Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2014

Mitinq üçün yenidən müraciət ediləcək

Tədbirdə mitinq keçirmək üçün Bakı ŞİH-nə yenidən müracəit edilməsi qərara alındı

Azərbaycan İslam Partiyası (AİP) Analitik İnformasiya Mərkəzinin (AİM) növbəti toplantısı keçirilib.
İslaminsesi.org saytının AİP-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, toplantıda partiyanın mitinq keçirmək üçün Bakı ŞİH-nin mitinq müraciətinə cavabı, Azərbaycan-İran münasibətləri, ölkədə və dünyada baş verən hadisələr müzakirə olundu.

AİM sədri Üzeyir Heydərli toplantını açıq elan edərək, Bakı ŞİH-nin AİP-in mitinq keçirmək barədə ünvanladığı müraciətə verdiyi cavabı oxudu. Və qeyd etdi ki, meriya həmin tarixdə mitinq keçirmək üçün AXCP-nin də müraciət etdiyini əsas gətirərək, İslam Partiyasının aksiya keçirməsini məqsədəuyğun saymayıb:

«Bu, əlbəttə, gülünc bir cavabdır. Çünki AXCP-nin mitinq keçirmək istəyi ilə bağlı mətbuatda heç bir məlumat getməyib. Bir də ki, məgər Azərbaycanda mitinq keçirmək üçün başqa bir məkan yoxdurmu? Bütün bunlar onu göstərir ki, Konstitusiyada təsbit olunduğuna baxmayaraq, sərbəst toplaşmaq azadlığı ümumiyyətlə yoxdur. AİP zaman-zaman təzyiqlərə məruz qalıb. Və həmişə də sınaqlardan üzüağ çıxıb. İndiyə qədər də ölkədə baş verən proseslərlə bağlı proqnozları özünü tamamilə doğruldub. Hakimiyyət yaxşı başa düşür ki, islamçıların nüfuzu böyükdür. Ona görə də həmişə təzyiq altında saxlamağa, fəaliyyətinə mane olmağa çalışır».

Mitinqin təşkilat komitəsinin üzvü, AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli isə müraciətin məzmunu barədə qısa məlumat verərək təəssüflə bildirdi ki, Bakı meriyası məqsədli şəkildə mitinqin keçirilməsinə şərait yaratmaqdan imtina edib:

«İcra Hakimiyyətində yaxşı başa düşürlər ki, islamçıların mitinqi genişmiqyaslı olacaqdı. Yəni aksiyanın yüksək səviyyədə keçiriləcəyindən ehtiyatlanaraq sadəcə bəhanə edir. Ancaq bu o demək deyil ki, meriya sərbəst toplaşmaq haqqında qanunu pozmalıdır. AİP-in yolu haqq yoludur. Bunu da yaxşı bilirlər. Əgər AXCP-nin mitinq keçirmək barədə müraciəti varsa, mətbuata məlumat verilməliydi. Amma belə bir məlumat yoxdur. Bu halda hesab edirəm ki, təşkilat doğrudan da mitinq keçirəcəksə, onda belə çıxır ki, bu, AİP-in mitinqinə əngəl törətmək üçün hakimiyyətlə həmin qurumun birgə ssenarisidir. Qərb Qarabağ problemi ilə bağlı Azərbaycana necə yanaşırsa, Azərbaycan hakimiyyəti də İslam Partiyasına, İslama, islamçılara o cür, ikili standartlarla yanaşır».

AİP-in sədr əvəzi Elçin Manafov da məsələ ilə bağlı fikirlərini bildirərək dedi ki, İslam Partiyası belə bəhanələri çox görüb.

E.Manafov rəhbərlik etdiyi qurumun mübarizəni həmişə sivil yolla apardığını da vurğuladı. Və dedi ki, bu cavabdan sonra bizim iki yolumuz qalır:
"Ya bir daha müraciət etmək, ya da icazəsiz aksiya keçirmək. Amma Hacı Mövsüm Səmədovun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı məhkəmənin hökmündən verilən apellyasiya şikayəti əsasında keçiriləcək məhkəmə hələ qabaqdadır. Ona görə də hesab edirəm ki, mitinq üçün yenidən müraciət etməliyik. Ola bilsin ki, tələblərimiz nəzərə alındı və M.Səmədov Qobustan həbsxanasından əvvəlki yerinə qaytarıldı».

AİP sədrinin təşkilati məsələlər üzrə müavini Vüqar İbayev də meriyanın cavabının ssenari olduğunu, mətbuatda heç bir açıqlama verilmədiyi üçün AXCP-nin mitinq keçirmək planının hakimiyyətlə razılışdarıldığını vurğuladı.

O, AİP-in bundan sonra mitinqi hansı formada keçirməli olduğuna da toxundu:

«İcazəsiz mitinqdə təxribat törədilə bilər. Ola bilsin ki, bununla bizi radikallığa sürükləmək, bundan istifadə edib partiyaya qarşı yeni təzyiqlərə başlamaq istəyirlər. Hər halda mitinq üçün yenidən müraciət olunmalıdır».

AİP sədrinin müavini Elşən Orucov da hələlik icazəsiz mitinqin məqbul olmadığını bildirdi. Və dedi ki, belə hallarda iştirakçıların sayı adətən çox az olur. Bu isə AİP-in nüfuzuna zərbədir. Ola bilsin ki, icazə verməməkdə məqsədlərdən biri də budur. Yəni mən də baş verənlərin ssenari olduğunu düşünürəm.

Natiq Kərimov, Rövşən Nuriyev, Elmar Səmədov və digərləri də çıxış edərək, mitinqə icazə verilməməsini islamçıları təxribata, radikallığa sürükləmə ssenarisinin tərkib hissəsi kimi qiymətləndirdilər.

Toplantı iştirakçıları daha sonra İran-Azərbaycan münasibətləridə də toxundular. Natiqlər İran Prezidenti Həsən Ruhaninin ölkəmizə səfərini yüksək qiymətləndirərək bildirdilər ki, yüksək səviyyədə keçirilən danışıqlar ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək, iqtisadi inkişafı sürətləndirəcəkdir. Həmçinin iki ölkə arasında viza rejimi yüngülləşəcək. Çıxış edənlər prezidentlərin görüşünə münasibət bildirərək xatırlatdılar ki, prezident İlham Əliyev İranın həmişə Dağlıq Qarabağ problemi ilə bağlı bizə dəstək olduğunu vurğulayıb. Görüşlə bağlı daha bir mühüm məsələyə də diqqət yetirildi:

«H.Ruhani və İ.Əliyev qeyd etdilər ki, əlaqələrimiz hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib. Azərbaycan prezidenti isə vurğuladı ki, ölkəmizin ərazisindən heç vaxt İrana qarşı istifadəyə yol verilməyəcək».

AİM üzvləri gündəlikdə duran üçüncü məsələ ilə bağlı da fkirlərini bildirəndən sonra növbəti mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraiət edilməsi qərara alındı./Islaminsesi/
1184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber