Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

"Qapıların bağlandığını və paslandığımızı gördüm"

“Kimsə düşünürsə ki, Bakıda qalıb, hər səhər oyanıb, çayxanaya gedib domino oynamaqla günlərimizi keçirməliyik, yanılır”- Bəxtiyar Hacıyev

Xəbər verdiyimiz kimi, noyabrın 16-da gənc fəal Bəxtiyar Hacıyev qeyri-müəyyən müddətə ölkədən köçüb.

O, bu barədə “Qafqazinfo”ya kiçik müsahibə verib:

- Hansı ölkəyə getmisiniz?
- Hazırda Avropa ölkələrindən birindəyəm. Amma bir şeyi qeyd edim ki, gəlişim nə mühacirət, nə də siyasi sığınacaq axtarışı ilə bağlı deyil. Mən Azərbaycana bağlı insanam və bağlı da qalacam. Mənim məqsədim sadəcə Azərbaycanda müsbət dəyişikliklər, demokratik cəmiyyətin qurulması, hüququn aliliyinə dayanan dövlətin formalaşdırılması, vətəndaşlarımızın rifahı, gənclərimizin elm, təhsil, iş imkanlarının artırılmasıdır. Harada olmağımdan asılı olmayaraq, bu istiqamətdə işləri davam etdirməyə çalışacam.

- Ölkədən köçməyinizə nə səbəb oldu?
- Hər vəchlə faydalı iş əmsalımızın sıfıra endirilməsi, faydalı təşəbbüslərin qarşısının alınması, bütün qapıların bağlanması, yalnız həbsxana və ölkədən çıxış qapısının açıq qoyulmasıdır. Mən ABŞ-da təhsilimi başa vurduqdan sonra 2010-cu ildə Azərbaycana qayıtdım, parlament seçkilərində iştirak etdim. Ondan sonrakı 4 il ərzində şərti cəza da daxil olmaqla, 2 il həbsdə keçirdim. Sonrakı iki ildə isə getdikcə, qapıların bağlandığını və paslandığımızı gördüm. Bütün bunlara baxmayaraq, məhdud imkanlar çərçivəsində də fəaliyyət göstərməyə çalışırdıq. Amma son zamanlar vətəndaş cəmiyyətinə qarşı basqılar, müstəqil QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətindəki addımlar bizim işləri dayandırdı. Kimsə düşünürsə ki, Bakıda qalıb, hər səhər oyanıb, çayxanaya gedib domino oynamaqla günlərimizi keçirməliyik, yanılır.

- Niyə məhz indi getdiniz? Hansısa təzyiq vardı?
- İndi getməyimə iki səbəb vardı. Birincisi, əvvəl də qeyd etdiyim kimi, fəaliyyətimizin məhdudlaşdırılması və faktiki olaraq paslanmağımız. İkincisi isə həbsdə olan dostlarımız və üzərimdə mənəvi borcu, xidməti olmuş və hazırda həbsdə olan tanınmış hüquq müdafiəçilərinin müdafiəsi ilə bağlı fikirlərimin, addımlarımın təzyiqlə qarşılanması oldu. Bir ay bundan əvvəl Praqada keçirilən “Forum2000” zamanı çıxışımda mən öz həbsimlə yanaşı, hazırda həbsdə olan dostlarım və başda hüquq müdafiəçisi İntiqam Əliyev olmaqla, hazırda öz fəaliyyətlərinə görə məhkum edilmiş şəxslər haqqında danışdım. Bu çıxışıma görə yumşaq desək, heç də xoş olmayan xəbərdarlıqlar aldım.
Bir şeyi bildirmək istəyirəm ki, mən Gəncədə həbs olunanda, öz dövlətimin polisləri mənə qarşı fiziki güc göstərəndə İntiqam Əliyev hər həftə Bakı-Gəncə-Bakı arasında özü ilə birlikdə bir neçə vəkillə mənim hüquqlarımı müdafiə etmişdi və mənim onun həbsi barədə danışmağım dostluğa vəfadır, mənəvi borcdur. Onu da unutmaq lazım deyil ki, hüququn aliliyi olmayan dövlətdə heç kim həbsxanadan sığortalanmayıb. Əgər hakimiyyətin ən güclü nazirlərindən ikisi uzun illər həbsdə qaldısa, deməli, bir gün hamı hansısa siyasi göstərişlə həbsxanaya düşə bilər. Həmin insanları bir daha düşünməyə, özlərini mənim və İntiqam Əliyev başda olmaqla, digər məhbusların yerinə qoymağa çağırıram. Onlar həbsə düşəndə dostlarının susmasını, yoxsa onları müdafiə etməsini istəyərdilər?

- Avropada nə iş görəcəksiz?
- Hələ ki, qısamüddətli təcrübə proqramı keçəcəyəm. Bundan sonra təhsil və digər imkanları dəyərləndirəcəyəm. Azərbaycanı, ailəmi, dostlarımı, yaxınlarımı və insanlarımızı tərk etmək asan deyil və heç kim öz xoşu ilə öz ölkəsini tərk etmək istəməz. Azərbaycanla bağlı qapını bağlamıram. Nə vaxt Azərbaycanda faydalı olacağıma inansam, bunun üçün normal mühit olduğunu görsəm, qayıdacam.
1281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı