Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2014

“Xədicə xanımdan araşdırmalarına görə qisas aldılar”

Əli Kərimli: “lham Əliyev bütövlükdə Azərbaycanda Naxçıvan standartlarını bərqərar etməkdə israr edir”

AXCP sədri Əli Kərimli araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsilə bağlı açıqlama yayıb. Onun facebook səhifəsində yazdığını təqdim edirik:

İlham Əliyev bütövlükdə Azərbaycanda Naxçıvan standartlarını bərqərar etməkdə israr edir. Dünya miqyasında tanınmış, araşdırıcı jurnalist, Azərbaycan vətəndaş cəmiyyətinin ən fəal və prinspial nümayəndələrindən biri Xədicə İsmayılı da şərləyib həbs etdilər. Xədicə xanımı əslində çoxdan həbs etmək istəyirdilər. Hələ bu ilin fevralından onunla bağlı qurama bir cinayət işi başlamışdılar. Sonra absurd bir iddia ilə məhkəməyə də çəkdilər. Nəhayət, bu gün planlarını reallaşdırdılar. Cəmiyyət bilir ki, rejim niyə Xədicə xanıma düşmən kəsilib. Ona qarşı həyata keçirilən mənəvi terrorun da, bütün bu qurama cinayət işlərinin də səbəbi Xədicə xanımın apardığı jurnalist araşdırmalarıdır.

Xədicə xanım hakim ailə ilə bağlı bir çox ciddi korrupsiya araşdırmalarının müəllifidir. Rejim bu günə qədər də Xədicə xanımın ortaya çıxardığı korrupsiya faktlarını təkzib edə bilməyib. Amma əvəzində əlində olan bütün dövlət resurslarını, repressiya alətlərini bir xanıma qarşı səfərbər edib. Xədicə xanımın həbsi ondan araşdırmalarına görə qisas almaqdır. Amma bu həbs təkcə qisas deyil, həm də Azərbaycan cəmiyyətini susdurmaq təşəbbüslərinin davamıdır.
Bu həbslə Azərbaycan xalqı yenidən sınağa çəkilir. Rejimin radikal, aqressiv siyasətinə qarşı məhz millətin iradəsi dirəniş göstərməlidir. Heç nəyə baxmayaraq azadlıq və hüquqlarımız uğrunda mübarizəmiz davam edəcək. Xədicə xanımı da, digər siyasi məhbusları da sonuna qədər müdafiə edəcəyik.

Xədicə xanım həbs olunacağını təqribən bilirdi. Rejim onu həbs etmək niyyətinə düşdükdən sonra Xədicə xanım dəfələrlə xarici səfərlərdə oldu. Ona müxtəlif kanallarla məlumat çatdırırdılar ki, Bakıya qayıtmasın, xaricdə qalsın, qayıtsa, həbs olunacaq. Amma Xədicə xanım başının üzərindəki real həbs təhlükəsini bilə-bilə hər dəfə vətənə qayıdırdı, mübarizə meydanını tərk etmirdi. Hesab edirdi ki, xalqımızın burada ona ehtiyacı var. Bu ölkədə hüquqları əllərindən alınmış, şərlənərək həbs edilmiş insanlara, bütövlükdə sərvətləri talan edilən xalqımıza imkanı daxilində kömək olmaq istəyirdi.

Bu cəsur xanım azadlıq və ədalət uğrunda mübarizədən vaz keçmədiyi, biz azərbaycanlıların haqq səsini dünyaya duyurduğu, sərvətlərimizin talanını ifşa etdiyi, nəhayət, bu davadan qorxub çəkinmədiyi üçün deyə bilərik ki, həbsə aparan, lakin şərəfli yolu şüurlu şəkildə seçdi. Əminəm ki, bu xalqın cəsur övladları hələ çoxdur. Biz mübarizədən vaz keçməyəcəyik, tükənməyəcəyik, bütün çətinlikləri aşacağıq, nəinki siyasi məhbusların, hətta ölkəmizin və millətimizin də azadlığına nail olacağıq!/azadliq.info/
1254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi