Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

Bu kəndin nə yolu var, nə də qazı

Yevlaxın Dəlləklər kəndinin sakinləri kənddə mövcud olan sosial problemlərdən şikayət edir.

Sakinlərin sözlərinə görə, kəndin inzibati cəhətdən bağlı olduğu Qaramanlı bələdiyyəsinin yollarında təmir işləri getsə də, onların kəndində yollar bərbad vəziyyətdədir. Qış fəslində havaların yağıntılı keçməsi yolda vəziyyəti daha da dözülməz edir. Sakinlər deyir ki, rayon mərkəzinə gedən avtobusların kəndə gəlməməsinə də səbəb budur. Ən yaxın avtobus dayanacağı isə kənddən təqribən 1,5 km uzaqlıqdadır.

Sakinləri narahat edən digər məsələ isə kəndə mavi yanacağın verilməməsidir. Son dəfə bura təbii qaz 18 il əvvəl gəlib. Evlərin qızdırılması üçün elektirk enerjisinə xərclənən vəsait çox olduğundan sakinlər çarəni həyət bacadakı ağacları kəsərək odun tədarük etməkdə tapıb.

Kənd sakini Zərifə Əliyevanın sözlərinə görə, işıqla çox baha başa gəlir: “İşıqla işlədəndə bir ayda hamamda işlətsən hardasa 50-60 manata başa gəlir. Amma qaz ucuz başa gəlir, bizdə qabaqlar qaz olub görmüşük”.

Yevlax Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, ümumilikdə rayon ərazisindəki 50 yaşayış məntəqəsindən 27-si təbii qazla təmin edilib.

Yevlax icra hakimiyyəti başçısının müavini Qənimət Qaraşov qeyd edir ki, yerdə qalan kəndlərin qazlaşdırılması 2015-ci ilin Dövlət proqramına salınıb: “O kəndlərlə yanaşı Dəlləklər də qazla təmin olunacaq. Qaldı ki, Dəlləklər kəndini asfalt yola birləşdirən yol, o yol da təxminən 1,5 kmlik yoldur. Kənd bələdiyyəsi tərəfindən yola çınqıl döşənib hamarlanıb. Əgər narazılıq varsa, biz əlavə tədbir görəcəyik ki, əhali narazı qalmasın”.

Kəndə avtobusun getməməsi məsələsinə gəlincə isə rayon icra hakimiyyətinin başçısısnın I müavini bildirdi ki, avtobuslar təyin olunmuş Yevlax-Qaramanlı marşurutu üzrə hərəkət edir. Hər bir kəndin kənarında dayanacaqlar quraşdırılıb, sərnişinlər həmin dayanacaqlardan istifadə etməlidir./virtualaz/
1093 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24