Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2014

Bayıldan 10 min ailə köçürülür

Ərazidə evləri söküləcək mülk sahiblərinə bildirişlər göndərilib; “Bu xəbərlər yayılandan sonra sakinlərə rüşvətlə evlərini sənədləşdirmək təklif olunur”
Bir müddət öncə Bakının Səbayel rayonu ərazisində söküntü işlərinin aparılacağı barədə xəbər yayılmışdı. Belə ki, Bayılda - “20-ci sahə” deyilən ərazidə plana düşən evlərin tamamilə söküləcəyi, sənədsiz evlərə görə isə sakinlərə kompensasiya ödənilməyəcəyi bildirilirdi. Bu isə10 minə yaxın insanın evsiz qalması deməkdir.

Artıq Arif İsmayılov, Salyan Döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsinə hazırlıq gedir. Ərazidə olarkən sakinlər də yayılan xəbərləri təsdiqlədilər.

Məsələnin mahiyyəti odur ki, ARDNŞ yerli sakinləri məhkəməyə verərək, bütün prosesləri udub. İşin müəmmalı tərəflərindən biri odur ki, məhkəməyə müraciət ünvanlayan ARDNŞ olsa da, sakinlərə bildirişlər Səbayel Rayon İcra Hakimiyyətindən göndərilir. Evləri plana düşən sakinlərin, demək olar ki, əksəriyyəti bildirişləri alıb.

Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, ərazidə söküntü işlərinə Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərar veriləndən əvvəl başlanılıbmış. Lakin bir qədər sonra işlər müvəqqəti olaraq təxirə salınıb.

Evinin sökülməsi gününü gözləyən ağsaqqal Namiq Hüseynov 7 nəfər ailə üzvü ilə birlikdə küçələrdə qalacağını söylədi: “5 ilə yaxındır ki, bu ərazidə yaşayıram. İndiyə qədər müntəzəm olaraq, qaz, işıq və su pulu ödəmişik. Dəfələrlə evimizi sənədləşdirmək üçün aidiyyəti orqanlara müraciət etmişik. Lakin hər müraciətimizdə işimizi yubatdılar. Sanki bugünkü proseslərə hazırlıq işləri görürmüşlər. 7 nəfər ailə üzvümüzü oğlumla birlikdə güc-bəla ilə dolandırırıq. Başqa yerdə ev tikməyə imkanımız yoxdur. İndi küçədə qalmalıyıq? 3 minə yaxın evin sökülməsi planlaşdırılır. Bu 10 minə yaxın sakinin evsiz-eşiksiz qalması deməkdir. Bunlar nə düşünür, hələ də mənə çatmır. Zamanı gözləyirik. Yəqin ki, bu qədər də ədalətsizlik olmaz”.

Onu da qeyd edək ki, plana düşən ərazilərdə qanuni sənədləri olan evlər də az deyil. Amma bunlara baxmayaraq, bu sakinlərə də kompensasiya ilə bağlı heç nə deyilməyib.

Adının çəkilməsini istəməyən taksi sürücüsü isə inanılmaz faktlar açıqladı: “Mən inanmıram ki, bu qədər sakinin evi birdən-birə sökülsün. Sadəcə məqsəd rüşvət yığmaqdır. Bir fakt qeyd edim ki, bu xəbərlər yayılandan sonra tanıdığım insanlar var ki, külli miqdarda pul verərək, evini sənədləşdirib. Bu ərazidə yaşayanların əksəriyyəti məcburi köçkün, şəhid ailələri və müharibə veteranlarıdır. Yəni evlərinin sənədi yoxdur. Məqsəd bu ailələrdən pul yığmaqdır. Kiçik bir ərazidə söküntü işləri aparılıb. Burada məqsəd digərlərinə qorxu yaratmaqdır. Evlərinin sənədləri olmayan sakinlərə icradan gizli olaraq müraciətlər edilir ki, gəlin evinizi sənədləşdirək. Çünki gələcəkdə bu ərazidə söküntü işləri aparılsa, sənədi olan evlərə kompensasiya ödənilməlidir. Bu baxımdan məcbur qalan sənədsiz evlərin sakinləri rüşvət müqabilində yaşayış yerlərini qanuniləşdirirlər”.

Onu da bildirək ki, ərazidə aparılan söküntü işlərinin bəzilərinin müqabilində mülk sahiblərinə kvadratı 1500 manatdan kompensasiya ödənilib. Bu isə həmin ərazidə Şahmat Sarayının tikintisi ilə əlaqədar olub.

Hazırda söküntü işləri adları çəkilən ərazilərdən olan Salyan Döngəsi II-də aparılır. Ərazinin ucqar yerlərində evlərin sökülməsi prosesi başa çatdırılıb.

Sakinlər bir maraqlı fakt da açıqladılar ki, evlərin sökülməsi onların öz hesablarına həyata keçiriləcək. Bu tələb aidiyyəti orqanlar tərəfindən onların qarşısına qoyulub.

“Torpaq sahəmi bələdiyyəyə pul verərək almışam. Ev tikmək üçün də pul ödəmişəm. Bildiriş gələndən sonra İcra Hakimiyyətinə müraciət etdim. Mənə dedilər ki, bələdiyyədən şikayət et. Bələdiyyə də bunların qoruduğu qurum deyilmi? ”Səndən sənə şikayətim var"-buna deyərlər. Əgər illərdir yaşadığımız ərazi qanunsuz idisə, nə üçün küçə adı verirdilər? Burada söhbət bir nəfərin yox, minlərlə insanın taleyindən gedir. Dövlət başçısına müraciət edirik, bizə kömək edin" - deyə Xədicə adlı sakin bildirdi.

Sonda onu xatırladaq ki, ərazidəki evlərin sökülməsinə səbəb kimi, qəsəbənin abadlaşdırılması, iri layihələrin həyata keçirilməsi və Milli Parkın həmin əraziyədək uzadılması planı göstərilir./musavat/
873 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı