Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2014

Luqanskda azərbaycanlıların obyektlərinə hücum olub

Ukraynanın Luqansk vilayətində silahlılar tərəfindən orda yaşayan azərbaycanlılara silahlı hücum olub, onlara məxsus ticarət obyektləri, restoranlar talan edilib.

Luqansk vilayətinin Lisiçansk şəhəri Azərbaycan Cəmiyyətinin sədri Təbriz Rəsulov açıqlamasında bildirib ki, ötən həftə yaraqlılar əvvəlcə ona məxsus ticarət obyektinə hücum edərək talan ediblər, işçiləri yaralayıb obyektin bütün əmlakını aparıblar.

Hadisə vaxtı özünün orada olmadığını bildirən T. Rəsulov bildirib ki, hücum zamanı ölən olmayıb, amma ona təqribən 200 min ABŞ dolları həcmində ziyan dəyib: “Bunun ardınca isə Luqanskın Leninski rayonunda azərbaycanlılara məxsus 4 restoran və kafeyə hücum olunaraq dağıdılıb. Orada çalışanlar arasında yaralananlar var”.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bu faktların səfirlik tərəfindən araşdırılacağını deyib: “Səfirlik vaxtında döyüş gedən bölgədə yaşayan azərbaycanlılara dəfələrlə müraciət edib ki, təhlükəli əraziləri tərk etsinlər. Əksəriyyət biznesini Xarkov və Odessaya köçürsə də, təəssüf ki, hələ də, əsasən Ukrayna vətəndaşı olan müəyyən azərbaycanlı iş adamları oranı tərk etmirlər. Deyirlər ki, biznesi ata bilmirlər. Ona görə də belə hadisələr baş verir. Biz yenə də tək Luqansk yox, bütün şərqdəki bölgələrdən azərbaycanlılarla bağlı bu faktları mütəmadi araşdırırıq. Onlara yenə müraciət edəcəyik ki, münaqişə zonasını tərk etsinlər”.
885 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber