Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2014

Neft sektorundakı ölümlərə görə kim məsuliyyət daşıyır?

Təkcə bu il neft sektorunda 24 ölüm hadisəsi baş verib

Mirvari Qəhrəmanlı: «Insanlara sağlam iş şəraiti yaradılmır, sovetdən qalma infrastruktur çoxdan ömrünü başa vurub»

Son vaxtlar Neft Daşlarında baş verən bədbəxt hadisələr nəticəsində xeyli insan dünyasını dəyişib, müxtəlif dərəcəli xəsarətlər alıb. Son olaraq, noyabrın 6-da “Azneft” Istehsalat Birliyinin Nəriman Nərimanov adına Neft və Qazçıxarma Idarəsinin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı 60 metrlik estakadada uçqun baş verdi. Uçqun nəticəsində estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb.

Qəzanın daha böyük miqyas almaması məqsədilə NQÇI-nin ərazidə olan 5 işçisi 307 saylı meydançada təmir işi aparandan sonra üzərində olduqları qəzalı meydança uçub və onlar dənizə düşüb. Hadisədə 4 nəfər dənizdən çıxarılsa da, onlardan bir nəfəri dünyasını dəyişib, bir nəfərsə itkin düşüb. Dünən səhər saatlarında həmin itkin düşmüş adamın da cəsədi dənizin dibindən tapılıb.

Xatırladaq ki, bundan əvvəl, oktyabrın 23-də “Azneft” IB N.Nərimanov adına NQÇI ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən baş verən partlayışda itkin düşən 4 nəfərin cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-in və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılmışdı.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı baş verən bədbəxt hadisələri məsuliyyətsizliyin nəticəsi kimi xarakterizə edir. Hüquq müdafiəçisi insan faktorunun arxa plana keçdiyini vurğulayaraq, Azərbaycanın neft sektorunda bu il 24 ölüm hadisəsinin baş verdiyini deyir. Bu ölüm hallarının dördü istehsalatla əlaqədar olub:

“Lakin 20 nəfərin ölümüylə nəticələnən hadisələrin 17-si Dövlət Neft Şirkətində olub. Bu da onu göstərir ki, insan faktoruna diqqət edən yoxdur. Insanlara sağlam iş şəraiti yaradılmır, sovetdən qalma infrastruktur çoxdan ömrünü başa vurub. Estakadalar, özüllər sıradan çıxıb. Ola bilsin ki, kağız üzərində bir neçə dəfə təmir işi aparılıb, amma görünən mənzərə bağışlanmazdır. Əsas neft yataqlarının əksəriyyətində əməliyyat şirkətləri yaradılıb. Bir azdan neft və qazçıxarma idarələrinin də bazalarında əməliyyat şirkətləri yaradacaqlar ki, ora sərmayə qoymağına dəyməz. Dövlət Neft Şirkətinin tərkibindən dövlət idarələri get-gedə çıxarılır və qurumun qeyri-rəsmi özəlləşdirilməsinə gedilir”.

Mirvari Qəhrəmanlı onu da qeyd edir ki, ARDNŞ-in idarə və müəssisələri sanki müharibə meydanına çevrilib. Hüquq müdafiəçisi baş verən hadisələrdə bu qədər insanın həlak olmasını bağışlanmaz hal sayır. O, insanlara iş şəraiti yaratmayan və bədbəxt hadisələrin səbəbkarı olan məsul şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını vacib sayır./azadlıq/
1234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10