Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Alatava iki layihəyə qurban verilir

Bakının Baş Planı və “İpək Yolu” layihələrinə görə qəsəbədə yerləşən yüzlərlə tikili yerlə-yeksan olunacaq; əhali 1000 manatdan az kompensasiya ilə barışmırBakının regional inkişaf planı böyük evsizlər ordusu yetişdirə bilər. Çünki hökumət şəhərdə minlərlə evi sökməyə hazırlaşır. Planın təsdiqlənməsi prosesi artıq sonuncu fazaya qədəm qoyub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov da bugünlərdə deyib ki, layihə artıq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Bakıda böyük söküntü bumu yaşanacaq.

***
Komitə rəsmisi söküləcək ərazilərin də adlarını açıqlayıb. Məlum olub ki, Dövlət Dram Teatrının arxasından Elmlər Akademiyasına kimi az mərtəbəli və az qiymətli evlərin sökülməsi planlaşdırılır. Eyni zamanda bulvardan başlayaraq yeni bir parkın salınması məsələsi var. Xutor, Alatava massivləri də plana salınıb.

“Bizim evlərin əksəriyyəti qeydiyyata alınıb. Bələdiyyə tərəfindən tikinti üçün icazə sənədi verilib. Amma hökumət tikililərin çoxunu qanunsuz sayır. Ancaq mübahisəli məsələdir. Evlərin əksəriyyəti sovet dövrü inşa olunub.

Müstəqillikdən sonra isə sürətlə buradaı tikinti işləri başlandı. İndiki plana görə, əvvəlcə yol üstündə yerləşən evləri sökəcəklər. İçəri məhəlləyə girmək planları yoxdur. Camaata isə cüzi məbləğdə ödəniş olunacaq" - 2-ci Alatava sakini Şəhriyar Mehdiyev belə deyir.
Onun sözlərinə görə, növbə 2-ci Alatavaya çatıb. Əvvəlcə 3-cü Alatavada söküntüyə başlandı, sıra bu qəsəbəyə çatıb. Ş.Mehdiyev deyir ki, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən əhaliyə xəbərdarlıq olunub.

İcra nümayəndələri söyləyiblər ki, İpək Yolu və Bakının Baş Planı layihələrinə görə, evlər köçürüləcək. Qəsəbədə çamadan ab - havası olmasa da, yol üstündə yerləşən evlərdə yaşayanlar səksəkə içindədir. Komitə rəsmisinin çıxışı isə alatavalıları daha çox həyəcanlandırıb. Ərazidə yaşayan əməkdaşımız son vəziyyətdən agahdır.
Müxbirimiz qeyd edir ki, kiçik məbləğdə kompensasiya nəzərdə tutulub: “Şəhərin mərkəzində yaşayanlara kvadrat metri 1500 manatdan ödəniş edildi. Alatava isə mərkəzdən aralıda yerləşir. Bu qəsəbənin əhalisinə kvadratına 700-800 manat veriləcək. Bu məbləğə isə Alatavadan da kənar massivdə mənzil almaq mümkündür”.
***
Yerli sakinlər Alatavanı bakılıların yaşadığı məhəllələrdən biri sayırlar. Onların fikrincə, şəhərdə belə yerlər silinib məhv edilməməlidir: “Avropada, qonşu ölkələrdə hökumətlər belə yaşayış massivlərini qoruyub saxlayır.

Gürcüstanda, Türkiyədə belə məhəllələri söküb dağıtmırlar. Baş Plan o demək deyil ki, şəhərin ən yoxsul məhəllələrini söküb yeni binalar tiksinlər. Biz etiraz etmirik. Sökün. Amma Alatavadan uzağa köçürəcəklərsə bizə burda da pisdir ," - deyə məhəllə sakini Cəfər Zamanov bildirir.

C.Zamanovun sözlərinə görə, bir qrup vətəndaş Yasamal rayon rəhbərliyinin qəbuluna gedəcək. Alatava sakinləri yol üstündə yerləşən evlərin söküləcəyi halda ən azı kvadrat metrinə 1000 manat kompensasiya verilməsini tələb edəcəklər. İcra başçısının qəbuluna gedəcək vətəndaşlar əllərində “kupça” olduğunu iddia edirlər. Mənzil sahiblərindən əlavə Alatavadakı qarajlar və digər sosial əhəmiyyətli iaşə obyektləri də söküləcək.
Alatavanın bir hissəsi isə bu qəsəbədən hazırladığımız əvvəlki reportajda qeyd etdiyimiz kimi, yol tikintisinə qurban veriləcək. Ərazinin genişləndirilməsi və “İpək yolu” layihəsinə görə yüzlərlə tikili uçurulacaq. Uzun müddətdən bəri gözlənilən Bakı Dairəvi Yoluna görə 2-ci Alatava qəsəbəsində yaşayanların yolun digər səmtinə keçmək imkanları məhdudlaşıb. İri divarlarla bağlanmış yolun böyük bir hissəsi burada sakinlər üçün keçilməz sədd yaradıb. Hələ üstəlik, bu istiqamətə işləyən 94 saylı marşrut avtobusu da yığışdırılıb.

Ancaq məsələnin üzərindən 3 ildən çox vaxt keçib və problem həllini tapmayıb. Qərara gəlinib ki, ərazidə davamlı şəkildə yaranan dözülməz tıxacları aradan qaldırmaq, o cümlədən “İpək yolu” layihəsinin davam etdirmək məqsədilə körpü-tunel kompleksi tikilsin.

Xatırladaq ki, bir müddət əvvəl 3-cü Alatava sakinləri də bu kompleksin tikilməsinə görə söküləcək evlərinin müdafiəsinə qalxmışdılar. Onlar aksiya keçirib kompensasiya tələb etmişdilər. İndi oxşar vəziyyət 2-ci Alatavada yaranıb./musavat/
1802 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...