Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2014

Xalq Yapistlərə oxşamağa başlayır

Yapistlər hakimiyyətdə qaldıqca xalqımız da onlara bənzəməyə başlayır. Misal üçün, insanlarda amansızlaşma, qəddarlıq, özündənrazılıq kimi mənfi keyfiyyətlər artmaqdadır. Bunu son dövrə aid 3 misalla yazacağam.

Təzəlikcə Lökbatanda bir ana intihar elədi, öldü. Ananın durumu çox ağır idi, 3 uşaqla kirayə götürdüyü gözəllik salonunda yaşayırdı. Salonu isə sələm pulları ilə alıbmış. Qəzetimiz ondan müsahibə alımışdı, qadın həmin intervüdə demişdi ki, sələmçi onu bezdirib, hər gün gəlib qazandıqlarını tutub əlindən alır, belə getsə intihar edəcək. Müsahibədən bir həftə keçməmiş qadın dediyini elədi, özünü öldürdü.

Mən bu hadisə haqda sosial şəbəkədə xəbər yayanda üstündə şərh də verdim, yapistlərin karikatur Ana-Uşaq Komitəsini tənqid elədim. Doğrudan da bu qurum, onun sədri Hicran Hüseynova boş-boş yapizm tədbirləri, sosial-inzibati yaltaqlıqla məşğuldur, hələ indiyə qədər bir yaralı barmağa... sarıq vurduqlarını eşidən olmayıb. Eyni şey ombudsman institutuna da aiddir və “Azərbaycanda qadınlar vəzifəyə gəlsə yaxşı olar” demaqogiyasına yaxşı cavabdır. Amma bu ayrı mövzudur.

Həmin xəbəri paylaşandan sonra bir neçə nəfər ora “Dövlət neyləsin buna”, “Gərək sələmə pul almazdı”, “Üç uşağı küçədə qoyub gedən qadın pis qadındır” tipində şərhlər yazdılar. Şərhlərdə leytmotiv (ana xətt) isə dövlətin günahsızlığı idi.
İkinci misal Goranboyda ailə qətliamından sonrakı hadisələrə aiddir. Orda bir kişi arvadının ailəsinə bomba atıb 7 nəfəri öldürdü. Ardıyca, o kişinin qardaşı el-oba qınağına, ictimai təzyiqə dözməyib intihar elədi, oğlunun intiharını görən atanın də ürəyi partlayıb öldü. Beləcə, bir kənddə qısa müddətdə bir hadisə üzrə ölü sayı 10-a çatdı. Dəhşətli mənzərədir. Bəyəm orda dövlət qurumları vaxtında düzgün çalışsa elə durum yaranardımı?

Üçüncü misal artıq “İntihar körpüsü” kimi tanınan, “Koroğlu” metrosunun üstündəki asma körpü ilə bağlıdır. Orda intihara cəhdlər gündəlik xarakter alıb, cəmiyyətdə isə buna ironik, sinik yanaşmalar artır. İnsanlar dərdini deməyə qurum tapmayıb diqqəti bu cür özlərinə cəlb edirlər, cəmiyyət, ən pisi isə bəzi jurnalistlər buna lağ edir. Deyirlər, yazırlar ki, intiharçı ora çıxıb yolda tıxac yaradır, özünü öldürmək istəyən ayrı yerə getsin, intiharı oyuna döndəriblər və sair.

Açıq görünür ki, vətəndaşlarımızda dövlət haqda, onun sosial vəzifələri haqda heç bir anlayış yoxdur. Yapistlərin 21 illik qəddar, repressiv hakimiyyəti nəticəsində insanlar dövləti ancaq cəza mexanizmi, “adamlatı tutub döyən polis” kimi görürlər.

Halbuki loru dillə desək, dövlət - insanların təklikdə çətinlik çəkdiyi işləri toplu halda asan eləmək üçün yaratdıqları bir qurumdur. Bəzən yuxarıda sözü gedən yazıq, potensial intiharçı insanlara kömək üçün internetdə, televiziyada sosial aksiyalar keçirilir, adamlar pul toplayırlar. Çox vaxt bunun köməyi olmur. Çünki mexanizm zəifdir. Velosipedi təzədən kəşf etməyə nə ehtiyac? Bu cür yardımların mexanizmi dövlət olmalıdır, onun proqramları olmalıdır. Mən, sən, o - vətəndaşlar vergi ödəyib dövlətin sosial proqramları üçün fondlar yaradırıqsa, təzədən facebookda ayrıca “Məmməd” üçün pul yığmağın adı nədir? Nə üçün Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi düzgün işləmir?

Bax, məsələ də elə bundadır. Dövlət qurumları yaxşı işləsə heç körpüyə çıxan da olmaz. Hər hansı vətəndaş, insan həyatında yanlış yapa bilər, misal üçün, kredit götürüb ödəməz, uşaq doğub saxlamaqda çətinlik çəkər, nə bilim, çay içəndə boğazını yandırar və sairə. Dövlət həm də məhz belə hallarda - şəxsi faciələrlə üzləşən, atılmış insanlara yardım üçün işə düşməlidir. Yenə yazıram, biz vergilər ödəyirik ki, uyğun, maaşlı qurumlar yaransın, daha mən işimi atıb gedib körpüyə çıxanın dərdini çəkməyim. Biz vergi ödəyəndə artıq o dərdi öncədən çəkmiş oluruq. Elə bil hansısa kəndi düşmən alır, sən də Müdafiə Nazirliyini deyil, o kəndin sakinlərini qınayırsan.

Yapistlərin “dövlətçilik” deyə gopa basdığı zad budur. Olmayan şeydən danışırlar.

Zamin Hacı /Musavat
1285 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı