Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

Bakının mərkəzində irigövdəli ağaclar məhv edilir – Fotolar

Bakıda daha bir “yaşıl soyqırımı” faktı qeydə alınıb. 

Paytaxtın ən ucqar yerlərində, eləcə də regionlarda vaxtaşırı ağacəkmə kampaniyalarının keçirildiyi, yaşıllıq zolaqlarının salındığı bir vaxtda Bakının lap mərkəzi hissəsində olan iri gövdəli ağaclar məhv edilir. Belə biabırçı hadisələr əsasən Xətai və Yasamal rayonlarında rast gəlinirdi. 

Bu dəfə isə Nəsimi rayonu ərazisində, Salatın Əsgərova (Təzə Bazarın yanında) küçəsində ağacların məhv edilməsi faktı qeydə alınıb. Məlum olub ki, həmin küçədəki iri gövdəli, nəhəng ağacların demək olar ki, hamısı kəsilib. Rayon icara hakimiyyətinin göstərişi ilə həyata keçirilən bu “qətliamın” ictimailəşməməsi üçün ağac kəsimi həmin küçənin asfalt örtüyünün yenilənməsi dövründə həyata keçirilib. Belə ki, həmin küçə təmirə bağlanıb və bundan sonra ağaclar kəsilib. Lakin ərazidə yaşayanların şikayətindən sonra AzNews.az-ın əməkdaşı hadisə yerinə gedib və bəzi görüntüləri çəkə bilib. 

Məlum olub ki, sırayla olan sayı dəqiq bilinməyən çoxlu iri gövdəli ağaclar kökündən kəsilərək məhv edilib. Onların əksəriyyətinin budaqları ərazidən daşınıb və gövdənin üstü asfaltlanıb. Cəmi bir neçə ağacın gövdəsi görünür. Bu da yəqin bir neçə gün ərzində tamamilə örtüləcək. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, hadisəylə bağlı onlarda hər-hansı bir məlumat yoxdur. 

Qeyd edək ki, bu ilin avqust ayında da Nəsimi rayonu ərazisində yaşıllıqların məhv edilməsi faktı qeydə alınmışdı. Rayonun 20 Yanvar küçəsində baş verən bu hadisəyə hətta Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva kəskin reaksiya göstərmişdi. Onun göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olub məhv edilən yaşıllıqların bərpasına başlanılmışdı./aznyus/




830 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber