Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

İlyas İsmayilov məmurları “topa tutdu”

“Dövlət pulu bir cibindən götürüb, başqa bir cibinə qoyur”

Parlamentin büdcə müzakirələri aparılan bugünkü iclasında Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov da çıxış edib. Ədalət sədri əvvəlcə müzakirəyə çıxarılan dövlət büdcəsi layihəsində bir neçə müsbət halı qeyd edib: “Birincisi, gələn ilin büdcəsində Dövlət Neft Fondundan transfertlərin həcmi 7,7 % azaldılıb. İkincisi, gələn ilin dövlət büdcəsinin xərclər hissəsində sosial sferanın geniş maliyyələşməsi nəzərdə tutulur, yəni, büdcə, birmənalı olaraq sosial yönümlüdür. Və üçüncüsü, 2014-cü ildən etibarən Sumqayıt, Mingəcevir, Şirvan şəhərlərinin və Abşeron, İmişli rayonlarının dotasiyaya ehtiyacları olmayacaqdır. İnanıram ki, bu siyahı hələ genişlənəcək”.

İ.İsmayılov sonra bu gün artıq hamının müzakirə etdiyi və günü-gündən daha real görünən tarif artımından danışıb: “Zənnimcə, bu artımın nə dərəcədə qaçılmaz olduğu hələ müzakirə olunmalıdır. Bildiyimiz kimi, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi tikintidir.

Vergilər xətti ilə toplanacağı nəzərdə tutulan 2 mlrd 139 mln manatın 70 %-i dövlət büdcəsindən əsaslı vəsait qoyuluşuna ayrılan puldan götürülür, belə demək mümkündürsə, dövlət pulu bir cibindən başqa bir cibinə qoyur ki, bunun da əlavə dəyər yaratmaqla heç bir əlaqəsi yoxdur. Bu heç iqtisadi proses də sayıla bilməz.

Büdcə təşkilatlarının kommunal xərcləri üçün ayrılan vəsaitin büdcə layihəsində birdən-birə 85 faiz artırılması da əslində dövlətin pulu yenə də bir cibindən başqa cibinə qoymasıdır. Amma tarif artımı əhali üçün real iqtisadi və sosial yük olacaq. Bəs əhali üçün tariflərin artırılmasından necə yayınmaq olar?

Baxın, əlavə dəyər yaratdığımız, yəni böyük vergi payı olan 627 mln manat əsasən nəft-qaz sektorunda işləyən şirkətlərin hesabınadır. Sual yaranır: hardadır bizim özəl sektorumuz və onun lideri olan tikinti?

Mən hələ özəl sənaye və sosial tikintidən danışmıram, hərçənd ölkədə hər il özəl tikinti şirkətləri tərəfindən onlarla yeni dövlət obyektləri və özəl müəssisə tikilir və istifadəyə verilir. Mən böyük miqyasda aparılan mənzil tikintisini qeyd etmək istəyirəm. Təkcə özəl şirkətlərin gücü ilə Azərbaycanda ildə orta hesabla 1,8 milyon kvadratmetr yaşayış sahəsi istifadəyə verilir – bunu rəsmi statistika deyir. Ancaq gəlin baxaq görək, bu rəqəm reallıqda necə olmalıdır? Bizim kimi neft ölkələri sayılan MDB ölkələri Rusiya və Qazaxıstanda il ərzidə adambaşına müvafiq olaraq 0,9 -1,3 kv.metr yaşayış sahəsi istifadəyə verilir. Bizdə bu göstərici heç 0,2 kv. metri də aşmır. Deməli, ən azından göstərilən qədər də mənzil sahəsinin tikintisi statistikadan və vergidən yayındırılır.

Bundan başqa, tikinti sektoru əmək və vergi qanunvericiliyinin ən çox pozulduğu sahələrdəndır. İnşaat şirkətləri vergi və sosial ayırmalardan qaçmaq üçün işçilərin real sayını və əmək haqqını gizlədir. Bu, həm işçilərin qanuni hüquqlarını pozur, həm də vergi baxımından böyük itki deməkdir. Bu da sirr deyil ki, Azərbaycanda əksər tikinti şirkətlərinin güclü himayədarları var və bu himayədarlıq tək qanunçuluğa deyil, həm də dövlətin vergi siyasətinə ziddir. Bəs nəyə görə dövlət bu sahədə və ümumiyyətlə, “kölgə iqtisadiyyatı”nın bütün sahələrində qayda-qanun yaratmaq əvəzinə, onlardan yığa bilmədiyi vergi yükünü tarif şəklində əhalinin çiyninə yükləməlidir?

Hesab edirəm ki, “kölgə iqtisadiyyatı”nın üzə çıxarılması vasitəsilə vergi yığımını xeyli artırmaq olar. Bundan başqa, dövlət idarəetmə strukturına yenidən baxaraq, bir çox respublika və rayon səviyyəli qurumları ləğv etmək və ya birləşdirmək, özünü doğrultmamış təşkilatların maliyyələşməsini dayandırmaq lazımdır.

Bir misal gətirim. 100% özəl sahə olan kənd təsərrüfatına "büdcə dəstəyi" adı altında aqrolizinqlərə, regional kənd təsərrüfatı idarələrinə, "damazlıq", "toxumçuluq" adı altında kağız üzərində olan “təsərrüfatlara” niyə büdcədən vəsait ayrılmalıdır?

Dövlət dəstəyinin ünvanlılığını təmin etmək əvəzinə bu qədər strukturlar yaratmaq, hər birinin başına bir məmur qoyaraq, onlara "büdcə hesabına biznes sahələri yaratmaq" nəyə lazımdır?

Sonda yenə də qeyd etmək istəyirəm - hesablamalara görə, orta Azərbaycan vətəndaşı aylıq gəlirinin 40-60 faizini ərzağa, 20-30 faizini kommunal xərclərə yönəldir. Yerdə nə qalır? 10 faiz! Bu 10 faizi də əlindən alaq?

Hörmətli deputatlar! Hesab edirəm ki, xalqın güzəranına zərbə vurmadan, büdcə problemlərini həll etmək mümkündür. Sadəcə bu gün Azərbaycanın dövlət idarəçiliyi sistemində, onun yuxarı və orta pillələrində elə bir məmur təbəqəsi formalaşıb ki, onların heç də hamısı real islahatların aparılmasında, “kölgə iqtisadiyyatı” ilə ciddi mübarizədə maraqlı deyil, çoxları isə ümumiyyətlə islahatın nəyə deyildiyini bilmirlər. Elə bu iki səbəbdən ölkəmiz, xalqımız öz əmək və yaradıcı potensialından tam yararlana bilmir”./virtualaz/
2182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:25