Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

Qul bazarına toplaşanlar işsizlikdən və polisdən şikayətlənir

Vəziyyət o həddə gəlib ki, bir yerdə çörək kəsənlər iş üstündə bir-birinin boğazından tuturlarFəhlə: «Buradan işə elə bil adam yox, heyvan aparırlar»
"Burda qazanmaq söhbəti yoxdur. Soruş, necə acından ölmürsən. Biz yaşamaq üçün deyil, yemək üçün mübarizə aparırıq". Bu sözləri metronun "Xalqlar dostluğu" stansiyasının yaxanlığındakı körpünün altına toplaşan fəhlələrdən biri dedi. Onlar toplaşdığı yerə "qul bazarı" deyirlər. Biz onlara yaxınlaşanda fəhlələr bizə tərəf qaçdılar. Jurnalist olduğumuzu bilib bəziləri kənarlaşdı. Bəziləri isə hansı media orqanından gəldiyimizlə və məqsədimizlə maraqlandılar. Onlar çox narahat və aqressiv görünürdülər, səbəb isə çörək pulu qazana bilməmələridir.

"Problemlərimiz haqqında jurnalistlərə danışdıqdan sonra polislər gəlib bizi döyürlər. Dəfələrlə bizi burdan-çörək pulu yerimizdən qovublar. Sizin yazmağınız bizim problemi həll etmir. Dəfələrlə qəzetdən gəlib yazıblar, televiziya kanalından gəlib çəkiblər. Biz qorxuruq. Ailəmiz gözünü bizə dikib. Qəzetdə dərc olunandan və efirdə veriləndən sonra adı çəkilən fəhlələr sonradan yoxa çıxıblar. Elə bil fəhlələri Bermud üçbucağı udub. Biz də yoxa çıxsaq, ailəmiz acından öləcək. Sən bizi anlamaq üçün gərək özünü bizim yerimizə qoya biləsən",-deyə həmsöhbətimiz bildirdi.
Onların heç biri adlarını demədilər, fotolarını çəkməyə icazə vermədilər. Dörd tərəfimə cəm olan onlarla fəhlənin arasından kimsə dedi: "Biz siyasətə qarışmırıq". Bir başqa fəhlə isə ona cavab verdi: "Bəli, bizim işimizin olmaması sosial problemdir. Amma nala-mıxa vursan da, gedib ucu siyasətə çıxacaq".

"İşi razılaşdıqdan sonra zəhmət haqqımızı müəyyənləşdiririk"

Qul bazarında olan insanların problemindən yazmağımızı bildikdə fəhlələrdən birinin reaksiyası belə oldu: "Bizim halımızı soruşmağa nə ehtiyac var? Hər şey göz önündədir. Yaz ki, fəhlələr açından köpük qusurlar. Səhər saat 06.00-dan burdayıq. İndi axşam saat 18.00-dır. Bir nəfər də gəlib demir ki, gəl aparım səni işlədim. Deyirlər ölkədə işsizlik minimum həddə endirilib. Qul bazarında olan insanlar illərlədir ki, burda işləyirlər. İşi olanın burada nə işi var. Bura iş yeri deyil. Bu gün 5 manat olursa, 2-3 gün olmur. Burada hər işi bacaran adamlar, ali təhsillilər var. Bura bölgələrdən, Bakının ətraf kəndlərindən gəlmişik. Biz günəmuzd işləmirik. Nə işə aparırlarsa, onu görürük. İşi razılaşdıqdan sonra zəhmət haqqımızı müəyyənləşdiririk".

"Fəhlə sinfini elə bir günə qoyublar ki..."

Başqa bir fəhlə deyir ki, qul bazarında onlara münasibət yaxşı deyil. "Maşınla gəlirlər, onlara tərəf qaçırıq. Bizə elə baxırlar ki, elə bil 20 mərtəbəli binadan aşağı baxırlar. Elə bil burdan adam deyil, heyvan aparırlar.

Fəhlə sinfini elə bir günə qoyublar ki... Yarım saat bundan öncə bir yerdə çörək yeyən adamlar qul bazarında evə çörək aparmaq üçün bir-birinin xirtdəyindən tuturlar. Körpünün dörd yanına kamera qoyublar. Polislər elə him gözləyir. Bir də gördün gəlib həmin şəxsləri apardılar, döydülər. Yaxınları pul gətirməyənə qədər buraxmırlar".

"Pulumuzu vermirlər, üstəlik döyüb təhqir edirlər"

Fəhlələr deyirlər ki, onlar "iş tap"dıqlarına həmişə sevinmirlər. Çünki bəzən işlədib pulunu vermirlər. Hətta döyürlər. "Kasıb adamlar işlədib pulumuzu verir. Məmurlar, xüsusən hüquq mühafizə orqanlarında çalışanlar bizi işlədib pulumuzu vermirlər. Üstəlik döyüb yola salırlar, təhqir edirlər. Əmək müqaviləsi olmadığı üçün onlardan haqqımızı tələb edə bilmirik. Pulumuzu istəyəndə, bizə "get, hara deyirsən de" deyirlər. Bir problem də var. İndi yük daşımaqla, ev təmiri ilə bağlı şirkətlər və qruplar yaranıb. Onlar qul bazarında iş axtaranların çörəyini əlindən alıb. Çünki şəxs oturub evində şirkətin nömrəsinə zəng edir, sifarişini verir. Şirkət də lazımi işləri görür. Məsələn, yükünü bir yerdən başqa yerə daşıyır", -deyə fəhlələrdən biri bildirdi.

Bizi qul bazarında uzun müddət işləyən fəhlə ilə tanış edirlər. O deyir: "Mən 18 yaşımdan qul bazarında çalışıram. İndi qocalmışam, bir neçə ildən sonra pensiya yaşına çıxacam. Pensiya yaşını da artırdılar. Ölməsəm qalsam, pensiya alacam"./bizimyol/
1017 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi