Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

«Ölkə inkişaf edirsə, bəs onda biz hansı ölkədə yaşayırıq?!»

“Nəm dəsmalı sıxanda necə su tökülürsə, əlimizi divara vuranda da yağışın suları evimizin içinə elə süzülüb axır...” - bunu Pirşağı qəsəbəsindəki, sovet dövründə “Santexmontaj” adlanan qurumun yarımçıq qalmış sanatoriyasında məskunlaşmış Şuşa şəhər sakini Azər Cəfərov deyir.

“Biz illərdir ki, insan kimi yatıb-dura bilmirik”

Qarabağ müharibəsi nəticəsində doğma Şuşasından, ev-eşiyindən didərgin düşmüş Azər Cəfərov hazırda həyat yoldaşı və 5 övladı ilə birlikdə 30 kvadrat metrlik şəraitsiz otaqda məskunlaşıb. O deyir ki, aidiyyəti orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq, dərdinə əlac qılan olmayıb: “Indiki zamanda çoxuşaqlı ailəni dolandırmaq asan deyil, yaşayış səviyyəmiz çox bərbaddır. Özünüz bizim hansı şəraitdə yaşadığımızın şahidi oldunuz. Bizim nə yayımız yaydır, nə də qışımız qış. Dar otaqda yeddi nəfərlə birgə bir saat oturmaq olmur, biz illərdir beləcə yaşayırıq. Insan kimi yatıb-dura bilmirik. Yeməyimiz də, yatmağımız da - hamısı bir otaqdadı...”

Azər Cəfərovun sözlərinə görə, burda məskunlaşdıqları vaxtdan bəri Şuşa rayon icra hakimiyyətindən bircə dəfə də olsun, onların vəziyyətilə maraqlanan olmayıb. Başqa yerə köçürülmələrinin vacib olduğunu deyən ailə başçısı onu da bildirdi ki, hazırda sanatoriya binası qəzalı vəziyyətdədir, insanların burada yaşaması onların həyatı üçün təhlükəlidir: “Bina dənizin lap kənarında yerləşdiyi üçün nəm, rütubət də öz sözünü deyir. Illərdir təmir üzü görməyən, daim rütubət içində qalan binanın betonu da, armaturu da çoxdan aşınıb, divarlar çat-çatdır, istənilən vaxt uçub-dağıla bilər. Hava yağışlı-boranlı olanda ”indi bina aşacaq" deyə, ürəyimizi yeyirik".

Sovet dövründə “santexniklər” üçün nəzərdə tutulan bu yarımçıq binanın aqibəti torpaqlarından didərgin düşmüş insanların taleyinə çox bənzəyir. Müharibə onların gələcək arzularını yarımçıq qoydu və Bakıya pənah gətirən bu insanlar həyata keçməyən arzuları ilə birlikdə yarımçıq qalan tikilidə yaşamağa məcbur qaldılar...

Hələ sovet dövründən istirahət zonası kimi məşhur olan və paytaxt Bakıdan 10-12 kilometr aralıda yerləşən Pirşağı qəsəbəsində müxtəlif təyinatlı sanatoriyalar çoxdur. Hazırda onların hamısı müharibə nəticəsində torpaqlarını, ev-eşiklərini itirmiş məcburi köçkünlər üçün sığınacağa çevrilib. “Santexmontaj”a məxsus bu sanatoriya da onlardan yalnız biridir. Bu sanatoriyanın binası da digərləri kimi istifadə müddətini çoxdan aşıb. Binanın fasad görünüşü müharibənin xarabalıqlarını xatırladır.

“Biz bu binada xəstəlik tapmışıq...”

