Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Əliyevin repressiya siyasəti ölkəni radikallaşdırır

Həbsxananın günahsız insanlarla doldurulması bu hakimiyyətin özünə də xoş sonluq vəd etmir

Azərbaycan hakimiyyəti repressiyaları var gücü ilə davam etdirir. Vətəndaş cəmiyyətini darmadağın etmək üçün sürətlə müstəqil QHT-lərin üzərinə hücuma keçən, prinsipial hüquq müdafiəçilərini həbs edən Əliyev rejimi son vaxtlar sükanı yenə AXCP-yə və bu partiyanın fəallarına qarşı yönəldib. Təkcə son iki həftə ərzində bu partiyadan üç nəfər şərlənərək həbsxanaya göndərilib.

AXCP Təşkilat Şöbəsinin rəhbəri Rafiq Daşdəmirlinin oğlu Sənan, partiyanın Naxçıvan şöbəsinin fəalı Hicran Qasımov və son olaraq, AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi, cəmi bir neçə gün əvvəl cərrahiyyə əməliyyatından çıxmaş Asif Yusifli. Yeri gəlmişkən, Naxçıvanda Hicran Qasımovla görüşmək istəyən anası və həyat yoldaşını da həbs edərək, bir gün sonra xəbərdarlıq edib azadlığa buraxıblar.

Azad fikirli insanlara, onların ailə üzvləri, qohum-əqrəbalarına qarşı belə repressiv addımların sonu hara aparır? Hakimiyyət bununla nəyə nail olmaq istəyir?

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı iddia edir ki, hökumət təmsilçiləri və QHT rəhbərlərindən ibarət Işçi Qrup müəyyən addımlar ata bilər. O, həbslərin davam etdirilməsinin narahatlıq doğurduğunu vurğulayaraq, hakimiyyətin Azərbaycan barədə müsbət fikir formalaşdırmağa borclu olduğunu deyir: “Bu həbslər kimin, hansı qrupların marağındadır? Həbsləri həyata keçirənlər görəsən, bunun dövlətçiliyimizə ziyan vurduğunun fərqində deyilmi? Nəhayət, bu ölkədə qanunlara hörmət olunmalıdır. Son həbs olunan Asif Yusifli Qarabağ qazisidir. Onu yaxından tanıyan şəxs kimi deyirəm, biz hamımız ona borcluyuq. Bizlər evimizdə rahat oturanda Asif  döyüşlərə gedərək, sağlamlığını itirib və indi başqasına möhtacdır. Dövlət tərəfindən lazımi qayğı görməyən bu insan indi əlavə bir qayğıyla üz-üzədir. Bu barədə hakimiyyət öz siyasətində dəyişiklik etməlidir və azad fikirli insanlara qarşı aqressiyasını saxlamalıdır”.
Mirvari Qəhrəmanlı son həbslərlə bağlı hökumətin ciddi addımlar atmalı olduğunu bildirir. Hüquq müdafiəçisi eyni zamanda, beynəlxalq təşkilatlardan bu istiqamətdə gözləntisi olmadığını qeyd edir.

Nardaran ağsaqqallarının rəhbəri Məşədi Natiq Kərimov da hesab edir ki, proseslərin bu cür davam etməsi Azərbaycanın təhlükəsizliyinə böyük zərbə vura bilər. O, ölkənin belə repressiv formada idarə edilməsinin yaxşı nəticə verməyəcəyi qənaətindədir: “Belə addımlar radikal düşüncəli insanların daha da radikallaşmasına gətirib çıxaracaq. Hazırda IŞID təhlükəsi ölkəmiz üçün çox realdır. Bununla mübarizə aparmaq lazımdır. Azad sözə isə imkan yaratmaq vacibdir. Insanlara qarşı həbslərin, saxta ittihamların yaxşı nəticə verməyəcəyini tam əminliklə deyirəm.
Son dövrlər sözünü deyə bilən insanlar hədəfə götürülüb. Intiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov, Murad Ədilov və digərlərinin həyatına nəzər salaq. Onların yaşam tərzi elə azad, demokratik dəyərlərə bir sübutdur. Onlar məgər narkobaron və yaxud başqasının haqqını yeyənlərdəndir? Asif Yusiflinin həbsi nəyə hesablanıb? Mövsüm Səmədov, Tale Bağırov, onlarla yanaşı digər dindarlar, inanclı kəslər kimin haqqına giriblər? Həbsdə namaz qılmaq nə vaxtdan  qaydaları pozmaq hesab olunub ki, ona görə inanclı insanı karserə salırlar? Belə münasibət olar? Insanları bu cür şərləmək, münasibət göstərmək kimə lazımdır? Inanclı kəsimə minlərlə insan inanır, belə münasibət olmaz axı. Hakimiyyətin belə repressiv siyasəti radikallığa aparır. Insanları həbs, təqib və təzyiq etmək yaramaz. Hər baxımdan maarifləndirmə aparmaq vacibdir ki, onu da mövcud hakimiyyət etmir"./azadlıq/

1209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber