Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2013

Metroda qəzet və kitabdan başqa hər şey satılır

Tağı Əhmədovun yeraltı bazarından reportaj

Metroda qəzet və kitab satışına qadağa qoyuldu. Artıq metronun heç bir stansiyasında bu iki məhsulu satan köşkə, piştaxtaya rast gəlmək mümkün deyil. Qadağanın nədən verilməsi barədə rəsmi məlumat yoxdur. Hətta metropoliten rəhbərliyi belə məsələyə münasibət bildirməyib...

Əli Həsənov ittiham edir, Tağı Əhmədov isə susur

Metrostansiyalarda qəzetlərə, xüsusən də müstəqil və müxalifyönlü mətbuata qarşı bu cür səlib yürüşü deməyə əsas verir ki, bütün bu problemlərin arxasında hakimiyyət dayanır. Hələ builki prezident seçkisindən öncə mətbuatda belə xəbərlər dolaşırdı ki, hakimiyyət seçkidən sonra mətbuata qarşı total hücuma keçəcək. Və deyilənlər yavaş-yavaş öz təsdiqini tapır. 
Bakı metrosunun stansiyalarında mətbuat yayımı ilə məşğul olan “Metroservis” rəhbəri Bəkir Cəfərov “Media Forum”a şirkətin bağladığını söyləyib: “Yazılı qərar yoxdur. Yəqin ki, kiminsə tapşırığı ilə qərar veriblər. Belə məsləhət görüblər, biz nə edə bilərik? Balaca, əmrə tabe olan adamlarıq. Əlimizdən başqa bir şey gəlməz. Qərarı verən adam güc sahibidir”. 
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov daha irəli gedərək metroda qəzetlərin qadağasına haqq qazandırıb: “Ümumiyyətlə, kim qəzet almaq istəyirsə, Bakı şəhərində kifayət qədər satış məntəqəsi var və həmin yerlərdə də qəzetlərin satışı təmin olunur. Metro insanların hərəkəti, bir yerdən başqa yerə getməsi üçündür, insanların qəzet, kitab ticarəti fəaliyyəti ilə məşğul olması üçün heç də ən münasib yer deyil. Indiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət olubsa, bu da qeyri-qanuni olub. Bu gün metro öz fəaliyyətini müvafiq istiqamətdə qurmaq yolunda addım atıb”.
Əli Həsənovun bu açıqlamasına hələ ki, metropoliten rəhbərliyindən reaksiya gəlməyib. 
Başqa vaxt mətbuatı həqiqəti yazmamaqda suçlayan, adi bir xəbərə dərhal reaksiya verən, məhkəməyə müraciət etdirib qəzeti cərimələtdirən Tağı Əhmədov niyə Əli Həsənovun “Indiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət olubsa, bu da qeyri-qanuni olub” fikirinə münasibət bildirmir? Nəzərə alsaq ki, qeyri-qanuni hərəkət cinayət sayılır, Tağı Əhmədov qanunun qarşısında cavab verməlidir. Ya da metroda qəzet, kitab satışının qeyri-qanuni hərəkət olmadığını Əli Həsənovun diqqətinə çatırmalıdır. Ancaq hələ ki, qarşı tərəf susqunluq nümayiş etdirir. Biz də Tağı Əhmədovla əlaqə saxlamağa cəhd etsək də telefonu götürmədi. Mətbuat xidmətinin telefonları isə susdu.

