurd? Bu, mümkün ola bilməz? 

- Yox, Azərbaycan gerçəkliyində o, çıxıb harasa gedə bilər. Bu, mümkündür. Amma mənə bir şey qaranlıqdır: nəyə görə Gülər xanım narahatdır ki, mən onun xahişini Elşad Abdullayevə çatdırmamışam? Şükür Allaha, 21-ci əsrdə yaşayırıq. Nəinki Elşad Abdullayev, hətta dünyanın ən ucqar nöqtələrindəki xalqlar belə onun bu xahişindən xəbər tutdular. Gülməlidir bu iradı. Mən ona bir insan kimi acıyıram, amma deməliyəm ki, hər bir insan da öz əməlinə cavabdeh olmalıdır. Mən bir insan kimi ona “Allah qapınızı açsın” dedim. Amma məndən inciməyə dəyməz. Bu işə görə mənim ailəm, nəslim əziyyət çəkib, əziyyət çəkməyə də davam edir. 

- Konkret video məsələsində Gülər Əhmədova dedi ki, Elşad Abdullayev və onun yaxınları yayacaqları videolarla bağlı hər zaman “hazırda o videonun üzərində tamamlama işləri gedir” deyirlər. Sabiq deputat bunu onunla izah etdi ki, bu, tamamlama işləri sırf montajdır. 

- Biz daha öncə də demişdik ki, bəzən qeyri-etik ifadələr, söyüşlər olan hissəni kəsirik, videonun yanında göndərdiyimiz yazılı müraciətin üzərində işləyirik, müəyyən tamamlama işləri aparırıq. 

- Qarşı tərəf də deyir ki, “8 saatlıq video tamamən söyüş, təhqirdən ibarət ola bilməz. Bu, inandırıcı deyil”. 

- Həmin videonun stenoqramı KİV-də yayımlandı. Bir müddət keçəndən sonra o videonun tam versiyası da yayıldı. Ola bilər, Elşad Abdullayevdə Gülər Əhmədova ilə bağlı başqa hansısa videolar var, mənim bunlardan məlumatım yoxdur. Mənim bildiyim budur ki, o videonun başqa versiyası yoxdur. Buna başımla cavabdehəm, çünki o videonu ilk görənlərdən biri mən olmuşam. 

- Azad bəy, Gülər Əhmədova ilə bağlı yayımlanan videoda hansısa kəsintilər, ixtisarlar olubmu? Söyüş, təhqir, qeyri-etik ifadələr....olan yerlərin ixtisarı mümkündürmü?

- Xatırlayırsızsa, Gülər xanımla bağlı ilk video nümayiş olunanda bir hissə getmişdi. Onda da kəsintidən söhbət gedə bilməzdi. Lakin sonradan Gülər xanımın və onun düşərgəsindən olan şəxslərin tələbləri ilə Elşad Abdullayev tərəfindən o video tam nümayiş etdirilib. 40 dəqiqədən çox nümayiş olmuşdu. Amma Əli Bayramovun (Zəngilanski) videosunda qeyri-etik ifadələr, söyüşlər olduğu üçün ixtisarlar edildi. Gülər xanımın videosunda isə elə şeylər yox idi. Digər tərəfdən, Elşad Abdullayevin Fransada elə bir imkanı yoxdur ki, ciddi montaj eləsin, kinoplyonkalarla məşğul olsun. Bu, absurddur. Bilirsiz, ailəyə nəzarət olunur, kim gedir, hara gedir... 

- Jurnalistlər videolarla bağlı Elşad Abdullayevə, Elnur Məcidliyə suallar verəndə onlar anonsu “videolar üzərində tamamlama işləri gedir, yekunlaşan kimi ictimaiyyətə təqdim edəcəyik” şəklində verirdilər. Bu tamamlama işləri nədən ibarət idi: montaj deyildisə, nə idi? 

- Bu müsahibələrdən sonra vəkil Adil İsmayılov da, elə mən özüm də narazılığımızı bildirmişik. Adil müəllim bildirib ki, “tamamlama” ifadəsini işlətməyin, cəmiyyətdə bu, yanlış anlaşıla bilər. Halbuki onlar videonu göndərəndə paralel müraciət də hazırlayırlar, bəzən o videoların stenoqramını, məzmununu da göndərirlər. Tamamlama deyəndə ümumi materialın tamamlanması nəzərdə tutulur ki, bura yazılı müraciət də daxildir. Səmimi deyirəm, montajdan, kəsilmədən söhbət gedə bilməz. Hətta o yayılan videolarda Elşad Abdullayevin özünə, ailə üzvlərinə qarşı olan məqamlar da var. Diqqətlə izləsək, var. Lazım olsa, elə onları çıxarardı. 

- Daha bir iddia isə odur ki, pulun verilməsi səhnəsi yoxdur ortada. Yəni pulla bağlı söhbət var, amma fakt yoxdu.... 

- Pul məsələsinə gəlincə, mərhum Sevinc Babayeva rəhmətlik Sabir kişi vasitəsilə Elşad Abdullayevdən pul alır. Bu, videogörüntüdə var, bunu heç kim inkar edə bilməz. 

