Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Biləcərililəri boğan dərd

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində sakinlər qan ağlayır. Qəsəbə sakinlərinin verdikləri məlumata görə, yeni yaşayış massivində yaşayanlar kanalizasiya suları altında qalıblar.

Şikayət qəsəbənin Məlik Aslanov küçəsindən edilib. Dilbər Məmmədova bildirib ki, həmin ünvanda köhnə bir ferma var. Həmin fermanın kanalizasiya xətti yaşayış evlərinin xəttinə birləşdirilib.

“Bir balaca yağış yağan kimi kanalizasiya xətti tutulur. Mal-qaranın peyni çıxır üzə. Yolları çirkab su basır. Evlərimiz üfunət iyi verir. Uzun müddətdir bu problemlə üz-üzəyik. Nə qədər şikayət etsək də, bizə kömək edən yoxdur”.

Məsələyə aydınlıq gətirmək üçün Biləcəri kənd Bələdiyyəsilə əlaqə saxladıq. Bələdiyyə sədrinin müavini Sahib Nağdəliyevin verdiyi məlumata görə, problem haqqında məlumatlıdırlar. Onun sözlərinə görə, bir neçə dəfə həmin ərazidəki kanalizasiya xəttləri təmizlənib. Lakin bunun da heç bir faydası olmayıb.

“Həmin ərazidə ferma çoxdan faəliyyət göstərir. O vaxtlar heç həmin ərazidə yaşayış yox idi. Biz dəfələrlə oranın kanalizasiya xətlərini təmizlətdirmişik. Amma yenə də dolub. Yağış yağan kimi də daşır”.

Bələdiyyə rəsmisi deyir ki, yaxın vaxtlarda problem kökündən həll olunacaq: “Bu problem Binəqədi rayon İcra Hakimiyyəti səviyyəsində müzakirə olunub. Həmin ferma rəhbərliyi ilə danışıqlar aparılıb. Fermanın təyinatı dəyişdiriləcək. Bundan başqa, oranın kanalizasiya xətti ayrılacaq”./ans/
1167 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber