Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

Sevinc Babayevanın necə ölməsi üzə çıxır

Onun oğlunun ilkin ifadələri də açıqlandı 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri bildirir ki, öncə hakim əlavə şahidlərin dindirilməsinə ehtiyac olub-olmadığını soruşdu. G.Əhmədovanın vəkili Əfsər Talıbov əlavə şahidlərin dindirilməsinə ehtiyac olmadığını dedi.

Cinayət işi üzrə bağlı şahidlərin dindirilməsi yekunlaşdırıldı və sənədlərin tədqiqinə başlandı.

Əvvəlcə Elşad Abdullayev və Sevinc Babayeva arasında olan telefon danışıqlarının ekspertizasının nəticəsi elan olundu. Ekspertizanın rəyinə görə, telefondakı səslər adıçəkilən şəxslərə məxsus olub. Audioyazıda səsin saxtalaşdırılması müəyyən olunmayıb.

Elşad Abdullayev, Sevinc Babayeva və Gülər Əhmədova ilə bağlı ekspertizanın rəyində də səslərin həmin şəxslərin özlərinə məxsus olduğu  açıqlanıb. Rəyin nəticəsinə əsasən sözügedən videoyazı da səsin saxtalaşdırılmasının mümkün olmadığı müəyyənləşdirilib.

Daha sonra Sevinc Babayevanın ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizasının nəticəsi elan olundu. Belə ki, Sevinc Babayeva səhhətində yaranan problemlərlə bağlı 1 saylı Şəhər Klinik Xəstəxanasına, Tusi adına Klinikaya, Mərkəzi Neftçilər Xəstəxanasına və Mərkəzi Gömrük Hospitalına müraciət edib. Xəstənin şikayəti ürək bulanması, qusma, qaraciyərin kəskin böyüməsi, qarın boşluğuna maye yığılması və ağciyər-ürək çatışmazlığından olub. Ona kəskin pnevmoniya və sağ tərəfli infarkt diaqnozu qoyulub. Türkiyədə kardioloji müayinə edilib. Cərrahpaşa və Esenyurd klinikalarında olub. Onun rəngi göyərib, xəstəyə ürək-ağciyər masajı tətbiq olunub. Vəziyyəti ağırlaşdığından reanimasiya şöbəsinə yerləşdirilib. Oradan “Medicana İnternational” xəstəxanasına köçürülüb. Həmin vaxt koma vəziyyətində olub, burnundan, boğazından  qanaxmalar baş verib, komaya düşüb və 26 dekabr, 2012-ci ildə xəstəxanada ölüb.

Sonra Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun anasının ölümü ilə bağlı Türkiyədə istintaq orqanına verdiyi ifadəsi elan olundu. Zərərçəkmiş hadisə ilə bağlı ifadə verərkən bildirib ki, Məryəm Solmaz adı ilə xəstəxanaya göndərilən xəstə əslində onun anası Sevinc Babayeva olub: “Atam 1 yaşım olanda vəfat edib. Anam universitetdə, sonrasa kitabxanada işləyirdi. Bir il olardı ki, anamın ürəyi ağrıyırdı. Xəstə olduğu üçün Türkiyəyə müalicəyə getmişdi. Anam Səlcuq adlı şəxslə Bakıda tanış olmuşdu. Onun Səlcuqu nə vaxtdan tanıdığını deyə bilmərəm. Səlcuq anama “bacı” deyə müraciət edirdi. Anam İstanbulda olarkən KİV-də onun ölümü ilə bağlı xəbərlər yayıldı. Onunla əlaqə saxladıqda dedi ki, mənə görə narahat olmayın, yaxşıyam. Bundan sonra xalamla mən Türkiyəyə - anamın yanına getdik. Anamın vəziyyəti yaxşı deyildi. Xəstəxanaya aparmaq istəsək də razı olmadı. Məlum video qalmaqalı yayılandan sonra anamın vəziyyəti daha da pisləşdi, ürəyindən ağrı tutdu.  Anamın ölümü ilə bağlı heç kimdən şübhələnmirəm. Əgər onun ölümünə kiminsə səbəb olması müəyyənləşərsə, həmin adamın qanun qarşısında cavab verməsini istəyirəm”.

Prosesdə Türkiyə vətəndaşı Səlcuq Ağlayanın Türkiyə istintaq orqanına verdiyi ifadə elan olundu. S.Ağlayan ifadəsində 7 ay öncə Azərbaycana gəldiyini və Sevinc Babayeva ilə Bakıda tanış olduğunu göstərib: “Türkiyədə işlərim o qədər yaxşı deyildi. Bu səbəbdən də biznes qurmaq məqsədilə Azərbaycana gəldim. Kirayə ev tutdum. Bulvardakı alış-veriş mərkəzində dostlarımla ticarət işləri ilə bağlı söhbət edərkən bir xanımla tanış oldum. Mənə adının Məryəm olduğunu, ayaqqabı biznesi iə məşğul olduğunu dedi. Həmçinin ürəyində problemlər olduğunu və Türkiyəyə müalicə olunmağa getmək istədiyini söylədi. Məndən ona yardım etməyimi istədi. Mən də razılaşdım. Bakıda işlərim alınmadığından ertəsi gün Türkiyəyə döndüm.  Sonra həmin qadın mənə zəng vurub Kadıköydə olduğunu dedi və onu qarşılamağımı xahiş etdi. İnsanlıq borcumu yerinə yetirib onu qarşıladım və otelə apardım. Mənə pasportunun yanında olmadığını dedi. Mənim pasportumla onu otelə yerləşdirdim. Otelin pulunu özü ödəyirdi.  14-15 gün orada qaldı. Çox xəstə idi. 26 dekabrda vəziyyətinin ağırlaşdığını və xəstəxanaya aparıldığını öyrəndim. Xəstəxanaya getdim. Həkim onun hansı dərmanlar qəbul etdiyi soruşdu. Mən də dərmanları gətirib göstərdim. Məryəmin Ayxanın bacısı olduğunu bilmişəm. Ayxan Türkiyəyə gələndə onun Məryəmin oğlu olduğu mənə məlum olub. Məryəm xəstəxanada öldükdən sonra Ayxana mesaj yazdım ki, başınız sağ olsun. Məryəmlə mənim aramda heç bir yaxınlıq əlaqəsi olmayıb. Yalnız insanlıq naminə ona köməklik etmişəm”.

Məhkəmə prosesi noyabrın 18-də saat 10:30-da davam etdiriləcək.

2398 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22