Satıcı qəzet istəyənlərə tərs-tərs baxır

Ötən gün metro stansiyalarına baş çəkdik. Bütün qəzet və kitab satılan köşklər və piştaxtalar “yerlə-yeksan” edilib. Indi heç bir yerdə qəzet almaq mümkün deyil. Hətta elə metrostansiya var ki, oradakı piştaxtaların yerində bir günün içində dükan quraşdırılıb. Qəzet satışını təşkil edən satıcı artıq pal-paltar satır. Buna misal kimi metronun “Elmlər Akademiyası”, “Inşaatçılar” stansiyalarını misal göstərmək olar. Qəzet satışına əngəl törədilənə qədər sözügedən ünvanlarda məhsullar piştaxtalarda satılırdısa, indi vitrin alıcıların üzünə köynək və ayaqqabılarla açılıb. “Inşaatçılar”da qəzet və kitab köşkləri əl qoyulsa da, yalnız birinə hələ ki, barmaq uzadılmayıb. Buna görə də qapısının üstünə “Arendaya verilir” elanı yapışdırılıb.
Müşahidə apardığımız stansiyaların birində - “20 Yanvar”da kitab satılır ki, o da dərsliklərdir. Satıcıya yaxınlaşıb qəzetin olub-olmadığını soruşuruq. Qəribə təbəssümlə üzümüzə baxır və təbii ki, “yox” cavabını verir. Bu balaca dükanla üzbəüz isə qadın koftaları satılır. Ancaq nədənsə bunun “qeyri-qanuni” olması barədə nə Əli Həsənov, nə də başqa birisi söz deyir.
“20 Yanvar”ın o biri istiqamətinə gedirik. Orada da eyni halı müşahidə edirik. Piştaxtalar ya yerli-dibli ləğv edilib, ya da yerində başqa əşyaların satıldığını görürük.

Alt paltarı satmağa icazə verilir, ancaq...

Bakı Metropoliteninin 21 stansiyası var. Bunun yarıdan çoxununun giriş və çıxışı yarmarkanı xatırladır. Daha “Binə” və “Sədərək” ticarət mərkəzlərinə getməyə lüzum yoxdur. Nə istəyirsən beş manat ucuzuna, ya da bahasına tapmaq olar. Hər bir stansiyada 4 köşk var idi. Oxucuların böyük bir qismi də qəzetləri bu köşklərdən alırdı. Indi isə...
Indi qəzetləri “yox” etdilər, ancaq başqaları yerində qalıb. Hətta alt paltarları da satılır və bunlar da “qeyri-qanuni” sayılmır. Əksinə, gəlirli sahə sayılır. Məntiq onu deyir ki, metrostansiyalarda, insanların daha çox istifadə etdiyi ünvanda alt paltarları belə açıq-aşkar satmaq olar, ancaq qəzet kitab yox. 
Metronun “Nərimanov” stansiyası da gül-çiçəkdir. Köşklər yığışdırılıb, yer isə boşdur. 
“Koroğlu” stansiyasında qəzet satan, indi isə işsiz qalan satıcılar gündəlik çörək pulunu çıxartmaq üçün başqa bir dükan götürmək məcburiyyətində qaldıqlarını söyləyirlər.
“Başqa çıxış yolumuz yoxdur. Günə 60-70 qəzet satırdıq. Ən çoxu da müxalifət qəzetləri idi. Insanlar istəyirdilər ki, alırdılar. Heç kimə məcbur satmırdıq. O biri dükan işlədənlər kimi də satdığımız məhsulları adlarını, qiymətini ucadan səsləndirib camaata narahatlıq yaratmırdıq. Işimiz pis deyildi. Indi imkan vermədilər. Məcburuq ki, başqa bir iş tapaq. Çünki evə pul aparmaq lazımdır. Uşaq anlamır ki, atasına qəzet satmağa imkan vermirlər”, - deyə satıcılar bildirir. 
Satıcılar həmçinin onu da qeyd etdilər ki, qəzet satışına yaradılan maneələr aradan qaldırılsa, onlar yenidən bu ticarətlə məşğul olacaqlar.

Müharibənin yaratdığı təlatüm

Ən üzücü mənzərə isə “Elmlər Akademiyası”ndadır. Buranın giriş və çıxışında 5 qəzet və kitab köşkü vardı. Indi bütün dükanlar boşaldılıb, işıqları söndürülüb, qapıları isə qıfıllanıb. Bu bir növ müharibə gedən zaman mənzilini tələm-tələsik, ancaq qayıtmaq ümidiylə tərk edən ev sahibinin düşdüyü acı durumu xatırladır. Tələbələr isə qapısı bağlı bu dükanlara gözucu nəzər yetirib yollarına davam edirlər.
Miskin mənzərəni bir müddət seyr edəndən sonra “Azadlıq”a dönürük.../azadlıq/

2001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi