Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

Öldürülən zabitin anası fəryad edir

"Oğlumun qanını batırırlar"

Bir neçə gün öncə Masallı rayon sakini, Azərbaycan Ordusunun zabiti Xalid Ələsgər Oğlu Şirəliyevin müəmmalı ölümü barədə məlumat vermişdik.

Bu gün mərhum zabitin anası Zahirə Şirəliyeva Arqument.Az-a oğlunun öldürülməsi ilə bağlı sensasion məlumat verib. O bildirib ki, mərhum zabit səhhəti ilə əlaqədar ordudan yayındığı üçün axtarışda olub. Ölümüdən iki gün öncə Hərbi Polisin əməkdaşları evə onu qulluq etdiyi hərbi hissəyə aparmağa gəldiklərini bildiriblər.

Zahirə Şirəliyeva deyir ki, oğlu Xalid Şirəliyevi 31 oktyabr saat 10:00 radələrində şəxsən özü Hərbi Polisin əməkdaşlarına təhvil verib. Özü də Biləcəridə yerləşən Hərbi Polisə gedərək orada polkovnik-leytenant Feyzi Hüseynovla görüşüb. Feyzi Hüseynov özünü Hərbi Polisin rəisi kimi təqdim edib. Həmin binanın 5-ci mərtəbəsində Feyzi Hüseynov Şirəliyevaya deyib ki, heç bir narahatlıq yoxdur: "Oradan bildirdilər ki, Xalidi qulluq etdiyi qornizona göndərəcəklər. Dedi ki, hər şey yaxşı olacaq. Axşama doğru isə Xalid zəng edərək "Papanin"dəki hospitalda olduğunu, buraya müayinəyə gətirildiyini dedi. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmadı. Mən yenidən Biləcəridəki Hərbi Polisə gedib Feyzi Hüseynovla görüşmək istədim. Dedilər ki, burada belə bir adam yoxdur. Mənə orada Xalidin artıq Bərdəyə aparıldığını bildirdilər. Qohumlarımız Bərdədəki hərbi hissəyə getdilər. Orada isə demişdilər ki, hərbi hissəyə bu zabitin ölməsi barədə məlumat veriblər. Feyzi Hüseynovun mənə verdiyi mobil nömrəyə zəng edib əlaqə saxlamağa çalışdım. Həmin gündən indiyədək onun telefonuna zəng çatmır".

Zabitin anasının sözlərinə görə, Xalidi Hərbi Polisə təhvil verdiyindən 3 gün keçdikdən sonra onun nəşi "Semaşko" xəstəxanasının morqundan tapılıb. Amma bununla bağlı ailəsinə heç bir məlumat verilməyib. Anası bildirir ki, Xalid Şirəliyevin meytinin morqa necə gedib çıxması və onun kimlər tərəfindən öldürülməsi müəmmalı olaraq qalıb.

Anası iddia edir ki, oğlunun meyitinə baxış zamanı çəkilən fotolardan onun işgəncə ilə öldürüldüyü açıq görünür: "Başında ağır kəsilmiş yara, bundan əlavə bədənində zərbə izləri də var idi. Bütün bədəni göyərmişdi".

Z. Şirəliyeva bildirir ki, cinayət olayı ilə bağlı iş Nəsimi rayon Prokurorluğundadır. Amma hələ ki, onlara heç bir məlumat verilmir.

Nəsimi rayon prokurorluğundan isə məsələyə münasibət öyrənə bilmədik. Prokurorluğun xanım əməkdaşı bildirdi ki, məsul şəxslər günün ikinci yarısında işdə olacaqlar.

Məsələ ilə əlaqədar Bakı Şəhər Prokurorluğundan bildiriblər ki, onlarda Xalid Şirəliyevin öldürülməsi ilə bağlı heç bir məlumat yoxdur və bu məsələdən ümumiyyətlə, xəbərsizdirlər.

Zahirə Şirəliyeva isə hadisə ilə bağlı şəxsən Baş Prokuror Zakir Qaralova müraciət olunduğunu deyir: "Hadisədən sonra nə zabitin qeydiyyatda olduğu Masallı rayon Prokurorluğundan, Müdafiə Nazirliyindən, nə də hər hansı bir dövlət qurumundan məsələyə münasibət bildirilməyib. Heç oğlunun dəfni zamanı da onlarla maraqlanan olmayıb. Masallı rayon Prokurorluğuna da bu cinayət olayı ilə bağlı məlumat verilib".

Onun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi isə nə bu məsələ barədə onlara məlumat verib, nə də baş verənlərlə qətiyyən maraqlanıb.

Müəmmalı şəkildə dünyasını dəyişən zabitin anası ölkə başçısı İlham Əliyevdən kömək istəyir. O, Prezidentə müraciət edərək oğlunun qanının batırıldığını deyir və ümid edir ki, ölkə başçısı bu məsələnin obyektiv araşdırılmasına, əsl həqiqətin ortaya çıxarılmasına yardım edəcək: "Mən cənab prezident İlham Əliyevdən kömək istəyirəm. Neçə gündür qapıları döyürəm. Hərbi Prokurorluğa müraciət etmişəm. Baş Prokurorluğa teleqram vurmuşam. Heç kəs mənimlə maraqlanmır. Masallı rayonunda bir neçə gün qaldım, başım dəfnə qarışmışdı. Amma heç bir rayon rəsmisi də gəlib maraqlanmadı ki, nə baş verib? Faktiki oğlumun qanını batırılar. Mən xəstə adamam. Bir oğlum həbsdədir, birini də belə öldürdülər. Mən kimsəsiz qalmışam. Nə qədər qapı döymək olar? Ümidim cənab Prezidentədir. İndi ancaq ondan kömək istəyirəm. Qoy səsimə səs versin, oğlumun qanı batmasın".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Arqument.Az-a bildirdi ki, hadisə Bakının Nəsimi rayonunda baş veribsə, vətəndaş aidiyyatı üzrə Nəsimi rayon Prokurorluğuna müraciət etməlidir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı əlaqə saxladıq. O bildirdi ki, məsələ ilə bağlı nazirliyə sorğu göndərilməlidir. Bundan sonra məsələ araşdırılıb açıqlama veriləcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev isə bildirdi ki, bu məsələnin onlara heç bir aidiyyatı yoxdur: "Dəfndə ona görə iştirak etməmişəm ki, mənə məlumat verilməyib. Bilirsiniz ki, bu zabit barədə cinayət işi açılmışdı. Üç ay idi ordudan yayınırdı. Bu üzdən bizim şəxsi heyyətin siyahısından çıxarılmışdı. Mənə qohumları məlumat verdilər ki, 3 gün öncə Nəsimi rayonunda meyiti tapılıb. Bu məsələ artıq bizlik deyil, çünki o bizim şəxsi heyyətin siyahısından çıxarılıb və zabit kimi yox, mülki şəxs kimi ölüb".

Xatırladaq ki, Xalid Şirəliyev 7gun.az saytının rəhbəri, hazırda həbsdə olan jurnalist Cavid Şirəliyevin qardaşıdır. /Arqument/
928 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber