Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2013

Bu gün pərdə və plyonka əməliyyatı başlayır

Noyabrın 15-də avtomobillərdə sənaye üsulu ilə hazırlanmış pərdələrin istifadəsinə verilmiş icazə müddəti başa çatdı. Bu haqda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu qaydanı pozan sürücülər 150 manat cərimə olunacaq:

“Yay mövsümü ilə əlaqədar yol hərəkətində istismar edilən nəqliyyat vasitələrinin arxa qapı şüşələrinə vurulan sənaye üsulu ilə hazırlanmış jalüzlərin və pərdələrin istifadə edilməsinə icazə verilən müddət başa çatdı. Buna görə də noyabrın 16-dan etibarən ölkədə, eləcə də Bakı şəhərində bu istiqamətlər üzrə tədbirlərin keçirilməsi planlaşdırılıb. Hazırda bu istiqamətdə tərəfimizdən müşahidələr aparılır və bu tədbirlərdə mətbuat nümayəndələri də iştirak edir. Sevindirici haldır ki, pərdələrdən istifadə edən sürücülərin sayı azalıb. Sürücülər qoyulan qaydalara əməl etməklə qanuna hörmət əlamətini nümayiş etdirirlər. ”Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, idarə edilən nəqliyyat vasitələrinə əlavə avadanlığın quraşdırılması ilə bağlı məsuliyyət tətbiq edilir. Bu da 150 manat məbləğində cərimə deməkdir. Bizim borcumuz bu haqda informasiya verməkdir. Biz informasiya versək də, verməsək də “Yol hərəkəti haqqında” Qanun və bu qanundan irəli gələn tələblər sürücülər tərəfindən çox gözəl mənimsənilir və yadda qalır. Biz sorğu keçirəndə də gördük ki, əksər sürücülər 15 noyabr tarixinin son gün olduğunu çox gözəl bilir. Artıq sürücülərin çoxu könüllü olaraq bu pərdələrdən imtina edib. Bu da sevindirici haldır. Şəxsən bu polisi də sevindirir ki, sürücülər özləri artıq nizam-intizam nümayiş etdirir. Hər bir sürücü “Yol hərəkəti haqqında” Qanuna indiki kimi doğru-dürüst əməl edərsə, həm yol polisinin işi asanlaşar, həm də özünün təhlükəsizliyi təmin olunar və yol hərəkəti qanununa öz hörmətini nümayiş etdirər".

Daha sonra yol qəzaları ilə bağlı danışan V.Əsədov yol qəzaları qurbanlarının xatirə günü tədbir keçiriləcəyini dedi: “21-22 noyabr tarixləri yol qəzaları qurbanlarının xatirə günü kimi qeyd ediləcək. Bakı Şəhər Dövlət Yol Polisi və 46 saylı məktəbdən kənar tədris mərkəzi də bu istiqamətdə tədbir keçirəcək. 46 saylı məktəbin ərazisində ”Yol hərəkəti haqqında" Qanunun və bu qanundan irəli gələn tələblərin, eləcə də avtonəqliyyat hadisələrinin öyrənilməsi üzrə yeni tədris mərkəzinin açılmasına çalışacağıq. Bu, Qafqazda yeganə tədris mərkəzi olacaq. Yaşından, irqindən və cinsindən asılı olmayaraq istənilən vətəndaş burada əyanı və praktiki olaraq qeyd edilənlər üzrə informasiya ala bilər. Mərkəzə gələnlər heç bir vəsait ödəməyəcək".
2059 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41