Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

Elman Rüstəmov, gözlənilən bahalaşma və 3,5 faiz...

Maliyyə naziri tariflərin artırılmasının qaçılmaz olduğunu bəyan etdiyi halda Mərkəzi Bank rəhbəri niyə aşağı inflyasiya proqnozlaşdırır? 

Parlamentdə 2014-cü il üçün dövlət büdcəsinin müzakirələri zamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov gələn il inflyasiyanın birrəqəmli olacağını bildirib.

Mərkəzi Bank rəhbərinin proqnozuna görə, gələn il ölkədə inflyasiya səviyyəsi 3,5 faiz proqnozlaşdırılır. Virtualaz.org saytının təhlilçiləri bu proqnozun nə dərəcədə reallığa uyğun olduğunu araşdırıb.

Qeyd edək ki, son illər ölkədə inflyasiyanın səviyyəsi həqiqətən aşağıdır və birrəqəmlidir. Ötən il inflyasiya ümumiyyətlə cüzi olmuşdu və 1,2 faiz həddində idi. Ancaq bu il inflyasiya tempi bir qədər artıb. Mərkəzi Bank rəhbərinin parlamentdə səsləndirdiyi proqnoza görə, ilin sonunda inflyasiyanın 3,3 faiz olacağı gözlənilir. Yəni ötən ilki bahalaşma səviyyəsindən təxminən iki dəfə artıq.

Aşağı inflyasiya vacib makroiqtisadi göstəricidir və iqtisadiyyatın stabil inkişafı, əhalinin pul gəlirləri ilə xərcləri arasında balansı təmin etmək baxımından çox əlverişlidir. Təsadüfi deyil ki, prezident İlham Əliyev hər dəfə çıxışlarında inflyasiyanın aşağı olmasını iqtisadi inkişafın vacib göstəricilərindən biri kimi vurğulayır.

Bəs Mərkəzi Bank rəhbəri inflyasiyanın gələn il də təxminən eyni səviyyədə qalacağını elan etməklə səhvə yol vermir ki?

Axı 2014-cü il büdcəsi bahalaşma və “kəmərləri sıxma” büdcəsidir. Maliyyə naziri Samir Şərifov parlamentdə büdcəyə dair müzakirələr zamanı gələn il ölkədə enerjidaşıyıcılarının, kommunal xidmət tariflərinin artırılmasının qaçılmaz olduğunu elan etdi.

Onsuz da hökumətin gələn il tarifləri artırmağa hazırlaşdığı və hətta qərarını verib hesablamalarını bu artımın əsasında apardığı S.Şərifovun bahalaşma etirafına qədər də məlum idi. Büdcə layihəsində dövlət strukturlarına yanacağın, elektrikin və digər kommunal xidmət haqlarının ödənilməsi üçün əhəmiyyətli ölçülərdə çox vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Yəni hökumət büdcədən maliyyələşən strukturları bahalaşmaya hazırlaşırdı.

Əgər belədirsə, ölkədə inflyasiya gələn il də builki kimi birrəqəmli səviyyədə və 3,5 faiz həddində qala bilərmi?

İqtisadi nəzəriyyə və təcrübə deyir ki, yox. Çünki enerjidaşıyıcılarının qiymətlərində azacıq artım belə dərhal bütün növ mal və xidmətlərin maya dəyərinin artmasına, nəticədə bahalaşmasına bilavasitə təsir edir.

Gözlənildiyi kimi, əgər hökumət gələn il benzini, qazı, elektriki, suyu və digər tarifləri orta hesabla 20-40 faiz arasında artıracaqsa, bu artım dərhal kütləvi bahalaşmaya səbəb olacaq. Nəticədə gələn il real inflyasiya heç cür ikirəqəmlidən aşağı olmayacaq.

O zaman sual meydana çıxır: cənab Rüstəmov gələn il üçün inflyasiyanı hesablayanda səhvə yol veribmi? Axı Mərkəzi Bankın sədri hesab işlərini pis bilmir, o, pul-kredit siyasəti üzrə ən təcrübəli və peşəkar kadrlardan biridir. Hələ onu demirik ki, cənab Rüstəmov “şapka” hesablamaq işində də naşı deyil. Hazırda Avstriya məhkəməsi Azərbaycan manatının çapı üçün bir neçə il ərzində bu ölkənin “OeBS” şirkətinə verilmiş sifarişlərin əvəzində Mərkəzi Bank rəhbərinə on milyonlarla avro rüşvət ödənilməsi ilə bağlı işə baxır. Həmin pullar Panamada qeydiyyatdan keçmiş “Venkoy” offşor şirkətinin hesablarına transfer edilmişdi.

Belə görünür ki, yox, E.Rüstəmov inflyasiyanı hesablamaq vərdişlərini itirməyib və əslində gələn il ölkədə bahalaşmanın hansı səviyyədə olacağını əla bilir. Lakin yüksək inflyasiya proqnozunun onun tərəfindən indidən, büdcə müzakirələri zamanı açıqlanması iqtisadiyyatda ciddi çaxnaşmaya səbəb olardı. Onsuz da bahalaşmanın qaçılmaz olduğu haqda hökumətdən edilən xəbərdarlıqların təsiri altında qiymətlərin artımı prosesi başlayıb.

Əslində Mərkəzi Bank rəhbəri də təsdiq edir ki, bahalaşma olacaq. E.Rüstəmov 2014-cü il büdcəsinin ölkənin yeni iqtisadi doktrinasının əsasını qoyduğunu bildirib. Hansı ki, virtualaz.org saytının təhlilçiləri maliyyə nazirinin bahalaşma anonsunun ardınca hökumətin iqtisadi siyasətində ciddi dəyişikliklər etdiyini göstərmişdi. Vurğulanmışdı ki, hökumət iqtisadiyyatın nəhayət neftdən asılılığını radikal şəkildə, qeyri-neft sektorunun inkişafı hesabına  azaltmağı qərara alıb.

Hazırda bunun ən optimal yolu yeni “şok terapiyası”, yəni qiymətlərin kəskin artımını və yüksək inflyasiyanı başlatmaqla qeyri-neft sektorunda iqtisadi sıçrayışa təkan verməkdir.

E.Rüstəmov bildirib ki, Dövlət Neft Fondundan (DNF) büdcəyə transferlərin azaldılması siyasəti başlayır və ölkənin gələcək iqtisadi artımı digər amillərə - qeyri-neft sektoruna söykənəcək. Fond diqqəti əsas funksiyaya - qənaət, ölkənin neft gəlirlərinin çoxalması və ən əhəmiyyətli layihələrin və istiqamətlərin maliyyələşdirilməsinə cəmləyəcək. DNF-dən transfertlər ən müxtəlif sahələrə - infrastruktur, təhsil və digərlərinə investisiyalarla əvəz ediləcək.

Bəs Mərkəzi Bank rəhbərinin 3,5 faizli inflyasiya proqnozu düz çıxmayanda necə olacaq? Məsələn, məlum olanda ki gələn  ilin ilk 4 ayında bahalaşma illik proqnozu üstələyir, o zaman hökumətin hesablamaları baş-ayaq olmayacaq ki?

Görünür, Mərkəzi Bankda və hökumətdə bu ehtimalı nəzərə alıblar. Axı əvvəllər dəfələrlə E.Rüstəmovun aşağı inflyasiya proqnozlarının düz çıxmadığı vaxtlar olub... 

2582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:47
B