Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

Ata, bir az şərəfsiz ol!

Biz bu ölkəni çox sevirik. Bu qədər iyrənc hadisələrə şahidlik etdiyimiz halda, bu ölkədən qaçmağa deyil, bu ölkəyə sığınmağa qərar vermişik. Biz bu ölkəyə həqiqi azadlıqların ayaq açması üçün, demokratiyanın, insan haqlarının təntənəsini görmək istədiyimiz üçün, öz həyatımızı xərcləyirik.

Görünür, bizim xərclədiyimiz ömür, hakimiyyətin qazancına əngəl törədir. Indi, vəziyyət o həddə çatıb ki, ömrünü bu xalqa fəda edənlərin nəinki özləri, doğmaları da cəzalandırılır.

Hakimiyyət mübarizənin ən iyrənc formasını da tətbiq etməkdən çəkinmir. Bu ölkədə övladlar üçün ən böyük təhlükə, valideynlərin ləyaqətli olmasıdır. Hakimiyyət, ləyaqət libasına bürünmüş insanları “soyundura” bilmədiyinə görə, bu adamları övladları ilə şantaj edir və libasını soyunmağa məmcbur eləyir.

Son günlər bu alçaq “ssenari” yenə də aktuallaşdı və AXCP Təşkilat Komitəsinin sədri Rafiq Daşdəmirlinin oğlu narkotik ittihamı ilə həbs olundu. Həm də, külli miqdarda narkotik ittihamı ilə. Bəli, atalar şərəfini satmayanda, balalar “narkotik satan”a çevrilir.

Rafiq Daşdəmirlilər övladlarına nə bahalı maşın, nə dəbdəbəli ev, nə də yüksək vəzifə hədiyyə edə bilməzlər. Rafiqlər övladlarına ən böyük hədiyyə kimi, yaxşı ata adını verə bilir.

Övladlarına milyonluq avtomobil, milyonluq villa, milyonluq şirkətlər hədiyyə edənlər, Rafiq Daşdəmirlilərin hədiyyəsinə qısqanırlar. Çünki, onların övladlarının Rafiq Daşdəmirli kimi ataları yoxdur.

Rejim istəyir ki, bütün şərəfli kişilər övladlarına verdikləri təmiz ata adını geri qaytarsın. Bəli, bu hakimiyyət oğulları ata hədiyyəsindən məhrum etməkdə israrlıdır.

Bunlar istəyirlər ki, övladlar atalarından mübarizə aparmağı deyil, şərəfsiz olmağı xahiş etsinlər. Onsuz da ataları elə vəziyyətə salıblar ki, balalar böyük hədiyyələr arzulamaqdan imtina edib.

Tikintidə fəhlə işləyən kişinin, qul bazarında daş qaldıran nurani qocanın, küçədə dilənən Qarabağ qazisinin övladının cibindən niyə narkotika çıxmır? Çünki, onlar susduqları müddətdə, narkotik qəbul etmiş adam kimi hallıdılar. Çünki, onlar üçün ən böyük azadlıq, ağır daşı yük maşınına atandan sonra yaranmış yüngüllükdən ibarətdir.

Rafiq Daşdəmirlilər isə, həmin fəhlə kişinin, həmin Qarabağ qazisinin, həmin nurani qocanın haqqını tələb etdiyinə görə övladlarını qurban verməli olurlar.

Əslində, ataların şərəfli olmasının cəzasını balalar çəkirsə, bunun günahı həm də susmuş atalardadı. Onlar bu iyrənc gedişə “dur” demədikcə, övladlar “ata, bir az şərəfsiz ol ki, məni həbs etməsinlər” demək məcbiriyyətində qalacaqlar.

Rafiq bəyin övladı Sənan 2 aydan sonra ata olacaq. Onun dünyaya gələn övladı atasını görməyəcək. Sonralar həmin uşaq öyrənəcək ki, babası şərəfli olduğuna görə, atası cəza çəkib. Amma, Sənan heç vaxt “narkoman” olduğuna görə utanmayacaq. O, yeganə “narkoman” olacaq ki, damarında iynə izi yox, alnında ləyaqət izi olacaq.

Onu şərləyərək həbs edənlərin övladları isə, atalarına görə bütün həyatları boyunca utanc yükü daşıyacaqlar.

Bu ölkədə çoxdandır ki, “Cinayət Məcəlləsi”, “ləyaqət məcəlləsi” nə çevrilib. Bu “məcəllə”nin maddələrinə görə kişilik, mənlik, dürüstlük cinayət sayılır. Məhz belə olduğuna görə, həqiqi müxalifətçilər, bütün dövrlərdə bu məcəllənin maddələrinə uyğun hərəkət edirlər və “potensial cinayətkar”a çevrilirlər.

Sevimli hökumətimiz də bizə tövsiyə edir ki, ləyaqət, şərəf, vicdan cinayəti törətməyin. Ona görə də istəyirlər ki, övladlar atalarına nəsihət edib, “Ata, bu şərəflə yaşamağı tərgit, bu vicdan aludəçiliyindən əl çək, bu dürstlük düşkünlüyündən qurtar” desinlər.

Ilahi, bizi belə cinayətlərə mübtəla et. Belə cinayətləri bizə çox görmə.

Ilham Hüseyn/azadlıq
1033 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:06