Əslən Xocalıdan olan 47 yaşlı Ceyran Həsənova da bildirir ki, təxminən iki il əvvəl hansısa dövlət qurumundan gəlib binaya baxış keçiriblər: “Gəlib ölçüb-biçib, siyahıya alıb getdilər. Ondan sonra daha bizimlə maraqlanan olmadı. Kanalizasiya sistemi bərbad vəziyyətdədir. Binanın arxasındakı çatlara baxıb, bizim necə təhlükə altında yaşadığımızı görə bilərsiniz. Dəniz kənarında yaşayırıq, havalar soyuyan kimi qara günlərimiz başlayır. Qazımız yoxdur. Elektrik xətləri pis gündədir, tez-tez işıqlar sönür. Işıq sönəndə də həyat bitir burada. Nə çay qaynada, nə yemək bişirə, nə də otaqları isidə bilirik. Burada yaşayan məcburi köçkünlər müharibənin ağrılarını yaşamış insanlardı. Canımızı götürüb bura sığınmışıq, burda da iztirablarımız bitmir...”

65 yaşlı Fizzə Cəfərova deyir ki, onlar pis-yaxşı, ömürlərini yaşayıblar, amma bu acınacaqlı şəraitdə yeni nəsillər yetişir. Normal təhsil almaq, təlim-tərbiyə görmək, hətta sağlam böyümək imkanı olmadan...

Fizzə Cəfərova müharibə zamanı itirdiklərinin tam kompensasiyasının mümkün olmadığını da anlayır, amma 20-25 il ərzində bu cür qeyri-insani şəraitdə yaşamalarını da böyük haqsızlıq, ədalətsizlik hesab edir: “Şuşada 5 otaqlı evim, hər cür şəraitim var idi. Havası təmiz, səfalı yurdumdan görün nə cür bir yerə köçməyə məcbur olmuşam. Biz bu binada xəstəlik tapmışıq. Televiziyalar bütün günü təbliğ edir ki, ölkə inkişaf edir. Əgər ölkə inkişaf gedirsə, onda biz hansı ölkədə yaşayırıq?! Mərkəzdəki göydələnləri camaata göstərmək lazım deyil, gəlib görsünlər ki, köçkünlər, qaçqınlar nə vəziyyətdədir”.

“Onların köçürülməsi gündəmdə deyil...”

Şuşa rayon Icra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əkbər Hacıyev Şuşa sakinlərinin etirazına cavab olaraq deyir ki, məcburi köçkünlərin iddiaları həqiqəti əks etdirmir:ÿ"Çünki icra hakimiyyətinin nümayəndələri onlarla maraqlanırlar. Orada bizim icra nümayəndəmiz var. Vaxtaşırı onların problemləri barədə icra hakimiyyəti qarşısında məsələ qaldırır. Biz də vəzifəmizə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinə məlumat veririk, onlar bu məsələni diqqətdə saxlayıb, köməklik göstərirlər. Amma elə məsələlər var ki, onların həllində bir az ləngimə baş verir. Onların da həllinə müəyyən zaman lazımdır".

Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, indiyə qədər məcburi köçükünlər üçün 87 müasir qəsəbə salınıb: “210 min məcburi köçkünün məişət şəraiti yaxşılaşdırılıb. Bütün bu məsələlər hazırda davam etdirilir. Bununla bağlı dövlət proqramı çərçivəsində işlər gedir. Yəni, hazırda Bakı şəhəri və bölgələrdə hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var ki, onların da mənzil, məişət şəraitinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Dediyiniz sanatoriyada yaşayan ailələrə gəlincə, yataqxanalarda, sanatoriyalarda, tikintisi yarımçıq qalmış binalarda yaşayan insanların hamısı mərhələli şəkildə, dövlət proqramına uyğun olaraq köçürüləcək. Amma bu gün onların köçürülməsi gündəmdə deyil”.

***

Bu material çapa hazırlanan zaman paytaxtda Bakı Slavyan Universitetinin Dərnəgüldə yerləşən məcburi köçkünlərin məskunlaşdığı 1 saylı yataqxanasının 4-cü mərtəbəsində döşəmə uçub. Lent.az-ın məlumatına görə, hadisə nəticəsində Ağdam rayonundan məcburi köçkün Elmidar Ələkbərov 4-cü mərtəbədən 3-cü mərtəbəyə yıxılıb. Yaralı Kliniki Tibbi Mərkəzə aparılıb./civil-forum.az./

1094 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı