Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2014

Vərəmlədən mövzu

Öncə Sumqayıtdan aldığım bir oxucu məktubuna baxaq: “Bir qohumun oğlu vərəm dispanserinə gedib, analizlərin cavabını həkimə göstərəcəkmiş. Deyiblər dispanser təmirə bağlanıb, başqa yerə - Sumqayıt bərpa xəstəxanasına köçürülüb. Gedib ora, görüb 5-ci qata qalxmaq lazımdır, lift işləmir, xəstə olduğundan birtəhər qalxıb.

Orda həkimlər deyiblər dispanserin təmiri çoxdan bitib, hər şey yerləşdirilib, hətta yataqlar da salınıb, ancaq Sumqayıtın icra başçısı Eldar müəllimi gözləyirlər ki, gəlib lenti kəssin. Həkim deyib yataq xəstələrini Bakıdakı xəstəxanaya göndəririk, istəsən səni də göndərək. Xahiş edirik, sumqayıtlı vərəm xəstələri üçün bu məlumatı öyrənəsiniz: Eldar müəllim məzuniyyətdən haçan qayıdacaq?”

Düzü, mənim bu sualın cavabını öyrənmək imkanım olmadı, hər halda, ümid edirəm Sumqayıt icra hakimiyyətindən kimsə yazını oxuyar, xəstə insanlara işgəncə verməkdən əl çəkib dispanserin lentini, nəhayət, kəsərlər. Ayıbdır ən azı. Siz qayçı-podnosla meymunluq eləyəcəksiniz deyə vərəmli insanlar çöllərdə qalmalı deyil.


Söz şikayətdən düşmüşkən məni xeyli vaxtdır düşündürən bir sualı da yazım. Bilirsiniz, Qərbin imperialist dairələri, Ramiz müəllimin 794-cü məqaləsinin 5436-cı səhifəsində gözəl yazdığı kimi, “çürüməkdə olan kapitalistlər” neftin qiymətini salırlar, nəticədə Rusiya, Azərbaycan tipli demokratik rejimlərin qazı azalır, daha əvvəlki kimi analoqu olmayan formada inkişaf edib xalqın balalarını ayaqlaya bilmirlər. İstər-istəməz dərd ortağı olan rejimlər yaxınlaşır, misal üçün, bizim Putinin qayırdığı Avrasiya İttifaqına girməyimiz söhbəti vaxtaşırı ortada dolanır.

İndi mənim sualım nədir? Əgər biz təzədən ruslarla tam şəkildə qucaqlaşsaq əvvəlki dövrdəki demokratik ənənə: Moskvaya şikayət yazmaq yenidən bərpa olunacaqmı? Fikrimcə, bu çox önəmli amildir. Zəhmətkeşlərimiz bilsələr ki, Putinə Arturdan (misal üçün) şikayət yazmaq imkanı əldə edəcəklər, bu ittifaqı məmnunluqla qarşılayarlar. Söhbət həm sosiskadan, həm “vnimatelni” olmaqdan gedir. Yoxsa 14 ildir Avropa Şurası ilə yaxınlaşırıq, uzaqlaşırıq, nə bilim, mazaqlaşırıq - bunun qara camaata qara qəpiklik xeyri yoxdur. Biz ora şikayət yazırıq, ordan da komissar gəlir, kürü yaxmacı alır gedir. Ancaq sovet hökumətinin vaxtında adamı Sibirə göndərərdilər. Həm şikayət ediləni, həm şikayət yazanı. Nəticədə az qala kommunizm qurulmuşdu, evi yıxılmış Qorbaçov imkan vermədi.

Bunlar hamısı geopolitik, siyasət işləridir, mən bu sahədə çox oxumuşam, ona görə qanacağım çoxdur. İstəyirəm xalqımız da öz hüquqlarını bilsin, ancaq çay içsin. Sevindirici haldır ki, siyasi proseslərimizdə bilici insanların sayı artır. Belə inkişaf eləmiş topluluqlardan biri Müsavat Partiyasıdır. Orda təzə başqan seçilən kimi birinci platforması belə oldu, üzvlərə dedi: “Gəlin qucaqlaşaq!”. Xeyli insan qucaqlaşdılar. Hal-hazırda partiyanın yeni nizamnaməsi hazırlanır, orda birinci müddəa elə bu haqda olacaqdır: “Hər bir üzv partiyada qucaqlaşmalıdır. Qucaqlaşmaq istəməyənlər heç olmazsa dombalaq aşmalıdır”.

Ancaq bəzi üzvlər qucaqlaşmadı, gedib hərəkat yaratdılar, adını da ADR qoydular, guya bunun açması Azərbaycanda Demokratiya və Rifahdır.

Bah. Biz də inandıq. Bu, açıq-aşkar Azərbaycan Demokratik Respublikasına işarədir. İşarə vururlar ki, Rəsulzadə bizimlədir! (Əslində Rəsulzadə bu dəqiqə heç bir qanada qoşulmur, rəhmətlik o tərəfdən mesaj göndərib ki, sizlərə baş qoşunca AXP üzvü olsam yaxşıdır). Məncə, prosesi daha geniş götürüb yeni hərəkatın adını ABŞ qoymaq da olardı. Guya Azərbaycanda Birliyin Şərtləri deməkdir.

Vallah. Kim-kimədir ey. El-oba demişkən, “dvijeniya” eləmək lazımdır. Motor, benzin heç vacib deyil, onsuz təpədən dığırlanırıq.

İndi söz bir daha Eldar müəllimindir. Get xəstəxananı aç, vərəmli insanlara zülm eləmə, uzun tortun burnundan gələr yoxsa.

Zamin Hacı/musavat
1333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 11:46