Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

Gəncləri hədəf alan sümük xərçənginin əlamətləri

Marmara universitetinin Pendik Təhsil və Araşdırma xəstəxanasının həkimi Bülent Erol sümük xərçəngi haqqında maraqlı məlumatlar verib.

O deyib ki, sümük xərçənginin əsas əlaməti uzun müddət davam edən xəfif ağrı və sızıltılardır:

"Vaxtında diaqnoz qoyulduqda xəstələrin 60-70 faizini bu xəstəlikdən xilas edə bilirik. Odur ki, ilk əlamətləri görəndə həkimə müraciət etmək lazımdır”.

Bülent Erol sümükdə böyüyərək sağlam sümük hüceyrələrinin yerinə keçən xərçəng hüceyrələrinin xüsusilə 5-20 yaş arasındakı uşaq və gənclərdə müşahidə olunduğunu deyir. O, sümük xərçənginin ən önəmli əlaməti olan ağrıların çox vaxt böyümə yaşındakı uşaqlarda görülən adi ağrılarla qarışdırıldığını bildirir.

“Məhz bu düşüncə insanları həkimə müraciət etməkdən çəkindirir. Onlar elə bilrilər ki, bu adi ağrıdır. Bütün uşaqların sümükləri böyüdüyü, inkişaf etdiyi üçün xəfif ağrılar hiss etmələri normaldır. Bu hətta həkimləri də çaş-baş salır. Ancaq texnologiyanın son nemətləri olan müasir cihazlardan istifadə edərək sümük xərçəngi təhlükəsi olub olmadığını müəyyən edə bilirik”.

Həkimin sözlərinə görə, sümük xərçənginin hansı səbəblərdən yarandığı dəqiq bilinmir. Amma genetika və ətraf mühitin önəmi böyükdür. Yüksək miqdarda radiasiyaya məruz qalan insanlarda daha çox müşahidə olunur.

"Sümükdə inkişaf edən xərçəng hüceyrələri ən başda ağciyər olmaqla bir çox orqana keçir. Bu xəstəlik hər yaşdakı insanlarda görülə bilər. Amma ən çox uşaqları və gəncləri hədəf alır. Sümük xərçəngi daha çox diz və dizətrafı, omba, çiyin sümüklərində müşahidə olunur.

Əsasən sümüyün ilik hissəsində yaranır, daha sonra sümüyü sındıraraq həmin bölgədə şiş yaranmasına səbəb olur.

Sümük xərçəng olan hissədə zəifləməyə başlayır. Ən adi hərəkətdən belə sınır və ya çatlayır”.

Bülent Erol bu xəstəliyə yaxalanmış insanların müalicəsinin çətin olduğunu deyir. Ancaq xəstəlik vaxtında aşkar edildikdə əməliyyatdan öncə xəstəyə kimyaterapiya tətbiq olunur. Əməliyyat zamanı bütün xərçəng hüceyrələri təmizlənir. Nadir hallarda sümüyün həmin hissəsi kəsilib götürülür və yerinə protez qoyulur.
944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber