Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

Etiraz aksiyaları və “xalq amili”

Müxalifət təməl haqqı olan etiraz aksiyalarını keçirtməkdə israrlıdır. Mitinqlərin keçirilməsi müxalifətin hələ də ortada olması və mübarizə aparması barədə rəy formalaşdırır. Məhdud resurslarla müxalifət bacardığını edir. Lakin bu gün Azərbaycanda yüz minlərlə insan hələ də öz taleyinə biganədir. Yüz minlərlə insan hakimiyyətdən narazı olsa da, siyasi proseslərə qoşulmaq istəmir. Aksiyalar vacibdir, lakin yüz minlərlə insan etiraz səsini ucaltmasa, nəyisə dəyişmək ehtimalı azalır.

Vətəndaşlar ölkədə baş verən haqsızlıqlara seyrçi qalırlar. Bunu anlamaq da mümkündür. İnsanlar sərt cəza aparatına qarşı gəlmək istəmirlər, dəyişikliklərin nəticəsində vəziyyətin daha da ağırlaşacağını ehtimal edirlər, siyasi proseslərdə iştirak edən tərəflərin heç də hamısının səmimiyyətinə inanmırlar, mübarizənin effektli ola biləcəyinə inam yoxdur, müxalifətdaxili didişmələrdən beziblər və s.

Bu tezislərdən hər birinin yaşamağa haqqı var. Lakin ən məntiqsizi öz biganə durumuna haqq qazandırmaq cəhdidir. Digər tərəfdən, xalqı da günahlandırmaq absurddur. Xalq son 20 ildə dəfələrlə ən ağır şərtlər altında öz sözünü deyib. Son illər mübarizənin səmərəsiz olması proseslərə mənfi təsir göstərib. Lakin xalqı öz gücünə və qələbəyə inandırmaq hələ də mümkündür. Ənənəvi şüar və taktika ilə isə buna nail olmaq son dərəcə çətindir.
Son illər keçirilən etiraz aksiyaları, tədbirlər proses yarada bilmədi. Xalq konkret hədəflər uğrunda mübarizə aparmaq istəyir. Kimlərinsə iqtidardan getməsini arzulamaq siyasi proseslərdə fəal iştirak etməyən insanlar üçün maraqlı deyil. Sıravi vətəndaş son dərəcə sadə suallara cavab tapmaq istəyir - hakimiyyət dəyişikliyi mənim həyatımda nələrə səbəb olacaq?
Digər tərəfdən, xalqı qələbəyə aparan passionarların zəifliyi ümumi nəticəyə mənfi təsir göstərir.

Lakin bütün bunlara baxmayaraq, ölkəni sosial etirazlar bürüməkdədir. Amma bir məqam da var - müxalifətin sonsuza qədər icazəsiz aksiyalar keçirmək taktikası artıq lazımi effekt vermir. Hakimiyyətin icazə verdiyi meydanda mitinq keçirməklə öz elektoratını mobilizə etməsi doğru qərardır. Lakin etiraz aksiyalarının məzmununda da müəyyən dəyişikliklər olmalı, konkret hədəflər müəyyən edilməlidir. Aksiyaların şüarları müxalifətin istəyini açıq şəkildə ifadə etməlidir. İştirakçısı azalıb, çoxalan aksiyaları konkret hədəflər uğrunda mübarizə metodu ilə əvəzləmək lazım gəlir.

Əgər aksiya iştirakçılarının sayı artarsa, hakimiyyət mitinqlərin keçirilməsini yenidən məhdudlaşdıra bilər. Yox, əgər mitinqlər keyfiyyət dəyişikliyinə nail olmayacaqsa, mitinqlər get -gedə sönə bilər. İnsanlar mübarizənin bəhrəsini görmək istəyirlər, bu baxımdan xalq müqavimətinin yaradılması və bütün narazıların vahid cəbhədə birləşdirilməsi son dərəcə vacibdir.

Mülkiyyət hüququndan məhrum edilən, məmur özbaşınalığından əziyyət çəkən insanlar mitinqlərə həvəslə gəlməlidirlər. Onları maraqlandırmaq, etiraz aksiyalarını yalnız partiya üzvlərinin gücünə arxalanaraq keçirmək elə də məqbul variant deyil.

Azərbaycanda insanları öz hüquqları uğrunda mübarizəyə səsləyəcək, pozulan sosial hüquqların müdafiəçisi olacaq xalq hərəkatı bu mərhələdə çox nəsnəni dəyişə bilərdi. Son günlər keçirilən aksiyalar da sübuta yetirdi ki, insanları daha çox sosial tələblər maraqlandırır. Odur ki, sosial tələblərlə kütləvi aksiyalar keçirmək variantı barədə düşünmək lazım gəlir. Sosial ədalətsizlik əksər ailələrin hüquqlarını əhatə edir, məhz, bu baxımdan, insanlar sosial tələblərə üstünlük verirlər.

Etiraz aksiyalarının yüz minlərlə insanın öz sözünü deyə bildiyi bir məkana çevrilmək zərurəti yaranıb. Heç bir inciklik protest elektoratını ayrı-ayrılıqda mitinqlər keçirtməyə vadar edə bilməz. Hədəf birdirsə, mübarizə də birlikdə aparılmalıdır. Xalq meydanlara axışmayacaqsa, uğur modelindən danışmaq da mümkün olmayacaq...

Azər RƏŞİDOĞLU/musavat
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11