Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

“Razin tolkuçka”sı söküləcək

Rayon rəhbərliyi yarmarkada Sumqayıtdakı faciənin təkrarlana biləcəyindən narahatdır; “tolkuçka” sahibi isə icra hakimiyyətinə qarşı çıxır...
Antisanitariya, zibillik, üfunət və tıxac. Bakıxanov bazarı qarşısındakı mənzərəni təsvir etsək, leytmotiv belə alınır. El arasında “Razin tolkuçka”sı adlanan yarmarkanın yaratdığı “şərait” illərdir əhalini və sürücüləri boğaza yığıb. Bazara görə elə bir gün yoxdur ki, tıxaclar olmasın, ərazi zibillik yuvasına çevrilməsin, insanlar şikayətlənməsin. Lakin bu günədək heç bir tədbir görülməyib.

Bazarda çalışan tacirlər isə ticarət mərkəzinin köçürülməsinə qətiyyən etiraz etmirlər. Bir şərtlə ki, onlara münasib bir yer ayrılsın, köçürülmə nəticəsində müştərilərini itirməsinlər. Ancaq indiyədək nə bazarı köçürüblər, nə də yarmarka ətrafında hökm sürən dəhşətli vəziyyətə əncam çəkiblər.

Camaat arasında “Razin düyünü” adlanan bu massiv az qala tıxacların episentrinə çevrilib. Hər gün bazar qabağında siqnalların səsindən qulaq tutulur, avtobusların bir-birinə girməsindən dözülməz vəziyyət yaranır. Sürücülər bir-birinə yol vermir, saatlarla tıxac əmələ gəlir, üstəlik də natəmizlik bir yandan insanların ətini ürpəşdirir.
Bazarın girəcəyində ərzaq məhsulları satılır, piştaxtaya müxtəlif nemətlər çıxarılıb, ət və ət məhsulları tozanağa qarışıb. Və kimsə də natəmiz şəraitə görə ticarətçilərə “gözün üstə qarşı var” demir. Vətəndaşların şikayətini isə dinləyən tapılmır. Belədə “Razin talkuçka”sında özbaşınalıq, nəzarətsizlik baş alıb gedir.

“Mən Sabunçunun icra başçısı Adil Vəliyevdən xahiş edirəm ki, bu işlə bağlı qərar versin. Adil müəllim rayona rəhbər gəldiyi gündən çoxlu iş görüb, abadlıq işləri aparıb. İnsafən, Bakıxanov bərbad gündə idi, indinin özündə də nə qədər işlər gedir. Ancaq bu ”talkuçka" hamı üçün cəhənnəm əzabı yaradır. Başçı bu işə bir çarə qılsın", - deyə Bakıxanov sakini Nadir Yaqubov bildirir.

O, Sabunçunun icra başçısının məsələyə qarışmasını istəyir və ümid edir ki, rayonda gedən abadlıq işləri “Razin tolkuçka”sına da çatacaq. Onun sözlərinə görə, bazar sahibi olan Hacı Fərhad adlı şəxs yaranmış problemlərin günahkarıdır. Əgər bazarkom özü təmizliyə nəzarətlə bağlı sərt tapşırıq versəydi, belə vəziyyət yaranmazdı.
Bakıxanovun digər sakini Nürəddin Musayev isə deyir ki, rayon rəhbərliyi tədbir görməsə, kimsə bu problemi həll etməyəcək: “Heç kimə lazım deyil bu bazar. Camaatı bezdirib. Elə bil şəhər yox, zibillik məntəqəsidir. Zir-zibil küçəyə tökülür, heyvan kəsən qəssablar suyu axıdıb tökürlər ətrafa, marşrutlar bir-birinə girir”. Ticarətçilər isə deyirlər ki, sökülsün, amma yeni ərazidə bazar fəaliyyətə başlasın.

Bakıxanov bazarı 1995-ci ildən “Azəribiznes” adlanan qurumun tərkibində fəaliyyət göstərir, 4 hektarlıq ərazini əhatə edir. Yarmarkaya bitişik bir neçə ticarət obyekti tikilib. Onların da “Razin tolkuçkası”nın rəhbərliyinə aid olduğu söylənir. Bazarın yanından keçən yolla əsasən Bakıxanov, Qaraçuxur qəsəbələrinə gedən avtobuslar hərəkət edir. Axşam saatlarında burada dəhşətli tıxac yaşanır.

Artıq məsələyə Sabunçu Rayon İcra Hakimiyyəti də qarışıb. İcra başçısının 1-ci müavini Qəzənfər Həsənov “Bakı-Xəbər”in işıqlandırdığı bu problemə münasibət bildirib. Başçı müavini deyib ki, yaranmış vəziyyət onları hamıdan çox narahat edir: “Biz bu istiqamətdə əlimizdən gələni edirik. Yadınızdadırsa, hələ 2000-ci illərin əvvəlində Bakıda küçə ticarətinin yığışdırılması ilə bağlı tədbirlər görülürdü. Həmin dövrdə ”Tolkuçka"nın ətrafını təmizləmək qərarına gəldik. Bazarın yan-yörəsi çox biabırçı vəziyyətdə idi. Mal-heyvanı kəsib zibilləri elə ora da atırdılar. Ətrafı üfunət bürüyürdü. Sizi inandırım ki, ətrafda yaşayan sakinlərə cavab verə bilmirdik. Biz hələ bazarın ətrafında təmizlik işləri aparanda “Tolkuçka” rəhbərliyinin aqressiv münasibətilə qarşılaşdıq. Sonradan bəlli oldu ki, bazarın tikildiyi yerin düz altından kanalizasiya, su xətləri keçir. Məcbur olub həmin xətləri kənara köçürdük.

RİH rəsmisi bildirib ki, “Razin tolkuçkası” ilə bağlı onlara çoxlu sayda şikayət ünvanlanır: “Bazara fikir versəniz görərsiniz ki, ticarət obyektlərinin tikintisi çox primitiv formada aparılıb və heç bir müasir tələbə cavab vermir. Mən həm də rayonun Fövqəladə Hallar Komissiyasının sədriyəm. Oradakı vəziyyət bizi təhlükəsizlik baxımından da ciddi narahat edir. Yadınızdadırsa, bu yaxınlarda Sumqayıtda ticarət obyektlərindən birində baş verən yanğın bütün ərazini əhatə etdi. ”Razin tolkuçkası"nda isə bu sarıdan vəziyyət daha acınacaqlıdır. Allah eləməsin, hansısa bir qığılcım olsa, həmin yanğının qarşısını almaq qeyri-mümkün olacaq. Bizim fikrimiz bundan ibarətdir ki, sözügedən ticarət obyekti heç bir müasir və təhlükəsizlik tələblərinə cavab vermir. Çox əlverişsiz yerdə olması səbəbindən yersiz tıxacların yaranmasına şərait yaradır.

Ətrafda yaşayan sakinlər səsdən, antisanitariyadan əziyyət çəkdikləri ilə bağlı çoxlu sayda şikayətlər edir. Mənə elə gəlir ki, bütün bunlar bazarla bağlı məsələyə yenidən baxılması üçün tam əsas verir. Digər bir tərəfdən isə həmin bazar rayonda aparılan abadlıq işlərinin ümumi ansamblına xələl gətirir".

Başçı müavini sonda bildirib ki, ya bazar başqa yerə köçürülməlidir, ya da sökülüb yerində müasir tələblərə cavab verən yeni ticarət obyekti inşa edilməlidir./musavat/
2611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23
Mos