- Yəni pulun maşına qoyulması ilə bağlı görüntü yoxdur, sadəcə, belə tapşırıq var ki, “apar pulu maşına qoy”... 

- Bəli, biz pulu görmədik, amma bağlamanı gördük. Sevinc Babayeva o bağlamanı apardı. 

- Sizin daha öncə “Gülər Əhmədova adlar açıqlayacaq” sözlərinizə cavab olaraq G.Əhmədova məhkəmədə “mən heç bir ad açıqlamayacam” dedi və bu işdə yeganə günahkar olaraq Elşad Abdullayevi gördüyünü, türmədən çıxan kimi də Fransaya gedib, onun həbsinə nail olacağını bildirdi. 

- Gülər xanımın seçdiyi taktika - əgər buna müdafiə taktikası demək mümkündürsə - yanlışdır. Gülər xanım deyir ki, bu işdə ziyalı şəxsin adı yoxdur, mandat alveri yoxdur, mən cinayət törətməmişəm. Bu azmış kimi, deyir ki, Elşad Abdullayev həbs olunmalıdır. Əgər mandat alveri yoxdursa, heç bir vəzifəli şəxsin adı keçmirsə, Gülər xanım belə bir iş görməyibsə, Elşad Abdullayev niyə həbs olunmalıdır? 

- Yox, o həbs məsələsini məlum videoların montaj edilib, daha sonra həmin videolarla şantaj olunmasına, ABU tələbələrinə görə tələb edir. 

- Prokurorluq əməkdaşları, mütəxəssislər niyə rəy veriblər ki, bu video saxta deyil? O ekspertizanı ki, Elşad Abdullayev həyata keçirməmişdi. Prokurorluğun da mövqeyi məlumdur. Belə ki, onlar 100 faiz Gülər xanımın tərəfindədilər. Əgər belə olmasaydı, bu iş çoxdan yekunlaşmışdı. Nəinki mandat alverinə, Mahir Abdullayev məsələsinə də, Sevinc Babayevanın dünyasını dəyişməsinə də çoxdan aydınlıq gətirilmişdi. Mən düşünürəm ki, düzgün taktika deyil. Bundansa mən ona daha gözəl taktika təklif edərdim: işi boynuna götürsün, desin ki, burda heç bir şəxsin əli yoxdur, bu işi özüm görmüşəm, Elşad Abdullayevlə özüm danışmışam. Bu halda onu dəstəkləyənlərin sayı da artar və daha düzgün taktika olar. Son nəticədə ictimaiyyət “Gülərqeyt məsələsi”ndə onun layiq olduğu adı verib, birdəfəlik onu tarixə həkk edər. Bunun başqa yolu yoxdur: öz çərçivəsindən çıxıb. Mən vurmadım, sən yıxılmadın... Bəs necə olsun?

- Fikrinizcə, bu proses necə nəticələnə bilər? 

- Tək Gülər xanım deyil, Elşad Abdullayevlə bağlı işlərdə Natiq Babaşov, Mirsahib Məcidov, Əli Zəngilanskinin adları çəkilib bu işlərdə. Gülər xanımın da işini uzatmağa çalışdılar. Elşad Abdullayevlə bağlı bütün məsələləri uzatdılar. Onlar hesabladılar ki, az bir müddətdə Fransa dövləti Elşad Abdullayevin ekstradisiyasını edəcək. O da gəlsəydi, başqa şeyi danışacaqdı, yəni danışdıracaqdılar ona. Bununla da bütün problemlər həll olunacaqdı - Gülər Əhmədova da təmizə çıxacaqdı, Natiq Babaşov da. Bu, baş vermədi, məcburiyyət qarşısında prokurorluq Natiq Babaşova, Mirsahib Məcidova iş oxuyur, amma hakim onları saxlamır. Baxmayaraq ki, növbəti prosesdə hakim onlara iş oxumalıydı. Və onlar prosesdən yayınırlar, 2 gün öncə deyirlər ki, saxlanıldı. Yəni məcburiyyət qarşısında qalıb, öz səhvlərini düzəldirlər. 

Gülər xanımın havadarları da çalışacaqlar ki, bu işdən mümkün qədər zərərsiz çıxsınlar. Əgər Gülər xanım onlara problem yaratmasa, psixologiyası, durumu sona qədər davam gətirsə, ona da yardımçı olacaqlar. Amma mən sonuncu prosesdə gələndən sonra düşünmürəm ki, Gülər xanım sona qədər davam gətirə bilsin. Mən artıq son qərarını vermiş insanı gördüm məhkəmədə. Düşünürəm ki, o danışacaq. Qalmaqallı proseslər qabaqdadır. 

- “Danışmayacam, ad çəkməyəcəm” deyəndən sonra da fikrinizdə qalırsız? 

- Bəlkə də mənim bu açıqlamam onu qəzəbləndirəcək. Amma mənim qətiyyən ona qarşı hər hansı fikrim yoxdu. Bu, mənim şəxsi fikrimdir. Belə məsələlərdə şəxsi qənaətimə inanıram. Qalmaqallı proseslər hələ qabaqdadır./musavat/
2053 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP